Məhkəmə qərarları › İş №e-2(026)-279/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-279/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-279/2025 23.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit müqaviləsinə əsasən 233,99 manat əsas, 43,49 manat faiz, cəmi 277,48 manat borcun, 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsinə əsasən 3610,05 manat əsas, 380,12 manat faiz, cəmi 3990,17 manat, ümumilikdə 4267,65 manat borcun və 62,68 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 534 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə illik 22,8 faiz dərəcəsi ilə 4237 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin 07 aprel 2025-ci il tarixə İddiaçı ASC-yə 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit müqaviləsinə əsasən 233,99 manat əsas, 43,49 manat faiz, cəmi 277,48 manat borcu, 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsinə əsasən 3610,05 manat əsas, 380,12 manat faiz, cəmi 3990,17 manat, ümumilikdə 4267,65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 10 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında bağlanmış 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit və hesab müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank illik 27 faiz dərəcəsi ilə 534 manat məbləğində müştəriyə istehlak məqsədləri üçün bərpa olunan kredit xətti ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması üzərindən satıcı-partnyor şirkətlərin mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəyir. Kreditdən istifadə müddəti müqavilə imzalandığı tarixdən 36 ay, kredit müqaviləsinin müddəti isə 59 ay müəyyən edilmişdir. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında elektron qaydada bağlanmış 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsindən görünür ki, bank bu müqavilənin şərtlərinə uyğun olaraq müştəriyə 59 ay müddətinə, illik 22,8 faiz ödənilməsi şərtilə 4237 manat məbləğində istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. İşdə surəti olan hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsi əsasında 4237 manat məbləğində kredit vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. İşdə surəti olan 07 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh 07 aprel 2025-ci il tarixə İddiaçı ASC-yə 15 iyul 2023cü il tarixli, BUMM2445634B299 saylı kredit müqaviləsi üzrə 233,99 manat əsas, 43,49 manat faiz, cəmi 277,48 manat məbləğində borcu, 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsinə əsasən 3610,05 manat əsas, 380,12 manat faiz, cəmi 3990,17 manat, ümumilikdə 4267,65 manat borcu vardır. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 08 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 62,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit xəttindən istifadə və kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin həmin öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilələr üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit və hesab müqaviləsi üzrə iddiaçının cavabdehə 534 manat məbləğində kredit xətti ayırması və cavabdehin həmin kredit xəttindən istifadə etməsi, həmin müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 233,99 manat əsas və 43,49 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından, eyni zamanda, 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 4237 manat məbləğində kredit verməsi və həmin məbləğin cavabdehin hesabına köçürülməsi, həmin müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 3610,05 manat əsas və 380,12 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından, cavabdeh də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia tələbi təmin edilməli, 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit və hesab müqaviləsi üzrə 233,99 manat məbləğində əsas borc və 43,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 277,48 manat məbləğində borc; 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsi üzrə 3610,05 manat məbləğində əsas borc və 380,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 3990,17 manat məbləğində borc olmaqla, ümumilikdə 4267,65 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 62,68 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15 iyul 2023-cü il tarixli, BUMM2445634B299 saylı kredit və hesab müqaviləsi üzrə 233,99 manat məbləğində əsas borc və 43,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 277,48 manat məbləğində borc; 15 iyul 2023-cü il tarixli, GTKR2443420B299 saylı kredit müqaviləsi üzrə 3610,05 manat məbləğində əsas borc və 380,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 3990,17 manat məbləğində borc olmaqla, ümumilikdə 4267,65 manat məbləğində borc və 62,68 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar