Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-336/2025 30.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxx 06 may 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında 8531,88 manat məbləğində əsas borc, 02 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 641,09 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 2,33 manat məbləğində penya, cəmi 9175,3 manat məbləğində pul vəsaitinin, 02 may 2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 faiz dərəcəsi ilə hesablanan penyanın Cavabdeh iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 111,8 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh (borcalan) arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borcalana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 9900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi 02 may 2025-ci il tarixinə cavabdehin kreditor qarşısında gecikdirilmiş borcu 9175,3 manat təşkil edir ki, bunun da 8531,88 manat vaxtı keçmiş əsas borcdan, 641,09 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % dərəcəsi ilə penya da ödəməlidir ki, 02 may 2025-ci il tarixinə bu məbləğ 2,33 manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq 06 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki, “həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə, borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009cu il tarixli Qərarında gəldiyi nəticəyə görə, məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilibedilməməsi ilə bağlı) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni 02 may 2025-ci il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 % dərəcəsi ilə hesablanan penyanın borcalandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur, buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, həqiqətən də, işlədiyi zaman iddiaçı bankdan 31 yanvar 2024-cü il tarixli müqavilə üzrə 9900 manat məbləğində kredit götürmüşdür. Lakin sonradan işdən çıxdığına və himayəsində xəstə anası olduğuna görə ödənişləri etməkdə çətinlik yaşamışdır. Hazırda ondan tələb olunan kredit borcunu qəbul edir və həmin məbləğdən ödənişlər edəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan ASC “Xalq” Bankı ilə borcalan Cavabdeh arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank borcalana 36 ay müddətinə 9900 manat məbləğində, kreditdən istifadəyə görə illik 12 faiz ödənilməsi şərtilə kredit verməyi, borcalan isə kreditdən borc öhdəliklərinin bağlanması məqsədilə istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 faiz dərəcəsi ilə penya ödəyir. İşdə surəti olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə 02 may 2025-ci il tarixinə borcu aşağıdakı kimidir: vaxtı keçmiş borc 8531,88 manat, hesablanmış adi faiz borcu 641,49 manat, cərimə faizləri üzrə borc 3,08 manat olmaqla, cəmi borc 9176,45 manat. İşdən görünür ki, ASC “Xalq” Bankı tərəfindən Cavabdeh 06 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 05 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 111,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 9900 manat məbləğində kredit verməsi, həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsi, cavabdehin iddiaçıya ödənilməmiş 8531,88 manat əsas borcunun və 02 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 641,09 manat məbləğində adi faizlər üzrə borcunun qalması, öhdəliklərin icrasının gecikdirilməsinə görə iddiaçının penya tələb etmək hüququnun mövcud olması, tələb olunan 2,33 manat penya məbləğinin əsas borc məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək olmaması öz təsdiqini tapdığından, cavabdeh də iddianı həmin hissələrdə qəbul etdiyindən, iddia tələbi həmin hissələrdə təmin edilməli, 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsi üzrə 8531,88 manat məbləğində əsas borc, 02 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 641,09 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 2,33 manat məbləğində penya borcu olmaqla, cəmi 9175,3 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 02 may 2025-ci il tarixli maliyyə arayışında göstərilən faiz və penya üzrə borc məbləğlərinin tələb olunan faiz və penya üzrə borc məbləğlərindən cüzi miqdarda yüksək olmasına münasibətdə bildirir ki, həmin hissələrdə iddia tələbi maliyyə arayışında göstərilən rəqəmlərdən yüksək olmadığına görə bu hal həmin hissələrdə iddianın təmin edilməsinə maneə kimi çıxış edə bilməz. Məhkəmə iddia tələbinin digər - 02 may 2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 faiz dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə dair isə bildirir ki, həmin hissələrdə iddia tələbi rədd edilməlidir. İddiaçı həmin hissədə tələbini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir. Həmin Qərarda qeyd olunur ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, MPM-in 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı 02 may 2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 faiz dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etsə də, həmin faizlərin və penyanın məbləğini dəqiq müəyyənləşdirməmiş, qeyri-müəyyən tələblə çıxış etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, hazırkı iş üzrə 02 iyun 2025-ci il tarixində 30 iyun 2025-ci il tarixinə məhkəmə baxış iclası təyin edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının məhkəmə qətnaməsinin ən azı 30 iyun 2025-ci il tarixində qəbul ediləcəyini güman etməyə kifayət qədər əsası olmuş, bu müddət ərzində həmin ana qədər qeyri-müəyyən tələblərini konkretləşdirmək imkanı olmuşdur. Lakin iddiaçı həmin hissədə iddia tələbini konkretləşdirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə həmin hissədə iddianın təmin olunmaması nəticəsinə gəlir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas hissələrdə təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 111,8 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsi üzrə 8531,88 manat məbləğində əsas borc, 02 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 641,09 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 2,33 manat məbləğində penya borcu olmaqla, cəmi 9175,3 manat məbləğində pul vəsaiti və 111,8 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 yanvar 2024-cü il tarixli, DKM/018N05A03008624 nömrəli kredit müqaviləsi üzrə 8531,88 manat məbləğində əsas borc, 02 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 641,09 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 2,33 manat məbləğində penya borcu olmaqla, cəmi 9175,3 manat məbləğində pul vəsaiti və 111,8 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı xxxxna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-336/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-336/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver