Məhkəmə qərarları › İş №e-2(026)-406/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-406/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-406/2024 16.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8857,9 manat məbləğində kredit borcu, 665,56 manat faiz borcu və 202,88 manat cərimə borcu olmaqla, ümumilikdə 9726,34 manat borcun və 117,26 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-in xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8857,9 manat məbləğində kredit borcu, 665,56 manat faiz borcu və 202,88 manat cərimə borcu olmaqla, ümumilikdə 9726,34 manat borcun və 117,26 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-in xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 11 aprel 2023-cü il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. 15 yanvar 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1142.1 manat ödəniş etmiş və оnun iddiaçıya 8857.9 manat məbləğində kredit bоrcu qalmışdır. müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 24 may 2024-cü il tarixə 130 gün üçün hesablanmış faiz borcu 665.56 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8857,9 manat məbləğində kredit borcu, 665,56 manat faiz borcu və 202,88 manat cərimə borcu olmaqla, ümumilikdə 9726,34 manat borcun və 117,26 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, İddiaçı QSC ilə aralarında bağlanmış 11 aprel 2023-cü il tarixli müqaviləyə əsasən bankdan aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Həmin müqaviləyə əsasən öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. banka olan borcunu əvvəllər ödəsə də, sonradan maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 11 aprel 2023-cü il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. 15 yanvar 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1142.1 manat ödəniş etmiş və оnun iddiaçıya 8857.9 manat məbləğində kredit bоrcu qalmışdır. Həmin tarixdə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 11 aprel 2023-cü il tarixli saylı zaminlik müqaviləsində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 24 may 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, X1 24 may 2024-cü il tarixə banka 8857.9 manat əsas, 665.56 manat faiz və 202.88 manat cərimə borcu olmaqla, cəmi 9726,34 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 10 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 202,88 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcunun 30 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8857,9 manat məbləğində kredit borcu, 665,56 manat faiz borcu və 30 manat cərimə borcu və 117,26 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8857,9 manat məbləğində kredit borcu, 665,56 manat faiz borcu və 30 manat cərimə borcu və 117,26 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar