Məhkəmə qərarları › İş №e-2(026)-226/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-226/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-226/2025 23.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 11500 manat məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 124,5 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, 21 iyul 2023-cü il tarixdə Cavabdeh oğlu tərəfindən sürücülük vəsiqəsi, etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə olunan “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi talama məqsədi olmadan qanunsuz ələ keçirilib idarə edilərək yol-nəqliyyat hadisəsi törədilmişdir. İş materiallarına əlavə edilmiş **********0 nömrəli sığorta müqaviləsindən çıxarışdan və 133458 saylı sığorta aktından görünür ki, “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində 14 aprel 2023-cü ildən 13 aprel 2024-cü ilə qədər müddətdə, avtomobilin sığorta dəyəri 18500 manat, azadolma məbləği 500 manat olmaqla könüllü sığorta müqaviləsi növündə (kasko sığorta) sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş və təqdim edilmiş qüsur aktına əsasən, sığortalanmış “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri və servis xidməti olmaqla, ümumilikdə 15775 manat ziyan dəymişdir. Yəni avtomobil tam məhv olmuşdur. Bu həmçinin Binəqədi Rayon Məhkəməsinin hökmü ilə də təsdiq edilir. İş materiallarına əlavə edilmiş sığorta aktından da göründüyü kimi, tam məhv olma halında avtomobilin sığorta məbləğindən, yəni 18500 manatdan 500 manat azadolma məbləği və avtomobilin qalıq hissələrinin dəyəri olan 6500 manat məbləğ çıxıldıqdan sonra sığorta ödənişinin məbləği 11500 manat olmuşdur. 21 oktyabr 2024-cü il tarixli, 12430 nömrəli ödəniş tapşırığından görünür ki, 11500 manat sığorta ödənişi sığortalı "xxxx" MMC-nin hesabına ödənilmişdir. Hadisə zamanı Cavabdeh oğlu sığortalanmış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi, etibarnaməsi olmadan habelə, sərxoş vəziyyətdə idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə də, nəqliyyat vasitəsinə maddi zərər vurulmasına səbəb olmuşdur. İddiaçının subroqasiya hüququ yarandığı üçün ödənilmiş sığorta ödənişi cavabdeh tərəfindən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(001)-468/2024-cü il tarixli hökmünə əsasən, Cavabdeh oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmuş, yuxarıda sadalanan pozuntulardan əlavə, hadisə zamanı sürət həddini aşaraq maksimum müəyyən edilən 60 km/saat sürət hədli yolda 130 km/saat sürətlə hərəkət etmişdir. Cavabdeh məhkəmənin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilmişdir. Sözügedən şəxsə yazılı müraciət (pretenziya) göndərilməsinə baxmayaraq, ödəniş edilməmişdir. Ona görə də 11500 manat pul Cavabdeh oğlundan iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra iddia ərizəsinin surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh təqdim edilməsi üçün həmin orqana göndərilmiş, həmin iddia ərizəsinə münasibətdə Cavabdeh yazılı etiraz və ya mülahizələrinin alınaraq Qobustan Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin 19 may 2025-ci il tarixli məktubundan görünür ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh məhkəmə bildirişi və iddia ərizəsinin surətləri təqdim edilmişdir. Məhkum Cavabdeh həmin iddia ərizəsi ilə bağlı hər hansı yazılı etiraz və ya mülahizənin verilməsindən imtina etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında uzaq məsafə və icraatdakı işlərin çoxluğu səbəbindən iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 aprel 2023-cü ildən 13 aprel 2024-cü ilədək müddətə İddiaçı Sığorta Şirkəti ASC-də könüllü qaydada sığortalanmışdır. Avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə ümumi sığorta məbləği 18500 manat, şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. İşdə surəti olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi RPİ-nin İstintaq şöbəsi bildirir ki, 21 iyul 2023-cü il tarixdə, saat 00:30 dəqiqədə Bakı-Sumqayıt şossesində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, "xxxx" MMC-yə məxsus “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə idarə etmişdir. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(001)-468/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 21 iyul 2023-cü il tarixdə, saat 03 radələrində sərxoş vəziyyətdə usta köməkçisi işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən avtomobil təmiri sexində "xxxx" MMC-nin mülkiyətində olmaqla, lizinq müqaviləsi əsasında aylıq ödənişlər etməklə 05 may 2023-cü il tarixli, 281/A.T-OUT nömrəli etibarnamə əsasında müvəqqəti idarə etmək hüququ verilən X5 və onun oğlu X6 tərəfindən təmir üçün saxladıqları “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə avtomobilin açarlarını götürməklə mühərriki işə salıb həmin vaxt orada olan qohumluq münasibətlərində olduğu cinayətdən xəbərsiz X3 onunla birlikdə avtomobildə sərnişin qismində getməsini xahiş edib buna nail olduqdan sonra, avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyib sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili Bakı-Sumqayıt şossesində yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 130 km/saat sürətlə idarə edərək həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara riayət etməmiş, Bakı-Sumqayıt şossesindən Biləcəri qəsəbəsi istiqamətinə köməkçi yola daxil olub qarşısında hərəkətdə olan X7 idarə etdiyi “BMW 328” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşduqdan sonra idarəetməni itirib hasara vuraraq yararsız hala salmış, nəticədə ehtiyatsızlıqdan “BMW 328” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 başın tüklü hissəsində ənsə nahiyəsinin mərkəzinə yaxın sağ yarısının cərrahi tikişli əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməsinə, idarə etdiyi avtomobildə olan zərərçəkmiş X1 mil sinirinin postravmatik nevriti ilə müşayiət olunan sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 15775 manat məbləğində xeyli miqdarda maddi ziyan və zərərçəkmiş şəxslər X5 və X4 isə uzun müddət avtomobildən istifadə etmək hüququndan məhrum olmasına səbəb olan ziyan vurmaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 1(001)-468/2024 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 04 sentyabr 2024-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşdə surəti olan 01 avqust 2023-cü il tarixli ilkin qüsur aktından görünür ki, “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər aşağıdakı kimidir: 12690 manat ehtiyat hissələrinin cəmi, 3085 manat servis xidmətinin cəmi olmaqla, ümumilikdə 15775 manat. İş materiallarına əlavə edilmiş tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi ilə bağlı protokoldan görünür ki, “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hissələrinin sığorta hadisəsi baş verdikdən sonra qalıq dəyəri 6500 manat təşkil edir. İşdə surəti olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 133458 nömrəli sığorta aktından görünür ki, 21 iyul 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus olan və İddiaçı Sığorta Şirkəti ASC-də kasko sığorta ilə sığortalanmış “X12” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın ümumi məbləği 15775 manat təşkil edir. Buna görə də sığorta məbləğindən (18500 manat) qalıq dəyəri (6500 manat) və azadolma məbləği (500 manat) çıxılmaqla 11500 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülməlidir. İşdə surəti olan 21 oktyabr 2024-cü il tarixli, 12430 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 133458 saylı sığorta aktına əsasən "xxxx" MMC-yə məxsus hesaba 11500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdə surəti olan 10 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 124,5 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC-yə məxsus “X12” markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 aprel 2023-cü ildən 13 aprel 2024-cü ilədək müddətə İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi üzrə sığortalanmış, sığorta məbləği 18500 manat, şərtsiz azadolma məbləği isə 500 manat müəyyən edilmişdir. Lakin sözügedən avtomobilin təmir üçün verildiyi sexdə usta köməkçisi olaraq çalışan Cavabdeh avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi və sürücülük vəsiqəsi olmadan icazəsiz götürməklə 21 iyul 2023-cü il tarixdə, saat 03 radələrində sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətmiş, bu hadisə nəticəsində avtomobilə dəymiş zərərin ümumi məbləği 15775 manat qiymətləndirilmiş, bununla da 18500 manat sığorta məbləğində dəyərləndirilən avtomobilin tam məhv olması halı baş vermiş, avtomobilin qalıq hissələri 6500 manat qiymətləndirilməklə iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı sığorta məbləğindən (18500 manatdan) azadolma məbləğini (500 manatı) və avtomobilin qalıq hissələrinin dəyərini (6500 manatı) çıxmaqla avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə 11500 manat məbləğində sığorta ödənişi etmişdir. İşin qeyd olunan halları iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla tam olaraq öz təsdiqini tapır. Cavabdehin iddiaya münasibət bildirilməsi üçün onun cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinə iddia ərizəsinin surəti göndərilmiş olsa da, cavabdeh iddiaya münasibət bildirməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarını onlara tətbiq edilməli olan maddi hüquq normalarına uyğun olaraq qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.3-cü maddəsinə əsasən, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda, könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Mülki Məcəllənin 898.4-cü maddəsinə əsasən, şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Həmin Məcəllənin 925.6-cı maddəsinə əsasən, əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ““Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında” 23 sentyabr 2014-cü il tarixli qərarının 33.2.2-ci bəndində avtomobilin tam məhv olması dedikdə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsinin başa düşüldüyü qeyd edilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Göründüyü kimi, "xxxx" MMC-nin zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ müəyyən edilmiş sığorta məbləğindən (18500 manatdan) azadolma məbləğini (500 manatı) və avtomobilin qalıq hissələrinin dəyərini (6500 manatı) çıxmaqla avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə 11500 manat məbləğində sığorta ödənişi etmiş sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə etdiyi ödəniş həcmində keçmişdir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 11500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 124,5 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 11500 manat məbləğində pul, 124,5 manat məbləğində ödənilmiş dövlət rüsumu və 1 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 11500 manat məbləğində pul, 124,5 manat məbləğində ödənilmiş dövlət rüsumu və 1 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar