Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-17/2025 05.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 10351,01 manat əsas borc, vəfat etdiyi tarixə 116,29 manat faiz borcu olmaqla, cəmi 10467,3 manat borcun, ödənilmiş 121,4 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Sabunçu filialı ilə X5 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 12000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 22 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 16 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 10351,01 manat əsas borcu, vəfat etdiyi tarixə 116,29 manat faiz borcu olmaqla, cəmi 10467,3 manat borcu qalmışdır. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 121,4 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, mərhum X5 onun anasıdır və o, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. İddiaçı bankdan isə krediti məhz öz xəstəliyinin müalicəsi ilə əlaqədar götürmüşdür. Lakin vəfat etdiyi tarixədək kredit ödənişlərini edib bitirə bilməmişdir. Sonradan o, anasının iş yerindən almalı olduğu əmək haqqı ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İş yerindən aldığı pul vəsaiti ilə isə anasının dəfn xərclərini ödəmişlər. Anasının ondan başqa övladı olmamış, anasının valideynləri anasından daha əvvəl vəfat etmiş, həmçinin, anası ölən zaman subay olmuşdur. Yəni, anası ölən zaman onun yeganə vərəsəsi qızı kimi o olmuşdur. Hazırda o ailə qurmuşdur və 3 uşağı var. Bildirdi ki, onun həmin kredit borcunu ödəyə bilməsi üçün imkanı yoxdur. Kredit borcundan da yalnız anasının vəfat etməsindən sonra xəbər tutmuşdur. Onun anası ilə münasibətləri soyuq olmuşdur. Mərhum anasının evi olmamışdır, bildiyinə görə, kirayədə yaşamışdır. Xalasından öyrəndiyinə görə, anasının qiymətli əşyası olmamışdır. Onun tələb olunan kredit borcunu ödəməyə imkanı olmamasının nəzərə alınmasını xahiş edir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia tələbini tam müdafiə etdiklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli, BPM**********50 nömrəli tam kart çərçivə müqaviləsindən və həmin müqavilənin 4.1.1.1-ci bəndinə əsasən verilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, bank borcalana 48 ay müddətinə illik 18 faiz ödənilməsi şərtilə 12000 manat məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan isə krediti və ona hesablanmış faizləri bu müqavilədə göstərilən şərtlərlə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. İşdə surəti olan 28 yanvar 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 11880 manat məbləğində pul borcalan X5 tərəfindən qəbul olunaraq məxaric edilmişdir. İşdə surəti olan AZ-İİ 193226 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 22 noyabr 2021-ci ildə ölmüşdür. İşdə surəti olan AZ-İV 490785 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü Cavabdeh atası X7, anası X4r. İşdə surəti olan reyestrdə 2V-454 nömrəsi ilə qeyd edilmiş 03 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 22 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: “Azneft” İstehsalat Birliyi “Neft daşları” NQÇİ-nin 05 yanvar 2022-ci il tarixli, 04-01/106 saylı məktubuna əsasən 1544,02 manat pul vəsaitindən ibarətdir. İşdə surəti olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X2 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 09 avqust 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir: ödənilməmiş əsas borc 10351,01 manat, vəfat etdiyi tarixə faiz borcu 116,29 manat, borc üzrə cəmi məbləğ 10467,3 manat. İşdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 09 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 09 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 121,4 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə kreditor olan iddiaçı ilə X6 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmamış, onun müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. X6 kredit ödənişlərini ödəyib bitirənədək 22 noyabr 2021-ci ildə vəfat etmiş, ondan miras qalan əmlaka dair vərəsəlik işi açılaraq 2V-454 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə üzrə yeganə vərəsə kimi (qanun üzrə) Cavabdeh tanınmış, o, “Azneft” İstehsalat Birliyi “Neft daşları” NQÇİ-nin 05 yanvar 2022-ci il tarixli, 04-01/106 saylı məktubuna əsasən 1544,02 manat pul vəsaitini mərhum Kəklik Sadayevadan miras qalmış əmlak kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən müddəalar onu göstərir ki, cavabdeh mərhum anasından miras qalmış əmlakı qəbul etdiyindən və bununla bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, o, mərhum anasının öhdəliklərinə görə onun kreditoru qarşısında məsuliyyət daşıyır. Cavabdeh məhkəmə iclasında anasının hər hansı qiymətli əşyasının olmadığını, anasından ona miras olaraq hər hansı qiymətli əşya qalmadığını və aralarındakı münasibətlərin soyuq olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlilləri onu ifadə etməyə yönəlmişdir ki, tələb olunan kredit borcu məbləği həcmində ona anasından hər hansı bir miras əmlak qalmamışdır. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, qanunverici MM-in 1307-ci maddəsində miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin (hazırkı halda cavabdehin) üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum Kəklik Sadayevadan qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da mərhum anasının borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin mərhum anasının kredit borcunu ödəməyə imkanının olmaması hazırkı halda iddia tələbinin rədd edilməsi üçün əsas kimi çıxış etmir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının mərhum Kəklik Sadayevaya 12000 manat məbləğində kredit verməsi, kredit məbləğinin Kəklik Sadayeva tərəfindən qəbul olunması, mərhum borcalanın iddiaçıya ödənilməmiş 10351,01 manat əsas və vəfat etdiyi tarixə 116,29 manat faiz borcunun qalması, mərhum Kəklik Sadayevadan miras qalmış əmlakı qanun üzrə vərəsə kimi cavabdehin qəbul etməsi, bu səbəblə də cavabdehin mərhumun öhdəliklərinə görə məsuliyyət daşımalı olması öz təsdiqini tapdığından, cavabdeh isə anasının borclarının mirasdan çox olduğunu təsdiq edən hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi təmin edilməli, 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10351,01 manat məbləğində əsas borc, 116,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 10467,3 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 121,4 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10351,01 manat məbləğində əsas borc, 116,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 10467,3 manat məbləğində pul vəsaiti, 121,4 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10351,01 manat məbləğində əsas borc, 116,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 10467,3 manat məbləğində pul vəsaiti, 121,4 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-17/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-17/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver