Məhkəmə qərarları › İş №e-2(026)-20/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-20/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-20/2025 22.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 507,33 manat, hesablanmış və ödənilməmiş faiz borcu 42,49 manat, cərimə borcu 53,66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, cəmi 605,48 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 may 2022-ci il tarixdə onunla Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2ci bəndinə əsasən, bankın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılmasını tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən, “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı bankın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını banka ödəmək vəzifəsini daşıyır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bugünədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən iddiaçıya оlan bоrcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 507,33 manat, hesablanmış və ödənilməmiş faiz borcu 42,49 manat, cərimə borcu 53,66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, cəmi borc 605,48 manat. İş materiallarından göründüyü kimi, kart limiti aktiv istifadə edilmişdir. Qobustan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2(026)-580/2024 saylı qərardadı ilə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun nümayəndəsinin məhkəmə baxış iclasında iştirakının təmin olunması mümkün olmayacaqdır, iddianı tam müdafiə edirlər və iddia tələbi ilə əlaqədar sənədlər elektron məhkəmə sistemində olan elektron kabinetə əlavə edilmişdir. Ona görə də iddiaçı məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan borcverən “X1 Azərbaycan” QSC ilə müştəri (kart sahibi) Cavabdeh arasında bağlanmış 13 may 2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.3-cü, 4.15.1-ci, 4.15.3-cü və 4.27-ci bəndlərindən görünür ki, bu müqaviləyə əsasən bank 5 il müddətinə 500 manat məbləğində kart sahibinə kredit kartı limitini (kredit xətti) açır. Kart sahibi isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürür. Bank tərəfindən kart sahibi üçün kart üzrə müəyyən edilmiş istifadə limitinin 10 faizi həcmində limiti aşma (keçmə) imkanı verilir. Nağd pul vəsaitinin alınması (çıxarılması) faizi illik 22 faiz (platinum kart üçün illik 21 faiz) təşkil edir. Kart sahibi hesab çıxarışında (bildirişində) müəyyən edilən son ödəniş tarixinədək dövr borcunun hesab çıxarışında göstərilən minimum məbləğdən az ödəniş etdiyi təqdirdə, minimum məbləğin ödənilməyən hissəsi üçün hesab faktura tarixindən son ödəniş tarixinədək bu müqavilə üzrə müəyyən edilən alğı-satqı faizini və son ödəniş tarixindən etibarən gecikmə (cərimə) faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Gecikmə (cərimə) faizi illik 40 faiz təşkil edir. Ödənişlərdə gecikməyə yol vermiş borcluya müvafiq borc məbləğinin ödənilməsini bildirmək məqsədilə bank tərəfindən göndərilən hər bir bildiriş olduqda 2 manat məbləğində komissiya haqqı tətbiq edilir. İşdə surəti olan 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 13 may 2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən ona 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh “X1 Azərbaycan” QSC-yə hazırda borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə borc 507,33 manat, hesablanmış və ödənilməmiş faiz borcu 42,49 manat, cərimə borcu 53,66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, cəmi borc 605,48 manat. İşdən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh 30 sentyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. İşdə surəti olan 24 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə kredit öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, iddiaçının cavabdeh üçün həqiqətən də 500 manat məbləğində kredit kartı limiti (kredit xətti) ayırması, müqavilə üzrə kredit limitinin 10 faiz həcmində aşılmasına imkan verilməsi, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımınca icra olunmaması, pretenziya bildirişinin göndərilməsinə görə cavabdehin komissiya borcu ödəməyə razılıq verməsi, cavabdehin iddiaçıya 507,33 manat məbləğində əsas, 42,49 manat məbləğində faiz və 2 manat məbləğində komissiya borcunun olması öz təsdiqini tapdığından, iddia tələbi əsas, faiz və komissiya borcuna dair hissələrdə tam təmin olunmalı, cavabdehdən 13 may 2022-ci il tarixli müqavilə üzrə 507,33 manat məbləğində əsas borc, 42,49 manat məbləğində faiz borcu, 2 manat məbləğində komissiya borcu tutularaq iddiaçıya ödənilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, tələb olunan cərimənin məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda əsas borcun məbləğinin 507,33 manat olduğunu nəzərə alan məhkəmə MM-in 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimənin azaldılmalı olduğunu bildirir və iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimənin məbləğinin 30 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməli, cavabdehdən 30 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi cərimə borcuna dair qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas və faiz borcuna dair hissələrdə tam təmin edildiyindən, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13 may 2022-ci il tarixli müqavilə üzrə 507,33 manat məbləğində əsas borc, 42,49 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, 2 manat məbləğində komissiya borcu olmaqla, cəmi 581,82 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 may 2022-ci il tarixli müqavilə üzrə 507,33 manat məbləğində əsas borc, 42,49 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, 2 manat məbləğində komissiya borcu olmaqla, cəmi 581,82 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar