Məhkəmə qərarları › İş №e-2(026)-454/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-454/2025

22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-454/2025 22.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 946 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 976 manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 2025-ci il tarixində Cavabdeh idarə etdiyi “X1 HMK 102B” markalı, AZ 37-T-377 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Qazel Next A31R32” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “X1 HMK 102B” markalı, AZ 37-T-377 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS251077 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 946 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 16 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, 10 dekabr 2024-cü ildən 10 dekabr 2025-ci ilədək “Hidromek HMK 102B” markalı, AZ 37-T-377 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. İşdə surəti olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi rayon DYPŞ bildirir ki, 07 fevral 2025-ci il tarixdə, saat 12:40 dəqiqədə M.Aslanov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, 37-T-377 dövlət qeydiyyat nişanlı ekskavatoru sürücülük vəsiqəsi və həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Qazel Next A31R32 yük” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan 24 may 2025-ci il tarixli görülmüş işlərin təhvil aktından görünür ki, icraçı X3 tərəfindən **-JH-*** dövlət nömrə nişanlı, “Qazel” markalı avtomobilin təmirbərpa işləri ümumilikdə 946 manat dəyərində qiymətləndirilmişdir. İşdə surəti olan 04 iyun 2025-ci il tarixli, İAS251077 nömrəli sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən 07 fevral 2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Hidromek HMK 102B” markalı, AZ 37-T-377 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən “Qazel” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması xərclərinə görə təmir müəssisəsinin nümayəndəsi X2 hesabına 946 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdə surəti olan 04 iyun 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 04 iyun 2025-ci il tarixli, İAS251077 saylı akta əsasən X2 hesabına 946 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdə surəti olan Binəqədi rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında 07 fevral 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh 07 fevral 2025-ci il tarixində, saat 12:40da M.Aslanov küçəsində “X1 HMK 102B” markalı, AZ 37-T-377 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əməllərinə yol vermiş, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Həmin qərarla Cavabdeh İXM-in 332.2-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 iyun 2025-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı sığorta şirkəti sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən hazırkı halda Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan onun törətdiyi müəyyən olunan İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan göründüyü kimi, cavabdehin hadisə zamanı idarə etdiyi sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İddiaçı isə onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsin avtomobilinin təmir-bərpası üçün 946 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş 946 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.3-cü maddələrinə əsasən, sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən halda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 946 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 946 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar