Məhkəmə qərarları › İş №e-2(026)-225/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-225/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-225/2022 19.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, cavabdeh X2 iştirakı ilə iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı 4458 manat əsas, 576,13 manat faiz, 326,33 manat cərimə borcu, 4,80 manat xidmət haqqı olmaqla, cəmi 5365,26 manat və 73,65 manat dövlət rüsumunun “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 qarşı 4458 manat əsas, 576,13 manat faiz, 326,33 manat cərimə borcu, 4,80 manat xidmət haqqı olmaqla, cəmi 5365,26 manat və 73,65 manat dövlət rüsumunun “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 19 sentyabr 2018-cü ildə «X6 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4500.00 manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X6 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehdən 4458 manat əsas, 576,13 manat faiz, 326,33 manat cərimə borcu, 4,80 manat xidmət haqqı olmaqla, cəmi 5365,26 manat və 73,65 manat dövlət rüsumunun “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QSC məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 iddianı qəbul edərək izahat verərək göstərdi ki, “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu işdən çıxdığı üçün ödəyə bilməmişdir. Hazırda işləyir və banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən cərimə borcunun azaldılmasına köməklik göstərməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib və işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, 19 sentyabr 2018-cü ildə «X6 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 4500,00 manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X6 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. “X6 Azərbaycan” QSC-nin 19 sentyabr 2018-cü il tarixli 273266 saylı kredit müqaviləsindən görünür ki, bankla X4 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən X3 4500 manat məbləğində kredit verilmişdir. “X6 Azərbaycan” QSC-nin 04 mart 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun və zaminin əmlak mənafelərini, banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 19 sentyabr 2018-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 326,33 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir. Dəbbə pulunun 100 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 4458 manat əsas, 576,13 manat faiz, 100 manat cərimə borcu, 4,80 manat xidmət haqqı və 73,65 manat dövlət rüsumu tutulub “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 4458 manat əsas, 576,13 manat faiz, 100 manat cərimə borcu, 4,80 manat xidmət haqqı və 73,65 manat dövlət rüsumu tutulub “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar