Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-455/2025 13.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2024-cü il tarixində baş vermiş avtoqəza nəticəsində İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-OY-*** nişanlı avtomobilinə dəyən və sığorta tərəfindən qarşılanmayan 7950 manatın, məhkəməyə müraciət etmək üçün ödənilən 99,5 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilən 350 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2024-cü il tarixində Bakı- Pirallahı yolunun Xəzər rayonu ərazisində iddiaçının mülkiyyətində olan “Hyundai” markalı, **-OY-*** nişanlı avtomobil “Shacman” markalı, **-UV-*** nişanlı yük maşını ilə toqquşmuşdur. İddiaçının avtomobilini Cavabdeh1, “Shacman”ı isə Cavabdeh2 idarə etmişdir. Qəza nəticəsində avtomobil tamamilə yararsız hala gəlmişdir. "xxxx" ASC iddiaçıya dəymiş zərərin 5000 manatlıq hissəsini ona ödəsə də, iddiaçıya dəymiş 12950 manatlıq zərərin qalan qismi hələ də hadisədə təqsirli bilinən Cavabdeh2 və hadisədə avtomobili icazə verilən həddən yuxarı sürətlə idarə edən Cavabdeh1 tərəfindən ödənilməmişdir. Hazırkı iddia hər iki şəxsin birgə qaydada iddiaçıya dəyən zərərin ödənilməmiş hissəsinin ödənilməsi ilə bağlı öhdəliklərinin müəyyən edilməsi ilə bağlıdır. 14 sentyabr 2024-cü il tarixində Bakı-Pirallahı yolunun Xəzər rayonu, Qala qəsəbəsi ərazisində saat 00:05 radələrində iddiaçıya məxsus “Hyundai” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 yüksək sürətlə idarə edərkən Bakı şəhərindən Pirallahı istiqamətində getdiyi sırada dairəvi yol ayrıcına daxil olmuş, bu sırada yolun sağ tərəfindən, yəni Türkan qəsəbəsi istiqamətindən dairəvi yol ayrıcına daxil olan, Cavabdeh2 tərəfindən idarə olunan “Shacman” yük maşınına çırpılmışdır. Cavabdeh1 avtomobil qəzaya uğrayanda maksimal icazə verilən sürət 90 km/saat olduğu halda avtomobili 120 km/saat sürətlə idarə edirdi və dairəyə də həmin sürətlə girmişdir. Qəza ilə bağlı aparılan inzibati təhqiqat sırasında Cavabdeh1 bildirmişdir ki, “Shacman”ı görüb əyləcə bassa da, avtomobili saxlaya bilməmişdir. Təqdim edilən fotolardan da görülür ki, “Hyundai” markalı avtomobil “Shacman”a çırpıldığı sırada əyləcə basıldıqdan sonra belə onun sürəti 90 km/saat enmiş və spidometr həmin surətdə donmuşdur. Qəza nəticəsində “Hyundai” markalı avtomobildə əyləşən sürücü və digər sərnişinlər müxtəlif dərəcəli xəsarətlər almışlar. Aparılan inzibati araşdırma və istintaq nəticəsində Xəzər rayon prokurorluğu 01 mart 2025-ci il tarixində Cavabdeh2 meydana gələn avtoqəzada təqsirli bilmişdir, lakin o zərərçəkmiş şəxslərlə barışdığına görə onun haqqında Cinayət- Prosessual Məcəllənin 40.3 və 212-ci maddələrinə, Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. “Hyundai” markalı, **-OY- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə “Shacman” markalı maşının icbari sığorta şirkəti olan "xxxx" şirkəti tərəfindən iddiaçıya maksimal məbləğ olan 5000 manat ödəniş olunmuşdur. Hadisə ilə bağlı iddiaçı əvvəlcə müstəqil sığorta eksperti X3 zərər aktı çıxartmış, həmin aktda avtomobilə dəyən zərər 9861 manat olaraq hesablanmışdır. Zərərin 5000 manatlıq hissəsini "xxxx" ASC ödəmişdir. Şəkillərdən də göründüyü kimi, avtomobilin qabaq lanjeron hissəsi, kapot, kuzovun qabaqda olan bütün dəmir hissələri (krılalar, bokovinalar, qapılar, qapıların iç mexanizmləri), motorxana hissəsi, şassinin daşıyıcı elementləri tamamilə sıradan çıxmışdır. Avtomobilini təmir etmək üçün servislə əlaqəyə keçdikdə iddiaçıya bildirmişlər ki, maşının 9861 manata təmir edilməsi, həmin pulla ehtiyat hissələrin alınması, quraşdırma işlərinin aparılması və təkrar saz vəziyyətə gətirilməsi mümkün deyildir. Həmin maşını ehtiyat hissələri üçün satmağı tövsiyə etmişlər. Ehtiyat hissəsi kimi də avtomobilə 2500 manat pul təklif etmişlər. Odur ki, iddiaçı hesablanmış zərər məbləği ilə razılaşmamışdır. Belə ki, buraxılış ili 2008, yürüşü, mühərrik və salonun şərtləri eyni olan avtomobilin bazarda satış qiyməti 20000 manat civarındadır. Bu səbəblə iddiaçı başqa bir ekspertiza mərkəzinə - "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC avtomobilə dəymiş zərəri 12950 manat olaraq qiymətləndirmişdir. Beləliklə, iddiaçı ödənilməyən 7950 manatlıq bir zərərə məruz qalmışdır. Cavabdeh2 əsas yoldan gələn avtomobilə yol verməməklə qanunu pozmuş, beləliklə, hüquqazidd hərəkəti ilə birbaşa iddiaçıya hüquqazidd zərər vurmuşdur. Cavabdeh1 isə iddiaçının mülkiyyətində olan avtomobili icazə verilən sürət həddindən xeyli yuxarı sürətlə sürdüyünə görə yaranmış zərərin artmasına səbəb olmuş, belə ki, o, avtomobili qanuni sürət həddində sürsəydi, o, maşını zamanında saxlaya bilərdi, qəzadan yayına bilərdi və ya avtomobilə dəyən zərər daha az olardı. Beləliklə, onun qanunsuz hərəkəti ilə zərərin artması arasında səbəbli əlaqə vardır. Məhkəmənin 01 sentyabr 2025-ci il tarixli iclasında X4 iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, 14 sentyabr 2024-cü il tarixində Qala qəsəbəsi ərazisində baş vermiş qəza nəticəsində iddiaçının mülkiyyətində olan 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobil yararsız hala düşmüşdür. Həmin vaxt iddiaçı özü maşında olmamış, onun etibarnamə verdiyi bacısı oğlu Orxan Hümbətov avtomobildə olmuş, o isə avtomobili sürməsi üçün Cavabdeh1 vermiş, lakin hərəkətdə olduqları zaman Cavabdeh1 avtomobili çox sürətlə idarə etməsini görüb ondan avtomobili saxlamasını və idarə etməni ona verməsini tələb etsə də, Cavabdeh1 buna əməl etməmiş, dairəyə 60 km/saat sürətlə daxil olmalı olduğu halda 110 km/saat sürətlə daxil olaraq qəzanın baş verməsinə səbəb olmuşdur. Digər Cavabdeh2 isə idarə etdiyi “Shacman” markalı yük maşını ilə dairəyə daxil olarkən gözləməmiş, hadisənin baş verməsinə səbəb olaraq barəsində əvvəlcə araşdırma aparılaraq zərərçəkmiş şəxslərlə barışdığına görə cinayət işinin başlanması rədd edilsə də, cavabdehlərin hər ikisi inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəblərdən də hazırkı iddia onların hər ikisinə qarşı qaldırılmışdır. Qeyd etdi ki, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği əvvəlcədən 9861 manat müəyyən edilsə də, sonradan "xxxx" MMC tərəfindən verilmiş zərər aktından görünür ki, avtomobilə 12950 manat məbləğində zərər dəymiş, həmin pulun 5000 manat hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Sığorta şirkəti tərəfindən ödəniləcək sığorta ödənişinin maksimum həddi 5000 manat məbləğində olduğundan ilkin zərər aktında göstərilmiş məbləğ sığorta şirkətinə qarşı mübahisələndirilməmiş, Mərkəzi Bankdan verilmiş cavaba uyğun olaraq müstəqil qiymətləndiricidən ayrıca zərər aktı əldə olunmuşdur. Ona görə də hazırda iddiaçının avtomobilinə dəymiş 12950 manat məbləğində zərərin sığorta şirkəti tərəfindən qarşılanmayan hissəsi cavabdehlərdən tutulmalıdır. O, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, hadisə baş verən gecə iddiaçının bacısı oğlu Orxan Hümbətov özü və avtomobildəki digər 2 şəxs sərxoş olduqlarından “Hyundai Sonata” markalı avtomobili idarə etməsi üçün ona vermiş, o da bunu qəbul etmişdir. Həqiqətən də hərəkətdə olarkən Orxan Hümbətov ona bir neçə dəfə təhlükəli sürdüyünü bildirərək, ondan avtomobilin idarə edilməsinə son verməsini və sükanı ona qaytarmasını tələb etmiş, lakin hər üçü sərxoş olduqlarına görə o, avtomobili qaytarmayaraq onu sürməyə davam etmişdir. Qala qəsəbəsi ərazisindəki dairəyə daxil olarkən isə o tormoz versə də, avtomobili dayandıra bilməmiş, dairədə olan “Shacman” markalı digər yük maşını ilə toqquşmuşdur. Məhkəmənin 11 avqust 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, hadisə baş verən zaman gecə saatlarında o, yuxulu halda kamazla Türkan qəsəbəsi istiqamətindən hərəkət edərkən Qala qəsəbəsi ərazisində dairəyə daxil olduqda bir qədər irəliləmişdi ki, “Hyundai Sonata” markalı avtomobil gəlib onun idarə etdiyi kamazın arxa hissəsi ilə toqquşmuşdur. Həmin şəxsin avtomobilinə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. Onun öz nəqliyyat vasitəsinə də ciddi zərər dəymiş, həmin zərəri öz vəsaiti ilə qarşılamışdır. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 nümayəndəsi Nümayəndə2 bildirdi ki, baş verən hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılarkən onun tərəfindən zərərçəkmiş şəxslərin bütün xərcləri ödənilmiş, iddiaçının avtomobilinə dəymiş ziyana görə isə sığorta şirkəti tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. İddiaçının avtomobilinin qiymətinin də 13000 manat həddində olması inandırıcı deyil, onun ili də köhnədir. Oğlunun idarə etdiyi yük maşınına da hadisə zamanı zərər dəymiş, həmin xərcləri də özü qarşılamışdır. Buna görə də hazırda iddiaçının avtomobilinə dəymiş zərərin qalan hissəsini ödəmək üçün maddi imkanı yoxdur. Həmçinin Cavabdeh1 və Orxan Hümbətov da təsdiq edirlər ki, X6 Bədirxanova maşını sürətli sürdüyünü və sürəti azaltmasını bildirmişdir. Bununla da qəzanın baş verməsində onlar təqsirli olmuşdur. Ona görə də o, iddianın Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X4 bildirdi ki, İddiaçı onun dayısıdır və dayısı öz “Hyundai Sonata” markalı avtomobilini idarə edə bilməsi üçün ona baş etibarnamə vermişdir. Lakin onun atasının səhhətində ciddi problemlər olması və sonradan da vəfat etməsi səbəbindən o, həmin etibarnamənin müddətinin bitməsindən xəbərsiz olmuşdur. Sonuncu etibarnamənin müddəti 2024-cü ilin aprel ayında başa çatmışdır. Hadisə baş verən zaman isə o, etibarnamənin müddətinin bitməsindən xəbərsiz olmuşdur. Həmin gecə dayısının avtomobilində özü, Cavabdeh1, X2 və X5muş, onların hər üçü içkili olduğundan və Cavabdeh1 da ayıq olmaqla, sürücülük vəsiqəsinə malik olduğundan ayıq sürücü xidmətindən istifadə etməmiş, avtomobili idarə etməsi üçün Cavabdeh1 vermişdir. Lakin o, yolda bir neçə dəfə Cavabdeh1 avtomobili təhlükəli sürməsini görüb ona sürəti azaltmasını və ya avtomobili ona qaytarmasını bildirmiş, lakin Cavabdeh1 təkidlə avtomobili sürməyə davam etmişdir. Daha sonra Qala qəsəbəsi ərazisində olarkən nizamlanmayan dairəyə daxil olmazdan əvvəl o yenə də Cavabdeh1 sürəti azaltmasını, sürət həddinin 60 km/saat olmasını və avtomobili çox sürətlə idarə etdiyini bildirmiş, lakin Cavabdeh1 yenə də ona fikir verməmiş, həmin sürətlə də dairəyə daxil olmuş və dairəyə daxil olan “Shacman” markalı yük maşınının arxa hissəsi ilə toqquşmuşdur. Məhkəmənin baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmənin baxış iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən qəbul edilmiş 01 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 00:05-də Bakı- Pirallahı yolunun Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən keçən dairəvi yol ayrıcında “Hyundai” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Shacman” markalı, **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Shacman” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qaununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla da sürücü Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibi yaranır və ona həmin maddə ilə ittiham elan olunmalıdır. Lakin az ağır xəsarət almış Cavabdeh1 və X2 ərizə ilə Xəzər RPİ-yə müraciət edərək, Cavabdeh2 heç bir şikayət və tələblərinin olmadığını, sürücü Cavabdeh2 ilə barışdıqlarını və cinayət işinin başlanmasının rədd olunmasını xahiş etmişlər. Həmin qərarla baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd olunmuş, sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati təsir tədbiri görülməsindən ötrü qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-yə göndərilməsi, sürücü Cavabdeh1 barəsində İXM-in 332.1-ci maddəsi ilə inzibati təsir tədbiri görülməsindən ötrü qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İşdə surəti olan Xəzər rayon DYPŞ-nin 18 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 barəsində tərtib edilmiş İXP7055096 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, 14 sentyabr 2024-cü il tarixində saat 00:05-də araməsafəsi qaydalarının pozulması nəticəsində Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş cərimə çıxarışından görünür ki, Cavabdeh1 14 sentyabr 2024-cü il tarixdə, saat 00:05-də İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə surəti olan "xxxx" MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, **-OY-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə dəymiş zərərin yekun məbləği 9861 manat təşkil edir. İddiaçı "xxxx" ASC rəhbərliyinə ünvanlanmış 21 may 2025-ci il tarixli ərizədə qeyd etmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində özünə məxsus “Hyundai” markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı hesablanmış 5000 manat sığorta ödənişi ilə razıdır, "xxxx" ASC-yə qarşı heç bir iddiası yoxdur, sığorta ödənişinin qeyd olunan hesaba köçürülməsini xahiş etmişdir. İşdə surəti olan "xxxx" MMC tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli zərər aktından görünür ki, 2008-ci il buraxılışlı, “Hyundai” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə hazırkı vəziyyətdə ümumi qiymət təxminən 12950 manat müəyyən olunur. İşdə surəti olan "xxxx" ASC-nin 26 may 2025-ci il tarixli sığorta ödənişi aktından görünür ki, sığortalı Cavabdeh2 mülki məsuliyyətini icbari sığortalamış sığorta şirkəti tərəfindən **-OY-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilə 14 sentyabr 2024-cü ildə, saat 00:05-də baş vermiş qəza nəticəsində dəymiş zərərə görə faydalanan şəxs İddiaçı 5000 manat məbləğində sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində sorğulanmış məlumatlardan görünür ki, “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. İşdəki 16 iyul 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 99,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki hüquqi yardımın göstərilməsi haqqında 25 iyun 2025-ci il tarixli müqavilədən və 25 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, göstərilən hüquqi yardıma görə İddiaçı tərəfindən 350 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda iş materialları ilə müəyyən edilir ki, İddiaçı öz mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edə bilməsi üçün Orxan Hümbətova vermiş, hadisə baş verən gün isə - 13 sentyabr 2024-cü il tarixdən 14 sentyabr 2024-cü il tarixə keçən gecə özü içkili olduğuna görə Orxan Hümbətov həmin avtomobili idarə etməsi üçün Cavabdeh1 vermiş, sonuncu isə özünün və Orxan Hümbətovun da təsdiq etdiyi kimi, avtomobili yol verilən həddən daha yüksək sürətlə idarə etmiş, Orxan Hümbətovun avtomobili geri qaytarmasını tələb etsə də, buna əməl etməmiş, Qala qəsəbəsi ərazisində dairəyə yüksək sürətlə daxil olmuş, bu zaman dairədə olan və digər Cavabdeh2 tərəfindən idarə edilən “Shacman” markalı avtomobillə toqquşmuşdur. Hər iki avtomobilin sürücüsü tərəfindən müxtəlif inzibati xətalar törədilmişdir. Cavabdeh1 İXM-in 332.1-ci maddəsində, Cavabdeh2 isə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişlər. İş materiallarından və tərəflərin məhkəmə iclaslarında bildirdiklərindən də görünür ki, hər iki sürücünün (cavabdehlərin) hadisənin baş verməsində təqsiri olmuşdur. Buna görə də iddiaçının avtomobilinə dəymiş zərərə görə onların hər ikisi müştərək qaydada mülki məsuliyyət daşıyır. İddiaçının “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər əvvəlcə "xxxx" MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akt ilə 9861 manat müəyyən edilsə də, sonradan "xxxx" MMC tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli zərər aktı ilə həmin avtomobilə dəymiş zərər 12950 manat olaraq qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında zərər aktında müəyyənləşdirilmiş məbləğin sığorta şirkətinə qarşı mübahisələndirilməsinin maksimum sığorta ödənişinin 5000 manat həcmində həyata keçiriləcəyindən hər hansı əhəmiyyəti olmadığını, bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etdikdə ona özlərinin müstəqil qiymətləndiricinin rəyini alaraq təqdim edə biləcəklərini bildirmələrini qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bildirdiklərini ağlabatan hesab edir və bildirir ki, həqiqətən də, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904.1-ci maddəsinə görə, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Göründüyü kimi, ilkin zərər aktı ilə müəyyən edilmiş məbləğin mübahisələndirilməsi halında iddiaçıya ediləcək sığorta ödənişinin məbləği dəyişməz qalacaqdı və "xxxx" ASC tərəfindən iddiaçıya maksimum həddə - 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iddiaçının avtomobilinin hazırda yararsız hala düşməsini və "xxxx" MMC tərəfindən verilmiş zərər məbləğinin iddiaçı tərəfindən təqdim olunmuş 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobillərin qiymətlərinə dair məlumatlara uyğun olmasını da nəzərə alıb belə qənaətə gəlir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 12950 manat olduğu müəyyən olunur. İddiaçı isə "xxxx" MMC tərəfindən verilmiş zərər aktında müəyyən edilmiş 12950 manat qiymətdən sığorta ödənişi olaraq edilmiş 5000 manatı çıxaraq, qalan 7950 manat məbləğində pulu cavabdehlərdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə bildirir ki, cavabdehlər 14 sentyabr 2025-ci il tarixində, saat 00:05-də öz hərəkətləri ilə hüquq normalarının pozuntusuna yol vermiş, həmin pozuntulara yol verməkdə təqsirli olmuş, onların bu hərəkətləri qəzanın baş verməsinə, bunun nəticəsində isə iddiaçının mülkiyyətində olan avtomobilə ziyan vurulmasına gətirib çıxarmış, başqa sözlə, cavabdehlərin hər ikisi delikt törətmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin faktiki hallarını, tərəflərin bildirdiklərini, iş materiallarını və yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, 14 sentyabr 2024-cü il tarixdə baş vermiş qəza nəticəsində iddiaçının mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən və sığorta şirkəti tərəfindən qarşılanmayan zərərin əvəzi kimi 7950 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 99,5 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tələb olunan hüquqi yardım xərci məbləğini işin hallarını nəzərə alaraq ağlabatan hesab edir və bildirir ki, göstərilən hüquqi yardımın əvəzi olaraq 350 manat məbləğində xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 14 sentyabr 2024-cü il tarixdə baş vermiş qəza nəticəsində iddiaçının mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən və sığorta şirkəti tərəfindən qarşılanmayan zərərin əvəzi kimi 7950 manat məbləğində pul, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 99,5 manat məbləğində pul və hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 14 sentyabr 2024-cü il tarixdə baş vermiş qəza nəticəsində İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən və sığorta şirkəti tərəfindən qarşılanmayan zərərin əvəzi kimi 7950 manat məbləğində pul, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 99,5 manat məbləğində pul və hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-455/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-455/2025
13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver