Məhkəmə qərarları › İş №e-2(026)-380/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-380/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-380/2025 18.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin, 70 manat dövlət rüsumunun, ümumilikdə 5070 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 noyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “HOWO” markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolu 54-cü km-də hərəkət edən zaman yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Mercedes Benz 208” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobildə olan X8 ölümünə səbəb olmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən tərtib olunan hökmə əsasən “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X14 görə PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS250060 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən mərhumun atası X5 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yolnəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra iddia ərizəsinin surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh təqdim edilməsi üçün həmin orqana göndərilmiş, həmin iddia ərizəsinə münasibətdə Cavabdeh yazılı etiraz və ya mülahizələrinin alınaraq Qobustan Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh yazılı ərizəsi məhkəməyə təqdim olunmuş, cavabdeh ərizədə "xxxx" ASC tərəfindən ona qarşı iddia qaldırılaraq 5070 manat tutulub iddiaçı ASC-yə ödənilməsi barədə qərarın qəbul olunmasının hazırkı durumuna uyğunsuz olduğunu, iddianın təmin olunmamalı olduğunu və onu qəbul etmədiyini bildirmiş, ona qarşı qeyd olunan məbləğin ödənilməsinin mümkünsüz olması, hazırkı duruma uyğunsuzluğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 28 iyul 2023-cü ildən 28 iyul 2024-cü ilədək “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. İşdə surəti olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, DİN Bis və Tİ Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi bildirir ki, 18 noyabr 2023-cü il tarixdə, saat 16:00 dəqiqədə Ələt-Astara 54-cü kmdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, X9 məxsus “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 208” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitəsinə zərər dəymiş, eləcə də, X2 yüngül, X1 az ağır, X3 ağır zərər dəymiş, hadisə nəticəsində X16 ölmüşdür. İşdə surəti olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 1(099)-433/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 18 noyabr 2023cü ildə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan “HOWO ZZ3317 N 3967W” markalı, **-DT-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edib Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 54-cü kilometrində, Ələt qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, hərəkətin təhlükəsizliyini təmin etmədiyindən qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün qarşı sol hərəkət zolağına çıxaraq qabaq sağ hissəsi ilə qarşıdan əks istiqamətdə öz yolu ilə düzünə hərəkətdə olub təhlükəni görərək nəqliyyat vasitəsini dayandıran X12 idarə etdiyi “Mercedes Benz 208” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz 208” markalı avtomobilin sərnişinlərindən X8 beynin sərt və yumşaq qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sağ alın nahiyəsində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində sağda yara, sağ yanaq nahiyəsində burunun yumşaq toxuması üzərində, alt çənədə, qarının ön divarında sıyrıqları, sağ tərəfli 4-5-6-7-ci qabırğaların qapalı yerdəyişən sınıqları, bədən səthinin qançır və sıyrıqları, bədənin küt travması kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasında saat 18:15-də ölməsinə, X11 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, qara ciyərin subkapsulyar hematoması kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, X4 gözün əyilməsi, buynuz qişanın kəsiyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə surəti olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 1(099)-433/2024 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbs edildiyi, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablanması, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılması üçün Lənkəran şəhər-rayon Polis şöbəsinin müvəqqəti saxlama yerinə göndərilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı X17 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, Cavabdeh iş üzrə zərərçəkmiş şəxs Nübar Əkbərovanın müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə cəmi 5000 manat məbləğində pulun tutulub X15 ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsi qərara alınmışdır. İşdə surəti olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, İAS250060 nömrəli sığorta aktından görünür ki, 18 noyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X16 ölmüşdür. "xxxx" ASC-də sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh törətdiyi əmələ görə X13 5000 manat məbləğində sığorta ödənişi olunmalıdır. İşdə surəti olan 16 yanvar 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 16 yanvar 2025-ci il tarixli, İAS250060 saylı saylı sığorta aktına əsasən X7 hesabına 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, X9 məxsus “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 28 iyul 2023-cü ildən 28 iyul 2024-cü ilədək müddətə iddiaçı "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığortalanmışdır. 18 noyabr 2023-cü ildə “HOWO” markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edən Cavabdeh yol hərəkəti qaydalarını pozaraq İbrahim Həsənovun idarə etdiyi “Mercedes Benz 208” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz 208” markalı avtomobildəki sərnişinlərdən X16 ölmüşdür. Buna görə də “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini icbari sığortalamış "xxxx" ASC baş vermiş sığorta hadisə nəticəsində ölmüş Fərid Məlikzadənin atası Xalıq Məlikovun hesabına 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Sözügedən hadisənin baş verməsində Cavabdeh təqsirli olması, eyni zamanda onun nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 1(099)-433/2024 saylı hökmü ilə öz təsdiqini tapmış, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, iddiaçı sığorta müqaviləsi üzrə öhdəliyini icra etmiş, yəni 5000 manat sığorta ödənişini həyata keçirmiş, bununla bağlı təsdiqedici sənədləri öz iddiasına əlavə etmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunanlar baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə icra edilmiş 5000 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır və o, bu hüququndan cavabdeh (zərərvuran şəxs) Cavabdeh qarşı istifadə etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.3cü maddələrinə əsasən, sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən halda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddiaçının subroqasiya hüququ cavabdehin icbari sığorta müqaviləsində göstərilən “HOWO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadığı halda yarana bilər. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi isə cavabdehin yolnəqliyyat hadisəsinin baş verdiyi zaman həmin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük hüququ olmamışdır. Qeyd edilənlər iddiaçının cavabdehə qarşı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun subroqasiya hüququnun yarandığını təsdiq edir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin hazırda cəzaçəkmə müəssisəsində olması isə ona qarşı hazırkı iddianın təmin edilməsinə mane olan hal kimi çıxış etmir və bununla əlaqədar cavabdehin etirazının dəlilləri əsaslı deyil. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 5000 manat məbləğində pul və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 5000 manat məbləğində pul və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar