Məhkəmə qərarları › İş №e-2(026)-196/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-196/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-196/2025 07.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1280 manat sığorta ödənişi məbləğinin və 32,8 manat dövlət rüsumunun, cəmi 1312,8 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X4 arasında 13 iyun 2022-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Santafe” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 09 iyun 2023-cü il tarixdə “Hyundai Santafe” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Nissan Tiida” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı və “Honda Accord” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 1280 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin inzibati xəta haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYPİ-nin iddiaçıya təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi məbləğ 1280 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən cavabdehin ünvanına 17 may 2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək iddiaçıya ödənilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 19 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmiş, bu barədə bildiriş onun şəxsi elektron kabinetinə yerləşdirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdəki PAA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 13 iyun 2022-ci il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan müqavilə üzrə sığortaçı "xxxx" ASC, sığortalı X4, avtonəqliyyat vasitəsi “Hyundai” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdə surəti olan AD 744977 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinin sahibi X1r. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Bakı şəhər DYPİ bildirir ki, 09 iyun 2023-cü il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, X2 məxsus olan “Hyundai Santafe” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, sonra hadisə yerindən qaçmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin mülkiyyətində olan və X11 tərəfindən idarə olunan “Honda Accord” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X5 mülkiyyətində olan və X9 tərəfindən idarə olunan “Nissan Tiida” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan İXP ******* nömrəli, 21 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 09 iyun 2023-cü ildə saat 15:30-da **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İşdə surəti olan Bakı şəhər DYPİ-nin 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 09 iyun 2023-cü ildə saat 15:30-da “Hyundai Santafe” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. İşdə surəti olan hesablama aktından görünür ki, **-AB-*** dövlət qeydiyyat nişanlı, “Honda Accord” markalı nəqliyyat vasitəsinə ümumilikdə 250 manat məbləğində zərər dəymişdir. İşdə surəti olan hesablama aktından görünür ki, **-KS-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı nəqliyyat vasitəsinə ümumilikdə 1030 manat məbləğində zərər dəymişdir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 iyul 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 09 iyun 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus olan “Hyundai Santafe” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma zamanı X6 məxsus olan “Nissan Tiida” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X8 1030 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki 19 iyul 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X8 məxsus hesaba 1030 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 09 iyun 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus olan “Hyundai Santafe” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma zamanı “X3 (AZİNTELECOM)” MMC-yə məxsus olan “Honda Accord” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə “X3 (AZİNTELECOM)” MMC-yə 250 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki 20 noyabr 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X3 (AZİNTELECOM)” MMC-yə məxsus hesaba 250 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 17 may 2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilmişdir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 32,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən hazırkı halda Mülki Məcəllənin 936.1-ci və 936.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan onun törətdiyi müəyyən olunan İXM-in 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalardan göründüyü kimi, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə qəza törətdikdən sonra hadisə yerindən yayınmışdır. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxslərə 1030 manat və 250 manat olmaqla, ümumilikdə 1280 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş 1280 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1280 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,8 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1280 manat məbləğində pul və ödənilmiş 32,8 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar