Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-548/2024 18.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 450 manat əsas borc, 22,5 manat faiz borcu, 65,25 manat komissiya və 202,25 manat cərimə olmaqla, cəmi 740 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli, **********004 saylı mikrokredit müqaviləsinə əsasən cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərtilə 450 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 450 manat mikrokredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə 22,5 manat, xidmət haqqına görə isə 65,25 manat olmaqla, cəmi 537,75 manat pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə gecikdirilən hər gün üçün 0,85 faiz həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 202,25 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan borcu 740 manat təşkil edir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 15 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli, **********004 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə borcalana 05 yanvar 2024-cü ilədək qaytarmaq şərtilə 450 manat məbləğində kredit verilir, borcalan isə həmin kredit məbləğini, verilmiş kreditdən istifadəyə görə 5 faizlə hesablanmış 22,5 manat məbləğində haqqı, kredit məbləği üzrə xidmət haqqı kimi 65,25 manatı, ümumilikdə 537,75 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85 faiz həcmində faiz tələb etmək hüququna malikdir. İşdə surəti olan 06 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli, **********004 saylı mikrokredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 450 manat əsas, 22,5 manat faiz, 65,25 manat komissiya və 202,25 manat cərimə olmaqla, cəmi 740 manat borc mövcuddur. İşdə surəti olan 07 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə 06 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 450 manat məbləğində kredit verməsi, cavabdehin iddiaçıya həmin kredit məbləğini, faiz kimi 22,5 manat və komissiya kimi 65,25 manat, ümumilikdə 537,75 manat qaytarmağı öhdəsinə götürməsi, cavabdehin iddiaçıya ödənilməmiş 450 manat əsas, 22,5 manat faiz və 65,25 manat komissiya borcunun qalması öz təsdiqini tapdığından, iddia tələbi əsas, faiz və komissiya borcuna dair hissələrdə tam təmin edilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, tələb olunan cərimənin məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda əsas borcun məbləğinin 450 manat olduğunu nəzərə alan məhkəmə bildirir ki, həmin məbləğ üzrə ödənişlərin gecikdirilməsinə görə 202,25 manat məbləğində cərimənin hesablanması tənasübsüz dərəcədə yüksək olmuşdur və cərimə məbləği əsas borcun məbləğinə mütənasib deyil. Məhkəmə MM-in 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimənin azaldılmalı olduğunu bildirir və iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimənin məbləğinin 45 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi cərimə borcuna dair hissədə qismən təmin edilməli, cavabdehdən 45 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi cərimə borcuna dair qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas, faiz və komissiya borcuna dair hissələrdə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 06 dekabr 2023-cü il tarixli, **********004 nömrəli kredit müqaviləsi üzrə 450 manat məbləğində əsas borc, 22,5 manat məbləğində faiz borcu, 65,25 manat məbləğində komissiya borcu və 45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 582,75 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 dekabr 2023-cü il tarixli, **********004 nömrəli kredit müqaviləsi üzrə 450 manat məbləğində əsas borc, 22,5 manat məbləğində faiz borcu, 65,25 manat məbləğində komissiya borcu və 45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 582,75 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-548/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-548/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver