Məhkəmə qərarları › İş №e-2(026)-343/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-343/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-343/2025 30.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləyə əsasən 24 aprel 2025-ci il tarixə banka borclu olduğu 12723,58 manat məbləğində əsas borc, 798,45 manat məbləğində faiz borcu, ümumilikdə isə 13522,03 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 130,57 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləyə əsasən Cavabdeh 19 yanvar 2023-cü il tarixli, 363017-CNS-42068 saylı kredit müqaviləsi üzrə banka 10 may 2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 12723,58 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 14 noyabr 2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 13522,03 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirakları mümkün olmayacaq. Ona görə də hazırkı iş üzrə məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə teleqramla məhkəməyə müraciət edərək, işdə olduğu üçün məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və faizlərin çox hesablandığını nəzərə alaraq işin ekspertizaya göndərilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilədən görünür ki, bank kredit alana onun 19 yanvar 2023-cü il tarixli, 363017-CNS- 42068 saylı müqavilə üzrə banka 10 may 2024-cü il tarixinə mövcud olan kapitallaşdırılmış borcunun ödənilməsi məqsədilə illik 13 faiz dərəcəsi ilə 59 ay müddətinə 12723,58 manat məbləğində kredit ayırmağı, kredit alan isə krediti, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə banka illik 13 faiz ödəməyi öhdəsinə götürür. İşdə surəti olan hesabdan çıxarışdan və məxaric orderindən görünür ki, 19 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 14597 manat məbləğində pul kredit alan Cavabdeh hesabına köçürülmüş və onun tərəfindən qəbul edilmişdir. İşdə surəti olan 24 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 10 may 2024-cü il tarixli müqavilə üzrə 24 aprel 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: əsas borc 12723,58 manat, faiz borcu 798,45 manat, cəmi borc 13522,03 manat. Borclu müqavilə üzrə öhdəliyini 14 noyabr 2024-cü il tarixdən icra etmir. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 25 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 06 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 130,57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, iddiaçı 10 may 2024-cü il tarixli müqavilə üzrə cavabdehə onun 19 yanvar 2023-cü il tarixli müqavilədən irəli gələn kredit borcunu restrukturizasiya etmək məqsədilə 12723,58 manat məbləğində kredit vermişdir. Həmin kreditin isə cavabdehin mənafeyinə uyğun olaraq istifadə edilməsinə baxmayaraq, müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, 10 may 2024-cü il tarixli müqavilə üzrə kredit borclarını iddiaçıya tam qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına yuxarıda göstərilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, iş materialları ilə 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 nömrəli müqavilə üzrə iddiaçının cavabdehə 12723,58 manat məbləğində kredit verməsi və həmin kreditin cavabdehin əvvəlki kredit borcunun bağlanması üçün istifadə edilməsi, cavabdehin iddiaçıya ödənilməmiş 12723,58 manat əsas və 798,45 manat faiz borcunun qalması öz təsdiqini tapır. Bu baxımdan məhkəmə cavabdehin teleqramda qeyd etdiyi faizlərin çox hesablanmasına dair mülahizəsini əsassız sayır və qeyd edir ki, tələb olunan faiz borcunun məbləği də onun çox hesablanmadığını göstərir. Ona görə də hazırda faiz borcunun məbləğinin müəyyənləşdirilməsi üçün hər hansı ekspertiza keçirilməsinə zərurət mövcud deyil. Həmçinin nəzərə alınmalıdır ki, hazırda cavabdehin kredit borcunu ödəməyi gecikdirməsinə görə iddiaçı tərəfindən cərimə borcu da hesablanmamışdır. Bununla yanaşı, cavabdeh teleqramda yalnız faiz borcuna dair hissədə iddia tələbini mübahisələndirməklə, əsas borcun məbləği ilə razılaşdığını göstərmiş, həmin hissədə hər hansı etiraz bildirməmişdir. Ona görə də iddia təmin edilməli, 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 nömrəli müqavilə üzrə 12723,58 manat məbləğində əsas borc və 798,45 manat məbləğində faiz borcu olmaqla, cəmi 13522,03 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 130,57 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 nömrəli müqavilə üzrə 12723,58 manat məbləğində əsas borc və 798,45 manat məbləğində faiz borcu olmaqla, cəmi 13522,03 manat məbləğində pul vəsaiti və 130,57 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 may 2024-cü il tarixli, 363017-CNS-55380 nömrəli müqavilə üzrə 12723,58 manat məbləğində əsas borc və 798,45 manat məbləğində faiz borcu olmaqla, cəmi 13522,03 manat məbləğində pul vəsaiti və 130,57 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar