Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-194/2025 19.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Maraqlı şəxs qarşı “aliment məbləğinin indeksasiya edilməsi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin qətnaməsi ilə 04 mart 2011-ci il təvəllüdlü X3 və 16 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay hər uşaq üçün 150 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən ərizə yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddiaçının adından onun nümayəndəsi və vəkili Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində icra icraatı qaydasında ərizə ilə deyil, sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı tərəfindən skan olunaraq elektron kabinetə ərizə yerləşdirilmiş olsa da, iddiaçının elektron sənəd şəklində yerləşdirdiyi sənəd sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi olmuşdur. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı ilə dəyişiklik edilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Həmin Qərarın 8.4-3-cü bəndinə görə, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırda sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi şəklində verilmiş iddiadan onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasına yönəldiyi müəyyən edilir. Bu səbəbdən də bu məsələyə sadələşdirilmiş iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalı olduğundan, MPM-in 153.2.1-ci maddəsinə əsasən hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı tələb qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsi ilə bağlı olsa da, nə ərizənin tələb hissəsində, nə də ki, ərizənin məzmununda Qobustan Rayon Məhkəməsinin məhz hansı tarixli, hansı nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunmasının istənildiyi göstərilməmiş, eləcə də, həmin qətnamə ərizəyə əlavə olunmamışdır. Bununla yanaşı, ərizənin məzmununda Xəzər Rayon Məhkəməsinin 2(003)-2581/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən bəhs olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Maraqlı şəxs qarşı “aliment məbləğinin indeksasiya edilməsi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-194/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-194/2025
19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver