Məhkəmə qərarları › İş №e-2(026)-252/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-252/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-252/2025 14.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 19385,69 manat, faiz məbləği üzrə 1278,95 manat, cərimə məbləği üzrə 71,3 manat, cəmi 20735,94 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 152,2 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 iyul 2024-cü il tarixdə onunla Cavabdeh arasında 304068 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 20000 manat məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 14 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bugünədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən iddiaçıya olan borcu əsas məbləğ üzrə 19385,69 manat, faiz məbləği üzrə 1278,95 manat, cərimə məbləği üzrə 71,3 manat, cəmi borc 20735,94 manat məbləğində təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, həqiqətən də, iddiaçı bankdan 17 iyul 2024-cü il tarixli kredit müqaviləsi üzrə 48 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit götürmüşdür. Lakin sonra şəxsi həyatındakı problemlər səbəbindən borcunu qaytara bilməmişdir. O, iddia ərizəsi ilə tanış olmuşdur və iddia tələbini tam şəkildə qəbul edir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan “X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 iyul 2024-cü il tarixli, 304068 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə uyğun olaraq, bank borcalana 48 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə banka qaytarmağı öhdəsinə götürür. İşdə surəti olan “X1 Azərbaycan” QSC-nin 18 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanılmış 17 iyul 2024-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana 20000 manat məbləğində kredit verilmişdir. 18 mart 2025-ci il tarixinə borclunun gecikmə günü 148 gün təşkil edir. Borcalanın “X1 Azərbaycan” QSC-yə 18 mart 2025-ci il tarixinə borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə 19385,69 manat, faiz məbləği üzrə 1278,95 manat, cərimə məbləği üzrə 71,3 manat, cəmi borc 20735,94 manat. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 fevral 2025-ci il tarixli pretenziya bildirişi göndərilmişdir. İşdə surəti olan 18 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 152,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 20000 manat məbləğində kredit verməsi və cavabdehin həmin məbləğdə krediti qəbul etməsi, cavabdehin iddiaçıya ödənilməmiş 19385,69 manat əsas və 1278,95 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikməyə görə cərimə tələb etmək hüququ olduğundan və tələb edilən cərimə borcu məbləğinin əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək olmaması müəyyən edildiyindən, cavabdeh də iddianı qəbul etdiyindən, iddia tələbi təmin edilməli, 17 iyul 2024-cü il tarixli, 304068 saylı kredit müqaviləsi üzrə 19385,69 manat məbləğində əsas borc, 1278,95 manat məbləğində faiz borcu, 71,3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20735,94 manat məbləğində kredit borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 152,2 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 17 iyul 2024-cü il tarixli, 304068 saylı kredit müqaviləsi üzrə 19385,69 manat məbləğində əsas borc, 1278,95 manat məbləğində faiz borcu, 71,3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20735,94 manat məbləğində kredit borcu və 152,2 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 iyul 2024-cü il tarixli, 304068 saylı kredit müqaviləsi üzrə 19385,69 manat məbləğində əsas borc, 1278,95 manat məbləğində faiz borcu, 71,3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20735,94 manat məbləğində kredit borcu və 152,2 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar