Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-515/2025 02.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli, 344559-CNS-61831 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləyə əsasən 08 avqust 2025-ci il tarixə banka borclu olduğu 3656,71 manat məbləğində əsas borc, 165,47 manat məbləğində faiz borcu, ümumilikdə isə 3822,18 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 58,22 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli, 344559-CNS-61831 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləyə əsasən Cavabdeh 27 aprel 2022-ci il tarixli, 344559-1-34544 saylı kredit müqaviləsi üzrə banka 27 aprel 2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 3656,71 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 22 aprel 2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 3822,18 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 25 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 22 noyabr 2024-cü il tarixli, 344559-CNS-61831 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilədən görünür ki, bank kredit alana onun 27 aprel 2022ci il tarixli, 344559-1-34544 nömrəli müqavilə üzrə banka 22 noyabr 2024-cü il tarixinə mövcud olan kapitallaşdırılmış borcunun ödənilməsi məqsədilə illik 13 faiz dərəcəsi ilə 24 ay müddətinə 3656,71 manat məbləğində kredit ayırmağı, kredit alan isə krediti, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə banka illik 13 faiz ödəməyi öhdəsinə götürür. İşdə surəti olan 27 aprel 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 27 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 4915,15 manat məbləğində pul kredit alan Cavabdeh hesabına köçürülmüş və onun tərəfindən qəbul edilmişdir. İşdə surəti olan İddiaçı tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 344559-CNS-61831 saylı, 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə 08 avqust 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: əsas borc – 3656,71 manat, faiz borcu – 165,47 manat, cərimə borcu – 0 manat, cəmi borc 3822,18 manat. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 08 avqust 2025-ci ildə xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 22 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 58,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, iddiaçı 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə cavabdehə onun 27 aprel 2022-ci il tarixli müqavilədən irəli gələn kredit borcunu restrukturizasiya etmək məqsədilə 3656,71 manat məbləğində kredit vermişdir. Həmin kreditin isə cavabdehin mənafeyinə uyğun olaraq istifadə edilməsinə baxmayaraq, müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, 22 noyabr 2024-cü il tarixli müqavilə üzrə kredit borclarını iddiaçıya tam qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına yuxarıda göstərilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, iş materialları ilə 22 noyabr 2024-cü il tarixli, 344559-CNS-61831 nömrəli müqavilə üzrə iddiaçının cavabdehə 3656,71 manat məbləğində kredit verməsi və həmin kreditin cavabdehin əvvəlki kredit borcunun bağlanması üçün istifadə edilməsi, cavabdehin iddiaçıya ödənilməmiş 3656,71 manat əsas və 165,47 manat faiz borcunun qalması öz təsdiqini tapır. Cavabdeh də iddiaya qarşı hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 22 noyabr 2024-cü il tarixli, 344559-CNS-61831 nömrəli müqavilə üzrə 3656,71 manat məbləğində əsas borc və 165,47 manat məbləğində faiz borcu olmaqla, cəmi 3822,18 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 58,22 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 noyabr 2024-cü il tarixli, 344559-CNS-61831 nömrəli müqavilə üzrə 3656,71 manat məbləğində əsas borc və 165,47 manat məbləğində faiz borcu olmaqla, cəmi 3822,18 manat məbləğində pul vəsaiti və 58,22 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-515/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-515/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver