Məhkəmə qərarları › İş №e-2(026)-438/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-438/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-438/2023 13.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 6427,59 manat əsas, 479.63 manat faiz borcu olmaqla, cəmi 6907,22 manat pul vəsaitinin və 89,07 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 6427,59 manat əsas, 479,63 manat faiz borcu olmaqla, cəmi 6907,22 manat pul vəsaitinin və 89,07 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 06 iyul 2022-ci il tarixli, GTKR5929983A299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7000 manat məbləğində pul mədaxil edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin 28 iyul 2023-cü il tarixə İddiaçı ASC-yə 6427,59 manat əsas, 479,63 manat faiz borcu olmaqla, cəmi 6907,22 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6427,59 manat əsas, 479,63 manat faiz borcu olmaqla, cəmi 6907,22 manat pul vəsaitinin və 89,07 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. J.N. Novruzova məhkəməyə teleqram göndərərək başqa yerdə olduğu üçün məhkəməyə gələ bilmədiyini, iddianı qəbul etdiyi və banka olan borcunu ödəyəcəyini göstərmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 06 iyul 2022-ci il tarixli, GTKR5929983A299 saylı kredit müqaviləsindən görünür ki, cavabdehin kartına 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7000 manat məbləğində pul mədaxil edilmişdir. İddiaçı ASC-nin 31 iyul 2023-cü il tarixli 15/4586 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 06 iyul 2022-ci il tarixli GTKR5929983A299 saylı kredit müqaviləsinə əsasən 6427,59 manat əsas və 479,63 manat faiz borcu vardır. İddiaçı ASC-nin 31 may 2023-cü il tarixli 16/34402 saylı xəbərdarlıqda göstərilir ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 06 iyul 2022-ci il tarixli, GTKR5929983A299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7000 manat məbləğində pul mədaxil edilmişdir. Bank tərəfindən rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6427,59 manat əsas, 479,63 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 6427,59 manat əsas, 479, 63 manat faiz borcu olmaqla, cəmi 6907,22 manat pul vəsait və 89,07 manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6427,59 manat əsas, 479,63 manat faiz borcu olmaqla, cəmi 6907,22 manat pul vəsaiti və 89,07 manat dövlət rüsumu alınıb İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar