Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-37/2025 27.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6889 manat məbləğində əsas borcun, 850,78 manat məbləğində faiz borcunun, 235,08 manat məbləğində cərimə borcunun, cəmi 7974,86 manat məbləğində borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 27 mart 2024-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 23 faiz olmaqla 6889 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Məhkəmənin 27 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 27 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, o, ticarət fəaliyyəti ilə məşğul olmuş, bu səbəblə də iddiaçı bank ona kredit vermişdir. Lakin sonradan onun biznesi uğursuzluqla üzləşdiyinə görə o, banka olan borcunu ödəyə bilməmişdir. Onun hazırda həqiqətən də iddiaçı banka kredit borcu var və həmin borcu ödəyəcəkdir. Lakin xahiş edir ki, faiz məbləği ilə bağlı bank tərəfindən ona müəyyən güzəştlər edilsin. Məhkəmənin 27 dekabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 onun qardaşı oğludur. Həqiqətən də Cavabdeh1 bankdan kredit götürəndə o da zamin dayanmışdır. Hazırda Cavabdeh1 borcunu ödəyə bilməsə də, şərait yaradılarsa, o, banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə baxış iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə işlərinin çox olması səbəbindən təyin olunmuş iclasda iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və təqdim edilən mötəbər sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 185.5-ci maddəsini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli, MK/09473/84/1 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən müştəri Cavabdeh1 36 ay müddətinə illik 23 faiz ödənilməsi şərtilə 16000 manat məbləğində pul krediti verilmiş, öhdəlik zaminliklə təmin olunmuşdur. İşdə surəti olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 27 mart 2024-cü il tarixli, RM/64413/A1/1 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən müştəri Cavabdeh1 36 ay müddətinə illik 23 faiz ödənilməsi şərtilə 08 dekabr 2021-ci il tarixli, MK/09473/84/1 nömrəli kredit müqaviləsi üzrə kreditin restrukturizasiya edilməsi məqsədilə 6889 manat məbləğində pul krediti verilmiş, öhdəlik Cavabdeh2 zaminliyi ilə təmin olunmuşdur. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqaviləyə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər bankın rəsmi internet səhifəsində yerləşdirilmiş, bu sazişin imzalanması tarixinə qüvvədə olan 21 sentyabr 2023-cü il tarixli İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır. Tərəflər bu sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də şərtlərlə tanışdırlar və onların şərtləri ilə razıdırlar. İşdə surəti olan İddiaçı ASC tərəfindən 21 sentyabr 2023-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin ümumi hissəsinin Vİİ bölməsinin 7.1.2.a bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtı çatmış borc (faizlər və/və ya haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirildikdə, yaxud borcun (faizlər və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda (90 gündən az olmamaqla), bank kredit üzrə əsas borc qalığının, hesablanmış faizlərin, gecikdirilmə faizlərinin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. İşdə surəti olan İddiaçı ASC tərəfindən 21 sentyabr 2023-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin ümumi hissəsinin Vİ bölməsinin 6.12-ci və 6.13-cü bəndlərinə əsasən, zamin müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, həmin öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır. Zaminin tam məsuliyyət daşıdığı zaminliklə təmin edilmiş öhdəliklərə kredit sazişi ilə müəyyən olunan əsas borc, faizlər, o cümlədən gecikdirilmə faizləri, cərimə məbləği, bundan başqa xidmət haqları, xərclər və dəymiş ziyanın ödənilməsi kimi pul öhdəlikləri daxildir. İşdə surəti olan İddiaçı ASC tərəfindən 21 sentyabr 2023-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin xüsusi hissəsinin İ bölməsinin 1.2-ci və 1.4-cü bəndlərinə əsasən, müştəri müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən nağd və ya köçürmə yolu ilə banka ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə ödəniş öhdəliklərinin vaxtında icra edilməməsinə görə bank tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla cərimə tətbiq edilərsə, müştəri ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında (kreditin valyutasından asılı olaraq 0,50 manatdan/ABŞ dollarından/avrodan az olmamaq şərtilə) banka cərimə ödəyir. İşdə surəti olan 27 mart 2024-cü il tarixli, AZN-RM-64413/A1/1-ÖT saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 məxsus hesaba 6889 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə surəti olan İddiaçı ASC-nin 28 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27 mart 2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 6889 manat əsas, 850,78 manat faiz və 235,08 manat cərimə borcu vardır. İşdə surəti olan İddiaçı ASC-nin 24 sentyabr 2024-cü il tarixli bildirişindən görünür ki, kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair cavabdehlərə bildiriş göndərilmişdir. İşdə surəti olan 05 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, iddiaçı 27 mart 2024-cü il tarixli kredit sazişi üzrə Cavabdeh1 6889 manat məbləğində nağd pul krediti vermiş, həmin məbləği sonuncuya məxsus hesaba köçürmüşdür. 27 mart 2024-cü il tarixli kredit sazişi üzrə müştəri Cavabdeh1 öhdəliklərini icra etməsi üçün zamin olan digər Cavabdeh2 onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə kredit borclarını iddiaçıya qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit sazişi üzrə iddiaçının Cavabdeh1 6889 manat məbləğində kredit verməsi və Cavabdeh1 həmin məbləği qəbul etməsi, Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyinin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 zamin durması, cavabdehlərin iddiaçıya ödənilməmiş 6889 manat əsas və 850,78 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehlərə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 235,08 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, cavabdehlər də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia tələbi təmin edilməli, 27 mart 2024-cü il tarixli, RM/64413/A1/1 nömrəli kredit sazişi üzrə 6889 manat məbləğində əsas borc, 850,78 manat məbləğində faiz borcu, 235,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7974,86 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 27 mart 2024-cü il tarixli, RM/64413/A1/1 nömrəli kredit sazişi üzrə 6889 manat məbləğində əsas borc, 850,78 manat məbləğində faiz borcu, 235,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7974,86 manat məbləğində pul vəsaiti və 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 27 mart 2024-cü il tarixli, RM/64413/A1/1 nömrəli kredit sazişi üzrə 6889 manat məbləğində əsas borc, 850,78 manat məbləğində faiz borcu, 235,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7974,86 manat məbləğində pul vəsaiti və 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-37/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-37/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver