Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-412/2025 04.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 11189,61 manat məbləğində kredit borcu, 743 manat məbləğində faiz borcu və 247,3 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12179,91 manat məbləğində borcun və ödənilmiş 126,54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 01 fevral 2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 manat məbləğində kredit götürmüşdür. O, 07 fevral 2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6810,39 manat ödəniş etmiş və оnun iddiaçıya 11189,61 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 14 may 2025-ci il tarixə 96 gün üçün hesablanmış faiz borcu 743 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 14 may 2025-ci il tarixə 96 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 247,3 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də iddiaçı bankdan 18000 manat məbləğində kredit götürmüş, ilk aylarda həmin müqavilə üzrə ödənişləri etmişdir. Əvvəllər də iddiaçı bankdan kreditlər götürmüş, hər birini vaxtlı-vaxtında ödəmişdir. Lakin təxminən 7 ay əvvəl onun işlədiyi gəmi yandığına görə o işdən çıxmalı olmuş, buna görə də ödənişlərini edə bilməmişdir. Lakin yeni işə daxil olan kimi ödənişlərini etməyə davam edəcəkdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, cavabdeh tərəfindən müvafiq borc üzrə hər hansı yeni ödənişin mövcud olmadığını bildirmiş, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşdə surəti olan İddiaçı QSC ilə müştəri Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli ərizədən görünür ki, müştəri bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuşdur və onları qəbul edir. 01 fevral 2023-cü il tarixli, 017A********** saylı müqavilənin xüsusi şərtlərindən görünür ki, müştəriyə 40000 manat məbləğində 48 ay müddətinə maksimum faiz dərəcəsi 28 faiz olmaqla kredit limiti ayrılmış, müştəri tərəfindən həmin tarixdə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 18000 manat məbləğində kredit sifariş edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi, 18000 manat məbləğində kredit Cavabdeh hesabına mədaxil edilmişdir. İşdə surəti olan İddiaçı QSC-nin 14 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh 01 fevral 2023-cü il tarixli kredit razılaşması üzrə 14 may 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 11189,61 manat, faiz üzrə borc 743 manat, cərimə borcu 247,3 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 96 gün, cəmi borc 12179,91 manat. İşdə surəti olan İddiaçı QSC-nin bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndindən görünür ki, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix pərakəndə (nağd) kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Həmin ümumi şərtlərin 7.8-ci bəndindən görünür ki, müştəri pərakəndə (nağd) kredit barədə müqavilə üzrə krediti və kredit faizini kredit verildikdən sonra hər 30 təqvim günündə bir dəfə olmaqla ərizədə razılaşdırılmış cari hesab vasitəsilə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin ümumi şərtlərin 7.11-ci bəndindən görünür ki, kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin ümumi şərtlərin 7.14-cü bəndindən görünür ki, müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, kredit faizi və nəhayət kreditin qalıq məbləği silinir. Həmin ümumi şərtlərin 7.20-ci bəndindən görünür ki, müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. Həmin ümumi şərtlərin 7.32.1-ci bəndindən görünür ki, müştəri krediti və kredit faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə, bank kredit və girov barədə qarışıq müqaviləni və ya nağd kredit barədə müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 14 may 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 04 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 126,54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, cavabdeh 01 fevral 2023-cü il tarixli ərizəni imzalamaqla iddiaçı tərəfindən tərtib olunmuş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərini qəbul etmiş və həmin tarixli kredit razılaşması üzrə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 18000 manat məbləğində krediti əldə etmişdir. Sözügedən məbləğdə kreditin onun hesabına köçürülməsi hesabdan çıxarışla da öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə öz təsdiqini tapması ilə yanaşı, cavabdeh də iddia tələbini qəbul edərək, özünün iddiaçıya ödənilməmiş 11189,61 manat məbləğində əsas borcunun və 743 manat məbləğində faiz borcunun qalmasını təsdiq etmişdir. Ona görə də iddia həmin hissələrdə təmin edilərək, cavabdehdən əsas borc üzrə 11189,61 manat və faiz borcu üzrə 743 manat pul tutularaq iddiaçıya ödənilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin müəyyən olunur ki, cavabdeh kredit borcu üzrə ödənişlərin edilməsində gecikmələrə yol vermişdir. Cavabdehin qəbul etmiş olduğu ümumi şərtlərin 7.20-ci bəndində onun tərəfindən ödənişlərin gecikdirilməsi halında bankın cərimə borcu hesablamaq hüququ təsbit edilmişdir. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul edir və cavabdehin özünün də ödənişləri gecikdirməsini nəzərə alır. Bu zaman həmçinin onu da qeyd edir ki, tələb olunan cərimə borcu məbləği əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək deyil. Məhkəmə bildirir ki, iddia cərimə borcuna dair hissədə də tam təmin olunaraq, cavabdehdən cərimə borcu üzrə 247,3 manat pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 126,54 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 01 fevral 2023-cü il tarixli, 017A********** saylı müqavilə üzrə cavabdehdən 11189,61 manat məbləğində əsas borc, 743 manat məbləğində faiz borcu, 247,3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12179,91 manat məbləğində pul vəsaiti və 126,54 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 01 fevral 2023-cü il tarixli, 017A********** saylı müqavilə üzrə Cavabdeh 11189,61 manat məbləğində əsas borc, 743 manat məbləğində faiz borcu, 247,3 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12179,91 manat məbləğində pul vəsaiti və 126,54 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-412/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-412/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver