Məhkəmə qərarları › İş №e-2(026)-385/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-385/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-385/2025 14.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə birgə qaydada 7173,77 manat əsas borc, 362,68 manat faiz borcu və 72 manat cərimə borcu olmaqla, cəmi 7608,45 manat kredit borcunun və 96,1 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, SUMG1-18621-4677 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 26 faizlə 36 ay müddətinə 9000 manat kredit istehlak kreditləri üzrə borcların yenidən maliyyələşdirilməsi və şəxsi istifadə məqsədi ilə verilmiş və kreditin aylıq 364 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyətini müəyyən edən 05 fevral 2024-cü il tarixli, SUMG1-18621- 4677 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin qalıq əsas borcu 7173,77 manat təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də, iddiaçı bankdan 05 fevral 2024-cü ildə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüş, bir qədər ödəniş etdikdən sonra ödənişləri davam etdirə bilməmişdir. Belə ki, dostuna zamin durması səbəbindən məhkəmə qətnaməsi əsasında onun əmək haqqından tutulmalar aparılır, bu səbəbdən də o iddiaçıya ödənişləri etməkdə çətinlik çəkir. Lakin növbəti aydan etibarən kredit borcu üzrə ödənişlərini etməyə başlayacaqdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər Cavabdeh1 məhkəmə baxış iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, SUMG1-18621-4677 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh2 36 ay müddətinə illik 26 faiz ödənilməsi şərtilə 9000 manat məbləğində kredit verilmişdir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 3.1.4.1-ci bəndinə görə, borcalan vaxtı çatmış borcun (faizlər və/və ya haqlar daxil olmaqla) ödəniş cədvəlində göstərilən tarixdən hesablanmaqla davam edən 90 təqvim günü ərzində tam ödəməməklə gecikdirdikdə, kredit verən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1 faizi miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. İşdə surəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 05 fevral 2024-cü il tarixli, SUMG1-18621- 4677+SUMG1-19601 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin və borclu 05 fevral 2024-cü il tarixli, SUMG1-18621-4677 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik təmin edilən tələbin həcminə əsas borc, onun faizi, dəbbə borcu, sığorta məbləği, öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə kreditorun çəkdiyi məhkəmə, hüquq xidməti xərcləri və digər zərərlər daxildir. İşdə surəti olan 05 fevral 2024-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, "xxxx" MMC-nin hesabından Cavabdeh2 məxsus hesaba SUMG1-18621-4677 saylı kredit müqaviləsi üzrə 9000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə surəti olan "xxxx" MMC -nin 20 may 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 həmin tarixə SUMG1-18621-4677 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: 7173,77 manat məbləğində əsas borc, 560,26 manat məbləğində faiz borcu, 572,99 manat məbləğində dəbbə borcu, 8307,02 manat məbləğində cəmi borc. İşdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də tərəfindən cavabdehlərə 20 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, iddiaçı 05 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 9000 manat məbləğində kredit vermiş, həmin məbləği sonuncuya məxsus hesaba köçürmüşdür. Həmin kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərini icra etməsi üçün 05 fevral 2024-cü il tarixli zaminlik müqaviləsi ilə zamin olan digər Cavabdeh1 borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə kredit borclarını iddiaçıya qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının Cavabdeh2 9000 manat məbləğində kredit verməsi və sonuncunun həmin məbləği qəbul etməsi, Cavabdeh2 iddiaçı qarşısında kredit öhdəliyinin icrasının təmin edilməsi üçün digər Cavabdeh1 zamin durması, cavabdehlərin iddiaçıya ödənilməmiş 7173,77 manat əsas və 362,68 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehlərə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 72 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, Cavabdeh2 da iddia tələbini qəbul etdiyindən, iddia təmin edilməli, 05 fevral 2024-cü il tarixli, SUMG1-18621-4677 nömrəli kredit müqaviləsi üzrə 7173,77 manat məbləğində əsas borc, 362,68 manat məbləğində faiz borcu, 72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7608,45 manat məbləğində kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilmiş faiz və cərimə borcu məbləğlərinin tələb olunan məbləğlərdən yüksək olması hazırda daha aşağı həcmdə olan iddia tələbinin tam təmin edilməsinə hər hansı maneə kimi çıxış etmir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 96,1 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 05 fevral 2024-cü il tarixli, SUMG1-18621-4677 nömrəli kredit müqaviləsi üzrə 7173,77 manat məbləğində əsas borc, 362,68 manat məbləğində faiz borcu, 72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7608,45 manat məbləğində kredit borcu və 96,1 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 05 fevral 2024-cü il tarixli, SUMG1-18621-4677 nömrəli kredit müqaviləsi üzrə 7173,77 manat məbləğində əsas borc, 362,68 manat məbləğində faiz borcu, 72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7608,45 manat məbləğində kredit borcu və 96,1 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar