Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-503/2024 21.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 797,91 manat əsas, 109,51 manat faiz və 60,88 manat cərimə olmaqla, cəmi 968,30 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli, MK0013927-2023 saylı çərçivə kredit müqaviləsinə əsasən borcalana (cavabdehə) 60 ay müddətində, illik 48 % hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödənilməli olan kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh iddiaçı "xxxx" ASC-dən götürdüyü 1000 manat məbləğində kredit borcundan əsas məbləğ üzrə 202,09 manat, faiz borcundan isə 134,82 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən də cavabdehin iddiaçıya ödənilməmiş 797,91 manat əsas, 109,51 manat faiz və 60,88 manat cərimə borcu qalmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Çərçivə kredit müqaviləsinin 7.2-ci bəndinə görə, borcalan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan borcverənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün kredit xəttinin gecikdirilmiş əsas borc məbləğinin 1 faizi miqdarında cərimə ödəyir. Gecikdirilmiş kreditə görə gecikmənin ilk 3 gününə cərimə hesablanmır. Cərimə kreditin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 gün ərzində hesablanır. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 20 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir (23 sentyabr 2024-cü ildə onun şəxsi elektron kabinetinə yerləşdirilmişdir). MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə bildirişini rəsmi qaydada almış olmasına baxmayaraq, cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli, MK0013927-2023 nömrəli çərçivə kredit müqaviləsinin 2.1-ci bəndinə görə, bu müqaviləyə əsasən borcverən 60 ay müddətinə (04 sentyabr 2028-ci ilədək) 1000 manat məbləğində bərpa olunan kredit xəttini borcalana verir. Borcalan isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borcverənə ödəməyi, borcverənin xidmət haqlarını ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə təqdim ediləcək kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsi 48 faizdən çox, ayrılmış hər kredit tranşının müddəti 60 aydan çox ola bilməz. Həmin müqavilənin 7.2-ci bəndinə görə, borcalan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan borcverənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün kredit xəttinin gecikdirilmiş əsas borc məbləğinin 1 faizi miqdarında cərimə ödəyir. Gecikdirilmiş kreditə görə gecikdirmənin ilk 3 gününə cərimə hesablanmır. İşdə surəti olan 04 sentyabr 2023-cü il tarixli, MK0013927-2023 nömrəli çərçivə kredit müqaviləsinə 1 nömrəli, 04 sentyabr 2023-cü il tarixli əlavədən görünür ki, həmin çərçivə kredit müqaviləsi üzrə borcverən "xxxx" ASC tərəfindən borcalan Cavabdeh 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. İşdə surəti olan Cavabdeh "xxxx" ASC-yə 18 sentyabr 2024-cü il tarixinə olan borcu barədə 20 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş 1000 manat məbləğində kreditə görə 202,09 manat əsas və 134,82 manat faiz borcu ödənişi etmişdir. Ödənilməli olan əsas borcun məbləği 797,91 manat, faiz borcunun məbləği 109,51 manat, cərimə borcunun məbləği 60,88 manat olmaqla, ödənilməli cəmi borc məbləği 968,30 manat təşkil edir. İşdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. İşdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 20 sentyabr 2024cü ildə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 1000 manat məbləğində kredit verməsi, cavabdehin iddiaçıya ödənilməmiş 797,91 manat əsas və 109,51 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 60,88 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, cavabdeh də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia tələbi təmin edilməli, 04 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 797,91 manat məbləğində əsas borc, 109,51 manat məbləğində faiz borcu, 60,88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 968,30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 04 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 797,91 manat məbləğində əsas borc, 109,51 manat məbləğində faiz borcu, 60,88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 968,30 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-503/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-503/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver