Məhkəmə qərarları › İş №e-2(026)-253/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-253/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-253/2025 14.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsinə əsasən 4312,56 manat əsas, 752,14 manat faiz, cəmi 5064,7 manat məbləğində borcun, 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı kredit kartına dair müqaviləyə əsasən 296,43 manat əsas, 70,77 manat faiz, cəmi 367,2 manat borcun və ödənilmiş 74,32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27,6 faiz dərəcəsi ilə 4900 manat məbləğində kredit verilmişdir. Kreditin online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, filialdan nağd qaydada əldə edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı debet kart müqaviləsinə əsasən ona debet kart verilmişdir. İddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair 21 iyun 2023-cü il tarixli əlavə razılaşmaya əsasən kredit xəttinin yeni məbləği 350 manat müəyyən olunmuşdur. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin 10 mart 2025-ci il tarixə iddiaçıya 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsinə əsasən 4312,56 manat əsas, 752,14 manat faiz, cəmi 5064,7 manat borcu, 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı kredit kartına dair müqaviləyə əsasən 296,43 manat əsas, 70,77 manat faiz, cəmi 367,2 manat borcu yaranmışdır. Bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər təqdim edilmişdir, iddia ərizəsi tam əsaslı və qanunidir. İddiaçı işə onun iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı Birbank Cashbank debet kart müqaviləsindən və həmin müqavilə üzrə 21 iyun 2023-cü ildə bağlanmış kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmadan görünür ki, bu müqaviləyə görə bank müştəriyə Birbank Cashbank debet ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Müqavilə üzrə kredit xəttinin yeni məbləği 350 manat müəyyən olunmuşdur. İllik faiz dərəcəsi taksit əməliyyatları üzrə 0 faiz, qeyri-taksit əməliyyatları üzrə isə 25 faiz təşkil edir. İşdə surəti olan balansdankənar məxaric orderindən görünür ki, yuxarıda göstərilən müqaviləyə uyğun olaraq bir ədəd plastik kart 28 sentyabr 2022-ci ildə Cavabdeh təhvil verilmişdir. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında elektron qaydada bağlanmış 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsindən görünür ki, bank bu müqavilənin şərtlərinə uyğun olaraq müştəriyə 35 ay müddətinə, illik 27,6 faiz ödənilməsi şərtilə 4900 manat məbləğində istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. İşdə surəti olan 26 yanvar 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 26 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə 4900 manat məbləğində pul borcalan Cavabdeh hesabına köçürülmüş və onun tərəfindən qəbul edilmişdir. İşdə surəti olan 11 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh 10 mart 2025-ci il tarixə İddiaçı ASC-yə 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsi üzrə 4312,56 manat əsas, 752,14 manat faiz, cəmi 5064,70 manat məbləğində borcu, 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı kredit kartına dair müqaviləyə əsasən 296,43 manat əsas, 70,77 manat faiz, cəmi 367,2 manat borcu vardır. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 08 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 74,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi və kredit xəttinin ayrılması üzrə öhdəlik münasibətləri yaranmış, lakin həmin müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı müqavilə bağlanan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 746.1-ci maddəsinin tərəflər arasında 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsi bağlanan zaman qüvvədə olan mətninə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən müvafiq hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı Birbank Cashbank debet kart müqaviləsi və həmin müqavilə üzrə 21 iyun 2023-cü ildə bağlanmış kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma üzrə iddiaçının cavabdehə 350 manat məbləğində kredit xətti ayırması, cavabdehin həmin kredit xəttindən istifadə etməsi, cavabdehin həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş 296,43 manat əsas və 70,77 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, eləcə də, 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 4900 manat məbləğində kredit verməsi və cavabdehin həmin məbləğdə krediti qəbul etməsi, cavabdehin həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş 4312,56 manat əsas və 752,14 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, cavabdeh də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia tələbi təmin edilməli, 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı müqavilə üzrə 296,43 manat məbləğində əsas borc və 70,77 manat məbləğində faiz borcu olmaqla, cəmi 367,2 manat məbləğində pul vəsaiti, 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsi üzrə 4312,56 manat məbləğində əsas borc və 752,14 manat məbləğində faiz borcu olmaqla, cəmi 5064,7 manat məbləğində pul vəsaiti, ümumilikdə 5431,9 manat məbləğində kredit borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 74,32 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı müqavilə üzrə 296,43 manat məbləğində əsas borc və 70,77 manat məbləğində faiz borcu olmaqla, cəmi 367,2 manat məbləğində pul vəsaiti, 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsi üzrə 4312,56 manat məbləğində əsas borc və 752,14 manat məbləğində faiz borcu olmaqla, cəmi 5064,7 manat məbləğində pul vəsaiti, ümumilikdə 5431,9 manat məbləğində kredit borcu və 74,32 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28 sentyabr 2022-ci il tarixli, BRCB6785236A172 saylı müqavilə üzrə 296,43 manat məbləğində əsas borc və 70,77 manat məbləğində faiz borcu olmaqla, cəmi 367,2 manat məbləğində pul vəsaiti, 26 yanvar 2024-cü il tarixli, GTKR6015345B172 saylı kredit müqaviləsi üzrə 4312,56 manat məbləğində əsas borc və 752,14 manat məbləğində faiz borcu olmaqla, cəmi 5064,7 manat məbləğində pul vəsaiti, ümumilikdə 5431,9 manat məbləğində kredit borcu və 74,32 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar