Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-36/2025 07.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1535 manat sığorta ödənişi məbləğinin və 35,35 manat dövlət rüsumunun, cəmi 1570,35 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 16 fevral 2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “DAF FT XF 105.410T” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 23 sentyabr 2023-cü il tarixdə “DAF FT XF 105.410T” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Tofaş” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı və “Kia Optima” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 1535 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin inzibati xəta haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Bakı şəhər BPİ DYPİ-nin iddiaçıya təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “DAF FT XF 105.410T” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı (“E” kateqoriyası olmadan) müəyyən olunmuşdur. Cavabdeh avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi məbləğ 1535 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən cavabdehin ünvanına 17 may 2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək iddiaçıya ödənilməmişdir. Qobustan Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(026)-36/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki PAA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 16 fevral 2023-cü il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan müqavilə üzrə sığortaçı kimi "xxxx" ASC, sığortalı kimi Cavabdeh, avtonəqliyyat vasitəsi kimi “DAF” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, Bakı şəhər DYPİ bildirir ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 23:30 dəqiqədə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, özünə məxsus olan “DAF” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X3 mülkiyyətində olan və X5 tərəfindən idarə olunan “Tofaş Kartal” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və "xxxx" MMC-nin mülkiyyətində olan və X8 tərəfindən idarə olunan “Kia Optima” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan 12 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 22 sentyabr 2023-cü ildə saat 23:30-da **-BC-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə surəti olan Bakı şəhər DYPİ-nin 22 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 22 sentyabr 2023-cü ildə saat 23:30-da “DAF” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qərara alınmışdır. İşdə surəti olan hesablama aktından görünür ki, **-LB-*** dövlət qeydiyyat nişanlı, “Tofaş Kartal” markalı nəqliyyat vasitəsinə ümumilikdə 610 manat məbləğində zərər dəymişdir. İşdə surəti olan hesablama aktından görünür ki, **-AV-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı nəqliyyat vasitəsinə ümumilikdə 925 manat məbləğində zərər dəymişdir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş 27 oktyabr 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 23 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan “DAF FT XF 105.410T” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma zamanı X1 məxsus olan “Tofaş Kartal” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X1 610 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki 01 noyabr 2023-cü il tarixli, 005656 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 məxsus hesaba 610 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 oktyabr 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 23 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus olan “DAF FT XF 105.410T” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma zamanı "xxxx" MMC-yə məxsus olan “Kia Optima” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" MMC-yə 925 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki 26 oktyabr 2023-cü il tarixli, 005553 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus hesaba 925 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 17 may 2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilmişdir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı sığorta müqaviləsi üzrə öhdəliyini icra etmiş, yəni 610 manat və 925 manat olmaqla, ümumilikdə 1535 manat sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman iddiaçıda sığortalanmış “DAF” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İşdə surəti olan Cavabdeh məxsus olan sürücülük vəsiqəsindən görünür ki, ona 07 aprel 2021-ci ildən 07 aprel 2031-ci ilədək B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ verilmişdir. İşdə surəti olan 14 iyul 2023-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BC-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Həmin nəqliyyat vasitəsinin maksimal kütləsi 20500 kiloqram, yüksüz kütləsi isə 7400 kiloqram göstərilmişdir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələblərinə görə sözügedən kütləyə malik nəqliyyat vasitəsini idarə etmək üçün 22 sentyabr 2023-cü ildə qəza baş verən zaman Cavabdeh müvafiq kateqoriyalı sürücülük hüququ olmamışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin sürücülük vəsiqəsi haqqında məlumat sorğulanarkən müəyyən edilmişdir ki, o, yalnız 23 may 2024-cü ildə B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələri ilə yanaşı, C1E və CE kateqoriyalı nəqliyyat vasitələrini də idarə etmək üçün sürücülük vəsiqəsi almışdır. Qeyd edilənlər onu göstərir ki, sığorta hadisəsi baş verən zaman cavabdehin sığortalı avtomobili idarə etmək hüququ olmamış və onun təqsiri ucbatından digər iki avtomobilə zərər vurulmuş, buna görə də iddiaçı ümumilikdə 1535 manat məbləğində sığorta ödənişi etməli olmuşdur. İddiaçı onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxslərə ümumilikdə 1535 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə Cavabdeh icra edilmiş 1535 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddiaçının subroqasiya hüququ cavabdehin icbari sığorta müqaviləsində göstərilən “DAF” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadığı halda yarana bilər. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi isə cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman həmin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük hüququ olmamışdır. Qeyd edilənlər iddiaçının cavabdehə qarşı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun subroqasiya hüququnun yarandığını təsdiq edir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1535 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 35,35 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1535 manat məbləğində pul və 35,35 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1535 manat məbləğində pul və 35,35 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-36/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-36/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver