Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-5/2025 19.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 12 iyul 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2500 manat əsas borc, 106,35 manat faiz borcu olmaqla, cəmi 2606,35 manat məbləğində kredit borcunun, ödənilmiş 46,07 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı filialı ilə X6 arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən X5 23 ay müddətinə illik 22 faiz olmaqla, 2500 manat məbləğində nağd kredit verilmişdir. X1 22 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Qobustan rayon Notariat ofisinin 07 yanvar 2024-cü il tarixli, 02 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Şamaxı” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X4 12 iyul 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2500 manat əsas borc və 106,35 manat faiz borcu olmaqla, cəmi 2606,35 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 mərhum X3 qalmış miras əmlakı qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC sonradan ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulmasına dair” e-2(026)-387/2024 saylı mülki iş üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(026)-387/2024 saylı qərardadı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 e- 2(026)-387/2024 saylı iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 iddiaçının xeyrinə 12 iyul 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsinə əsasən 1916,35 manat əsas olmaqla, cəmi 1916,35 manat məbləğində kredit borcunun, ödənilmiş 46,07 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, məhkəmə icraatının gedişində cavabdeh tərəf mərhum Şamil Muradovun kredit borcundan müəyyən ödənişlər etmiş, onun faiz borcu tamamilə bağlanmış, hazırda 1916,35 manat məbləğində əsas kredit borcu qalmışdır. O, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirdi ki, o, mərhum atası Şamil Muradovun iddiaçıya olan kredit borcunu hissə-hissə qaytaracaqdır. Hazırda da iddia ərizəsi verildikdən sonra onun tərəfindən müəyyən ödənişlər edilmişdir. O, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, iddia ərizəsini və iddia tələbinin həcminin azaldılmasına dair ərizəni nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan "xxxx" ASC ilə borcalan X6 arasında bağlanmış 12 iyul 2021-ci il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsindən görünür ki, bank müqaviləyə əsasən borcalana 23 ay müddətində (12 iyun 2023-cü ilədək) 2500 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. İşdə surəti olan 12 iyul 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 2475 manat məbləğində pul borcalan X6 tərəfindən qəbul olunaraq məxaric edilmişdir. İşdə surəti olan AZ-İİ 216523 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 22 sentyabr 2021-ci ildə ölmüşdür. İşdə surəti olan Qobustan rayon Notariat ofisinin 07 yanvar 2024-cü il və 12 avqust 2024-cü il tarixli məktublarından görünür ki, 22 sentyabr 2021-ci il tarixində vəfat etmiş X3 qalan miras əmlaka dair 09 mart 2023-cü il tarixində Qobustan rayon Notariat ofisində Cavabdeh1 (miras qoyanın oğlu, vərəsələrdən yalnız biri) müraciəti əsasında vərəsəlik işi açılmış və 16 reyestr nömrəsi ilə qeyd edilmişdir. Miras qoyanın hər hansı əmlakına dair heç bir vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Cavabdeh1 müraciətində miras əmlakın Qobustan rayonunda yerləşən torpaq sahələrindən, pensiya qalığı ödənişindən və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən fərdi yaşayış evindən ibarət olduğunu bildirmiş, həmçinin özündən başqa aşağıda adları sadalanan vərəsələrin olduğunu qeyd etmişdir: 1) arvadı Cavabdeh2, 2) övladı Cavabdeh3, 3) övladı Cavabdeh4, 4) övladı Cavabdeh5, 5) övladı Cavabdeh6. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 21 avqust 2024-cü il tarixli məktubundan görünür ki, X4 adına Qobustan rayonu, Sündü kəndində 2,9422 ha, 2,2947 ha və 0,4199 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. İşdə surəti olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X4 12 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 25 iyun 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir: ödənilməmiş əsas borc 2500 manat, vəfat etdiyi tarixə faiz borcu 106,35 manat, borc üzrə cəmi məbləğ 2606,35 manat. İşdə surəti olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X4 12 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 23 aprel 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: ödənilməmiş əsas borc 1916,35 manat, faiz borcu 0 manat, borc üzrə cəmi məbləğ 1916,35 manat. İşdəki 11 mart 2025-ci il tarixli, 10/8299-9/8634 nömrəli ekspert rəyindən görünür ki, Qobustan rayon Sündü kəndi ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin satışına və qiymətinə dair məlumat olmadığından sözügedən torpaq sahəsinin mövcud orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. İşdə surəti olan 27 iyun 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 46,07 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə kreditor olan iddiaçı ilə X9 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər borcalan tərəfindən icra olunmamış, onun müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. X9 kredit ödənişlərini ödəməyə başlamamış 22 sentyabr 2021-ci ildə vəfat etmiş, ondan miras qalan əmlaka dair vərəsəlik işi açılsa da, vərəsələrdən heç biri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, eləcə də, onun vərəsələrindən hər hansı birinin miras əmlakdan ona düşən paydan qanunla müəyyən edilmiş müddət ərzində imtina etməsi müəyyən edilməmişdir. Mərhum X9un birinci növbə vərəsələrinin aşağıdakılardan ibarət olduğu müəyyən edilir: 1) arvadı Cavabdeh2, 2) övladı Cavabdeh1, 3) övladı Cavabdeh3, 4) övladı Cavabdeh4, 5) övladı Cavabdeh5, 6) övladı Cavabdeh6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Hazırkı iş üzrə cavabdeh qismində cəlb olunmuş şəxslərin də mərhum Şamil Muradovdan miras qalmış əmlakdakı paylarından qanunla müəyyən edilmiş müddət ərzində imtina etmələri müəyyən edilmədiyindən onların hər biri qanun üzrə birinci növbə vərəsə kimi mirası qəbul etmiş hesab olunmalı və miras qoyanın kreditoru qarşısında birgə borclu kimi məsuliyyət daşımalıdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən müddəalar onu göstərir ki, cavabdehlər mərhum borcalandan miras qalmış əmlakdan qanunla müəyyən edilmiş müddət ərzində imtina etməməklə onu qəbul etdiklərindən, onlar mərhum Şamil Muradovun öhdəliklərinə görə onun kreditoru qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlərdən Cavabdeh1 da mərhum atasının iddiaçıya olan kredit borcunun qaytarılmasına dair iddiaçının tələbinə etiraz etmədiyini və həmin borcu ödəyəcəyini bildirmişdir. Bununla yanaşı, işin məhkəmə icraatı gedişi zamanı da cavabdeh tərəfin mərhumun iddiaçıya olan faiz borcunu tamamilə, əsas borcunun isə bir hissəsini ödəməsi müəyyən edilmiş, bundan sonra iddiaçı da tələbin həcminin azaldılmasına dair ərizə verməklə, cavabdehlərdən kredit müqaviləsi üzrə yalnız 1916,35 manat əsas borcun tutulmasını tələb etmişdir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının mərhum Şamil Muradova 2500 manat məbləğində kredit verməsi, kredit məbləğinin onun tərəfindən qəbul olunması, mərhum borcalanın iddiaçıya hazırda ödənilməmiş 1916,35 manat əsas borcunun qalması, mərhum Şamil Muradovdan miras qalmış əmlakı öz paylarından qanunla müəyyən edilmiş müddət ərzində imtina etməməklə cavabdehlərin qanun üzrə vərəsə kimi qəbul etməsi, bu səbəblə də cavabdehlərin mərhumun öhdəliklərinə görə məsuliyyət daşımalı olması öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli, 12 iyul 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsi üzrə 1916,35 manat məbləğində əsas borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 46,07 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 12 iyul 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsi üzrə 1916,35 manat məbləğində əsas borc, ödənilmiş 46,07 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 12 iyul 2021-ci il tarixli, BPM**********88 saylı kredit müqaviləsi üzrə 1916,35 manat məbləğində əsas borc, ödənilmiş 46,07 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-5/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-5/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver