Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-52/2025 13.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 751,69 manat, faiz borcuna görə 32 manat, cəmi 783,69 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, **********0040 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 104 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 20 dekabr 2019cu il tarixli, **********0040 saylı kredit müqaviləsi 10 iyun 2020-ci il tarixli, **********0140 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1306,69 manat, faiz 0 manat, cərimə 0 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 22 noyabr 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 751,69 manat, faiz borcuna görə 32 manat, cərimə borcuna görə 0 manat, cəmi 783,69 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.3-cü maddəsinin tələbinə müvafiq olaraq, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) kredit müqaviləsi; 2) “Fincard” kredit vermə qəbzi; 3) kredit kartının mədaxil aktı; 4) maliyyə arayışı; 5) kredit müqaviləsinin restrukturizasiyasına dair saziş; 6) müştərinin qeydiyyat forması. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 13 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, **********0040 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə 1500 manat məbləğində pul vəsaitini (krediti) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 28 faiz illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. İşdə surəti olan 20 dekabr 2019-cu il tarixli kredit kartının mədaxil (qəbul) aktından görünür ki, kredit alan Cavabdeh təsdiq edir ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********665627 saylı kredit kartında ona təqdim edilmişdir. İşdə surəti olan kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, **********0040 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 10 iyun 2020-ci il tarixli, **********0140 saylı sazişdən görünür ki, bu restrukturizasiya sazişi ilə tərəflər arasında bağlanmış əsas müqaviləyə aşağıda qeyd edilən dəyişikliklər barədə razılığa gəlirlər: müqavilə üzrə bu sazişin imzalandığı tarixə əsas qalıq borc məbləği – 1306,69 manat. Sazişin bağlandığı tarixdən etibarən sazişin 1-ci maddəsində göstərilən qalıq məbləğinə 28 faiz dərəcəsi ilə faizlər hesablanacaqdır. Bu sazişin 1-ci maddəsində göstərilən məbləğ 13 ay müddətinə tamamilə ödəniləcəkdir. Bu saziş əsas müqavilənin tərkib hissəsi hesab edilir, əsas müqavilə ilə müəyyən edilmiş və hazırkı saziş ilə dəyişdirilmiş şərtlərə münasibətdə bu sazişin şərtləri üstünlük təşkil edir, əsas müqavilə və onun bütün digər şərtləri öz qüvvəsini saxlayır. İşdə surəti olan 22 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 iyun 2020-ci il tarixli, **********0140 saylı kredit sazişi üzrə ödənilməmiş əsas borcu 751,69 manat, faiz borcu 32 manat, cərimə borcu 0 manat, cəmi qalıq borc 783,69 manat təşkil edir. İşdə surəti olan 03 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, iddiaçı 20 dekabr 2019-cu il tarixli, **********0040 saylı kredit müqaviləsi üzrə cavabdehə 1500 manat məbləğində kredit vermiş, həmin məbləğ cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra tərəflər arasında həmin kredit müqaviləsinin restrukturizasiyasına dair 10 iyun 2020-ci il tarixli, **********0140 saylı saziş bağlanılmış, cavabdehin qalıq əsas borc məbləği 1306,69 manat olaraq müəyyən edilmiş, illik faiz dərəcəsi 28 faiz olaraq razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh yenə də müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə kredit borclarını iddiaçıya qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına yuxarıda göstərilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 1500 manat məbləğində kredit verməsi, həmin kreditin cavabdeh tərəfindən qəbul edilməsi, cavabdehin iddiaçıya ödənilməmiş 751,69 manat əsas borcu və 32 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddia təmin edilməli, kredit müqaviləsi üzrə 751,69 manat məbləğində əsas borc, 32 manat məbləğində faiz borcu olmaqla, cəmi 783,69 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kredit müqaviləsi üzrə 751,69 manat məbləğində əsas borc, 32 manat məbləğində faiz borcu olmaqla, cəmi 783,69 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-52/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-52/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver