Məhkəmə qərarları › İş №e-2(026)-320/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-320/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-320/2024 16.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə 30 may 2024-cü ildə məhkəməyə müraciət edərək, mərhum X2 İddiaçı QSC BOKT-yə 871 saylı kredit müqaviləsi üzrə olan 3993,27 manat əsas borcun, 6869,88 manat faiz borcunun, cəmi 10863,15 manat borc məbləğinin varisi Cavabdeh tutulması, borc tələbinin ipoteka qoyulmuş mərhum X2 varisi olan Cavabdeh məxsus Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən 54 saylı fərdi yaşayış evinə 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 20000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan 10863,15 manat kredit borcunun və 122,59 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC BOKT ilə X6 arasında bağlanmış 24 iyul 2015-ci il tarixli, 871 saylı kredit müqaviləsinə əsasən X3 heyvandarlığın inkişafı məqsədilə illik 20 faizlə 30 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi mərhum X3 məxsus Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən 54 saylı fərdi yaşayış evi 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC BOKT-nin Şamaxı filialı ilə ipoteka qoyan arasında 27 iyul 2015-ci il tarixli, 871 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nin Şamaxı filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X6 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndlərinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Qobustan RİHB-nin Qobustan şəhəri üzrə nümayəndəliyinin 06 mart 2024-cü il tarixli arayışına əsasən Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən 54 saylı fərdi yaşayış evində yaşayan İsmailov X5 Sabir Əşrəf oğlu vəfat etdikdən sonra varisi olmuşdur. X2 10 may 2024-cü il tarixə İddiaçı QSC BOKT-yə 24 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3993,27 manat əsas borc, 6869,88 manat faiz borcu, cəmi 10863,15 manat borcu yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Qobustan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 54 saylı ev və 0,06 ha torpaq sahəsi yoxdur. Bu arqumentlə bağlı iddiaçı məhkəməyə heç bir çıxarış təqdim etməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair heç bir sənəd yoxdur. O, mərhum atası Sabir İsmayılovun vərəsəsi deyil. İddiaçının Qobustan RİHB-nin Qobustan şəhəri üzrə nümayəndəliyindən aldığı 06 mart 2024-cü il tarixli arayış əsasında ona vərəsə deyilməsi qanunsuzdur. Həmin arayışda yalnız qeyd olunmuşdur ki, o, həmin evdə qeydiyyatdadır. Qeydiyyatda olma isə mülkiyyət hüququnu və yaxud vərəsəlik hüququnu təsdiq etmir. Əksinə, iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin 07 mart 2024-cü il tarixli, 660 saylı arayışına əsasən X2 vərəsələrinin dairəsi barədə məlumat aşkar edilməmişdir. İddianın əsassızlığına və qanunsuzluğuna dair əsas arqument isə iddia müddətinin ötürülməsi ilə bağlıdır. Belə ki, kredit müqaviləsinin bağlanma tarixi 24 iyul 2015-ci ildir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit müqaviləsinin müddəti 30 aydır. Göründüyü kimi, götürülmüş kredit məbləği 24 iyul 2015-ci il tarixdən 30 ay müddətində, konkret olaraq isə 24 yanvar 2018-ci il tarixinədək qaytarılmalı idi. Yəni iddiaçının hüquqlarının pozulduğu vaxt 24 yanvar 2018-ci ildir. İddiaçı 24 yanvar 2018-ci il tarixdən 3 il müddətində, daha dəqiq, 24 yanvar 2021-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Halbuki, məhkəməyə müraciət edilməsi tarixi 30 may 2024-cü ildir. Göründüyü kimi, artıq 3 ildən artıq müddətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim edərək bildirmişdir ki, kredit müqaviləsinin bağlanma tarixi 24 iyul 2015-ci ildir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit müqaviləsinin müddəti 30 aydır. Göründüyü kimi, götürülmüş kredit məbləği 24 iyul 2015-ci il tarixdən 30 ay müddətində, konkret olaraq isə 24 yanvar 2018-ci il tarixinədək qaytarılmalı idi. Yəni iddiaçının hüquqlarının pozulduğu vaxt 24 yanvar 2018-ci ildir. İddiaçı 24 yanvar 2018-ci il tarixdən 3 il müddətində, daha dəqiq, 24 yanvar 2021-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Halbuki, məhkəməyə müraciət edilməsi tarixi 30 may 2024-cü ildir. Göründüyü kimi, artıq 3 ildən artıq müddətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona görə də o, iddia müddətinin tətbiq edilməsini, iddia müddətinin keçməsi nəzərə alınaraq, İddiaçı QSC BOKT-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2(026)-320/2024 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(026)-320/2024 saylı qərardadı ilə şikayət təmin olunmuş, Qobustan Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2(026)-320/2024 saylı qərardadı ləğv edilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı QSC BOKT şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2(026)-320/2024 saylı qərardadı ilə İddiaçı QSC BOKT-nin Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(026)-320/2024 saylı qərardadından verdiyi şikayət təmin olunmamış, şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(105)-1669/2024 saylı qərardadı ilə İddiaçı QSC BOKT-nin Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 269, 396.1, 362, 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Qobustan Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(026)-320/2024 saylı qərardadı ilə Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e- 2(026)-320/2024 saylı qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra, məhkəmənin baxış iclası 16 dekabr 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı QSC BOKT “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndənin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsi ilə əlaqədar 16 dekabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının təxirə salınmasını və başqa tarixə keçirilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2024-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddiaçının təxirə salınma ilə bağlı vəsatətinin təmin edilməməsini və etirazda göstərdiyi xüsusatlar əsasında və ən əsası da iddia müddətinin tətbiq edilməsi barədə ərizəni tətbiq edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasının təxirə salınmasına dair vəsatətini əsaslı hesab etmir və bildirir ki, iddiaçı məhz hansı üzrlü səbəbdən məhkəmə iclasında nümayəndəsinin iştirak edə bilməməsini qeyd etməmiş və bununla bağlı sübut təqdim etməmişdir. Bundan əlavə, iş materiallarının təhlili nəticəsində də iddiaçının həmin vəsatətinin hazırki işin baxılmasının yubadılmasına yönəldiyini müəyyən etmək olur. Ona görə də məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, ona etirazı və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan borcverən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə borcalan X6 arasında bağlanmış 24 iyul 2015-ci il tarixli, 871 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borcverən borcalana 30 ay müddətinə illik 20 faiz ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. İşdə surəti olan İddiaçı SKT-nin 29 iyul 2015-ci il tarixli, 01 nömrəli məxaric orderindən görünür ki, 10000 manat məbləğində kredit vəsaiti 29 iyul 2015-ci ildə X6 tərəfindən qəbul edilmişdir. İşdə surəti olan MH ******* seriya nömrəli, ********* qeydiyyat nömrəli, qeydiyyat tarixi 30 aprel 2007-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qobustan rayonu, Mərəzə qəsəbəsi, Heydər Əliyev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 90,3 kv.m yaşayış, 127,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan ipoteka saxlayan İddiaçı QSC BOKT ilə ipoteka qoyan X6 arasında bağlanmış 27 iyul 2015-ci il tarixli, 871 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpotekanın predmeti: ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,2 kv.m, yaşayış sahəsi 90,3 kv.m, yardımçı sahəsi 36,9 kv.m olan 3 otaqlı fərdi yaşayış evi. Əsas öhdəlik haqqında məlumat: İddiaçı QSC BOKT ilə X6 arasında bağlanmış kredit müqaviləsi; illik 20 faiz dərəcəsi ilə verilmiş 10000 manat; kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana (borcluya) faktiki təqdim edildiyi tarixdən 24 iyul 2018-ci il tarixinədək. İşdə surəti olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X2 mülkiyyətində olan Qobustan şəhəri, Heydər Əliyev prospektində yerləşən 54 saylı fərdi yaşayış evi (0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı QSC BOKT-nin Şamaxı filialının xeyrinə 24 iyul 2015-ci ildən 24 yanvar 2018-ci ilədək müddətə əlavə ipoteka ilə yüklü edilmiş, bununla bağlı 04 avqust 2015-ci ildə ********** nömrəli qeydiyyat aparılmışdır. Hüququn əvvəlki yüklülüyü – İddiaçı SKT “Şamaxı” filialı. İşdə surəti olan AZ-İİ 050249 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 20 fevral 2020-ci ildə ölmüşdür. İşdə surəti olan İddiaçı SKT-nin Şamaxı filialının Qobustan RİHB-nin Qobustan ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış 24 noyabr 2023-cü il tarixli məktubunda mərhum X4 ölüm faktının müəyyən edilməsi, eləcə də, ipoteka qoyulmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təvəllüdləri göstərilməklə qeydiyyatda olan və faktiki yaşayan şəxslər barədə İddiaçı SKT-nin Şamaxı filialına arayış təqdim edilməsi xahiş olunmuşdur. İşdə surəti olan Qobustan RİHB-nin Qobustan şəhəri üzrə nümayəndəliyinin 06 mart 2024-cü il tarixli məktubundan görünür ki, mərhum X6 həqiqətən 20 fevral 2020-ci il tarixində vəfat etmişdir. Ona məxsus ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan tək bir nəfər vardır: 12 avqust 1976-cı il təvəllüdlü Cavabdeh. İşdə surəti olan İddiaçı SKT-nin Şamaxı filialının Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə ünvanlanmış 04 mart 2024-cü il tarixli məktubunda mərhum X2 vəfatı ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. İşdə surəti olan Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 07 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində 20 fevral 2020-ci ildə vəfat etmiş X2 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. İşdə surəti olan İddiaçı SKT-nin Şamaxı filialının Qobustan rayon Notariat ofisinə ünvanlanmış 04 mart 2024-cü il tarixli məktubunda mərhum X2 vəfatı ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. İşdə surəti olan Qobustan rayon Notariat ofisinin 07 mart 2024-cü il tarixli məktubundan görünür ki, “E-notariat” sistemində aparılmış axtarışın nəticələrinə əsasən, 20 fevral 2020-ci il tarixində vəfat etmiş X1 qalan miras əmlaka dair açılmış vərəsəlik işi müəyyən edilməmişdir. İşdə surəti olan İddiaçı SKT-nin Şamaxı filialının müştərisi X2 01 aprel 2024-cü il tarixə filiala olan borcu barədə məlumatdan görünür ki, onun 24 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcu 3993,27 manat əsas borc, 6761,73 manat faiz borcu olmaqla, cəmi 10755 manat təşkil edir. İşdə surəti olan İddiaçı SKT-nin Şamaxı filialının müştərisi X2 10 may 2024-cü il tarixə filiala olan borcu barədə məlumatdan görünür ki, onun 871 saylı kredit müqaviləsi üzrə qalıq borcu 3993,27 manat əsas borc, 6869,88 manat faiz borcu olmaqla, cəmi 10863,15 manat təşkil edir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, 24 iyul 2015-ci il tarixli məbləği 10000 manat olan kredit müqaviləsi üzrə sonuncu ödəniş 24 aprel 2019-cu ildə həyata keçirilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdehin mərhum atası Sabir İsmayılov arasında kredit münasibətləri yaranmış, 24 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə sonuncu 30 ay müddətinə 10000 manat məbləğində kredit əldə etmiş, həmin kreditin təminatı kimi özünə məxsus daşınmaz əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. X8 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edə bilməmiş, 20 fevral 2020-ci ildə isə vəfat etmişdir. Sabir İsmayılovun miras əmlakına dair vərəsəlik işi açılmamış olsa da, cavabdeh onun övladı kimi miras qalmış evdə yaşamaqdadır. Bu səbəblə iddiaçı hazırkı tələbini məhz mərhumun varisi kimi cavabdehə qarşı qaldırmış, cavabdeh isə iddiaya özünün vərəsə olmaması və iddia müddətinin ötürülməsi əsası ilə etiraz etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilibbilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 740.1-ci maddələrinin kredit müqaviləsi üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh qanunla müəyyən olunmuş müddət ərzində mərhum atası Sabir İsmayılovdan qalmış miras əmlakdan imtina etməmişdir, bu səbəbdən də o, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə də uyğun olaraq, mərhum Sabir İsmayılovun vərəsəsi hesab edilməlidir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı mərhum Sabir İsmayılovla aralarında bağlanmış 24 iyul 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələblərini onun vərəsəsi kimi cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur. Lakin cavabdeh bu tələbə qarşı iddia müddətinin ötürülməsi əsası ilə etiraz etmiş və iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə bildirir ki, 24 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı bütün öhdəliklər üzrə icra müddətinin bitdiyi 24 yanvar 2018-ci ildən etibarən başlamışdır. Kredit müqaviləsi üzrə iddia müddəti 3 il müddətinə müəyyən edildiyindən, həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 24 yanvar 2021-ci ildə başa çatmışdır. Hazırkı iş üzrə iddia ərizəsi isə 30 may 2024-cü ildə Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur. Bununla da, iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etmək üçün subyektiv hüquqa malik olsa da, iddia ərizəsi ilə yalnız iddia müddəti ötürüldükdən 3 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı kredit müqaviləsi üzrə iddia müddətinin axımının 24 yanvar 2021-ci ildə başa çatmasından xəbərdar olsa da, 20 fevral 2020-ci ildə vəfat etmiş mərhum Sabir İsmayılovun vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün müvafiq orqanlara sorğuları 24 noyabr 2023-cü ildən etibarən verməyə başlamışdır. Göründüyü kimi, hətta mərhum Sabir İsmayılovun vəfatından təxminən 3 il 9 ay keçdikdən sonra yalnız onun vərəsələrinin dairəsini araşdırmağa başlamış, bununla da öz hüquqlarının müdafiəsində intizamsızlığa yol vermiş, öz qanuni maraqlarını vaxtında müdafiə və bərpa etmək məsələsinə laqeyd yanaşmışdır. Məhkəmə bildirir ki, mərhum Sabir İsmayılovun miras əmlakına dair vərəsəlik işinin açılmamış olması kredit müqaviləsi üzrə tələbin qeyrimüəyyən müddət keçdikdən sonra belə irəli sürülməsinə əsas verən hal kimi qiymətləndirilə bilməz. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırkı tələbini iddia müddətini ötürməklə irəli sürdüyündən, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, əsas tələb üzrə iddia müddətinin keçməsinə görə əlavə tələblər üzrə də iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar