Məhkəmə qərarları › İş №e-2(026)-197/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-197/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-197/2025 14.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19402,04 manat məbləğində əsas borc və 1255,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 20657,93 manat borcun və 151,97 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla borcalan Cavabdeh arasında bağlanmış 17 iyul 2024-cü il tarixli, 105804-839159/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə illik 16,5 % dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 18 fevral 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 19402,04 manat məbləğində əsas borc və 1255,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 20657,93 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə, gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, onun 17 iyul 2024-cü il tarixli kredit müqaviləsi üzrə tələb olunan məbləğdə iddiaçı banka kredit borcu mövcuddur. O, krediti götürdükdən sonra 2-3 ay müddətində kredit ödənişlərini etsə də, sonradan neft buruqlarında operator olaraq işlədiyindən güclü küləklərə görə işə çıxa bilməmiş, bu səbəblə də onun əmək haqqı məbləğində əksikliklər yaranmışdır. Bu hala görə o, iddiaçıya borcunu ödəməyə bilməmişdir. Həmçinin, bildirdi ki, onun başqa kreditlər üzrə də borcları var. O, iddianın təmin edilməsinə etiraz etmir, sadəcə xahiş edir ki, borcu hissə-hissə ödəyə bilməsi üçün ona köməklik edilsin. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında nümayəndə ilə təmsil oluna bilmir, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcək, həmçinin, borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də xahiş edir ki, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 iyul 2024-cü il tarixli, 105804-839159/1 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, müqaviləyə uyğun olaraq, bank borcalana 48 ay müddətinə, illik 16,5 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verir, borcalan isə həmin krediti qəbul edir və müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarır, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasının gecikdirildiyi üçün faizləri banka ödəyir. İşdə surəti olan 17 iyul 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 20000 manat məbləğində kredit məbləği Cavabdeh təqdim edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 17 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan İddiaçı ASC-nin 18 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bank ilə bağlanmış 17 iyul 2024-cü il tarixli, 105804-839159/1 nömrəli kredit müqaviləsinə əsasən 16,5 faiz dərəcəsi ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 18 fevral 2025-ci il tarixə borcalanın banka 19402,04 manat əsas borc və 1255,89 manat faiz borcu olmaqla, cəmi 20657,93 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 124 gün təşkil edir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 151,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında istehlak krediti müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, istehlak krediti müqaviləsi üzrə iddiaçının cavabdehə 20000 manat məbləğində kredit verməsi və cavabdehin həmin məbləğdə krediti qəbul etməsi, cavabdehin iddiaçıya ödənilməmiş 19402,04 manat əsas və 1255,89 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, cavabdeh də iddianı qəbul etdiyindən, iddia tələbi təmin edilməli, 17 iyul 2024-cü il tarixli, 105804-839159/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 19402,04 manat məbləğində əsas borc və 1255,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 20657,93 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 151,97 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 17 iyul 2024-cü il tarixli, 105804-839159/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 19402,04 manat məbləğində əsas borc və 1255,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 20657,93 manat məbləğində pul vəsaiti və 151,97 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin borcu hissə-hissə ödəyə bilməsi üçün ona köməklik edilməsi barədə xahişinə dair bildirir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmetinə aid deyil və cavabdeh həmin xahişlə qətnamənin icrası mərhələsində qanunla müəyyən edilmiş qaydada müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 iyul 2024-cü il tarixli, 105804-839159/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 19402,04 manat məbləğində əsas borc və 1255,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 20657,93 manat məbləğində pul vəsaiti və 151,97 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar