Məhkəmə qərarları › İş №e-2(026)-529/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-529/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-529/2025 03.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 666,15 manat məbləğində əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 93,6 manat faiz borcu olmaqla, cəmi 759,75 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 861/13-BK saylı, 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 32% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 861/13-BK saylı, 10 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında LM092000344 nömrəli, 10 sentyabr 2020-ci il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 861/13-BK saylı, 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 793,79 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə, aylıq 33,42 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix 10 sentyabr 2023-cü il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi bağlanarkən Cavabdeh2 ilə bank arasında LM092000344 nömrəli, 10 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 16 iyul 2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 666,15 manat əsas və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 93,6 manat faiz borcu təşkil edir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 29 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 861/13BK saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana 3000 manat məbləğində kredit verir. Kredit 24 ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 32 faiz ödəyir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 64 faiz dərəcəsi ilə, aylıq isə 5,33 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İşdə surəti olan 10 dekabr 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İşdə surəti olan kreditor İddiaçı ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, ZM-861/13BK saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 861/13BK saylı, 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə surəti olan LPO İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, LM092000344 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəflər arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 861/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 793,79 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılır. Borcun ödənilməli olduğu son tarix 10 sentyabr 2022-ci ildir. İşdə surəti olan LPO İddiaçı ASC, borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, LM092000344 nömrəli zaminlik müqaviləsindən görünür ki, ləğv prosesində olan bankla borclu arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, LM092000344 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə verilmiş 793,79 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə ləğv prosesində olan bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borclu ilə birlikdə ləğv prosesində olan bank qarşısında restrukturizasiya müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. İşdəki 17 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, LM092000344 saylı kredit müqaviləsi üzrə 16 iyul 2025-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 666,15 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 0 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 93,6 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 759,75 manat. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 17 iyul 2025-ci il tarixli bildiriş məktubu göndərilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İşdə surəti olan 29 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında 10 dekabr 2013-cü il tarixində kredit müqaviləsi bağlanmış, sonuncuya 3000 manat məbləğində kredit verilmiş, həmin məbləğ borcalan tərəfindən qəbul edilmişdir. Borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə həmin tarixdə bank, borcalan və zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi restrukturizasiya olunmuş, 10 sentyabr 2020-ci il tarixində restrukturizasiya müqaviləsi və həmin müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsi ilə borcun ödənilməli olduğu son tarix kimi 10 sentyabr 2022-ci il, restrukturizasiya edilmiş kreditin məbləği 793,79 manat müəyyən edilmişdir. İddiaçı isə hazırkı tələblə 29 avqust 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə ilk öncə zaminə qarşı iddiaçının hazırkı tələblə çıxış edə bilmək hüququnun olub-olmamasını qiymətləndirməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə bildirir ki, hazırkı iş üzrə Cavabdeh2 ilə bağlanılmış 10 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən onun zaminliyi üçün konkret müddət müəyyən edilməsə də, əsas öhdəliyin icrası müddəti yekun olaraq 10 sentyabr 2022-ci il tarixdə başa çatmışdır. Bu isə onu göstərir ki, iddiaçı zaminə qarşı zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 10 sentyabr 2022-ci il tarixdən 1 il ərzində iddia irəli sürməli olsa da, bunu etməmiş, ona qarşı iddiasını yalnız 29 avqust 2025-ci ildə irəli sürmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh2 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Ona görə də Cavabdeh2 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən normaların tələblərini hazırkı işə tətbiq edərək bildirir ki, iddiaçının Cavabdeh1 3000 manat kredit verməsi, sonuncunun həmin məbləği qəbul etməsi, onun ödənişləri lazımınca icra edə bilməməsi, həmin kredit öhdəliyinin restrukturizasiya edilməsi, 10 sentyabr 2020-ci il tarixli restrukturizasiya müqaviləsi ilə restrukturizasiya edilmiş kredit məbləğinin 793,79 manat müəyyən edilərək, öhdəliyin son icrası tarixinin 10 sentyabr 2022-ci il olaraq göstərilməsi, kredit müqaviləsinin müddəti bitdikdən sonra da Cavabdeh1 tərəfindən iddiaçıya kredit borcunun tam ödənilməməsi, Cavabdeh1 iddiaçıya ödənilməmiş 666,15 manat əsas və 93,6 manat müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcunun qalması öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh1 10 sentyabr 2020-ci il tarixli, LM092000344 nömrəli restrukturizasiya müqaviləsi üzrə 666,15 manat məbləğində əsas borc, 93,6 manat məbləğində müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 759,75 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi Cavabdeh1 münasibətdə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 sentyabr 2020-ci il tarixli, LM092000344 nömrəli restrukturizasiya müqaviləsi üzrə 666,15 manat məbləğində əsas borc, 93,6 manat məbləğində müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 759,75 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar