Məhkəmə qərarları › İş №e-2(026)-357/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-357/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-357/2025 14.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X1 qanun üzrə vərəsələri) 05 may 2023-cü il tarixli, SBNPU-06789 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4356,74 manat, faiz borcuna görə 63,18 manat və cərimə borcu 0,57 manat olmaqla, cəmi 4420,49 manat məbləğində pulun və 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində məlumatların sorğulanması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin hər ikisi də Qubadlı rayonunun Xanlıq kəndində qeydiyyatdadır. Göründüyü kimi, hazırkı iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla, cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. İddiaçı hazırkı tələblə, əgər qanunla başqa hal nəzərdə tutulmamışdırsa, Qubadlı Rayon Məhkəməsinə müraciət etməlidir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən Qobustan Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə dövlət rüsumu Qobustan Rayon Məhkəməsinə ödənilməli olsa da, iddiaçının təqdim etdiyi 02 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, onun tərəfindən 65 manat məbləğində dövlət rüsumu Qubadlı Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267, 268 və 284-3cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar