Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-567/2024 09.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 7718,23 manat məbləğində kredit borcu, 425,11 manat məbləğində faiz borcu və 49,17 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8192,51 manat məbləğində borcun və ödənilmiş 101,93 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 11 noyabr 2022-ci il tarixdə bağladığı 003A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 manat məbləğində kredit götürmüşdür. O, 11 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3281,77 manat ödəniş etmiş və оnun iddiaçıya 7718,23 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 27 sentyabr 2024-cü il tarixə 78 gün üçün hesablanmış faiz borcu 441,73 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 27 sentyabr 2024-cü il tarixə 78 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 49,17 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, həqiqətən də, iddiaçı bankdan kredit müqaviləsi üzrə 11000 manat məbləğində kredit götürmüşdür. Doğrudur, bir sıra hallarda o, kredit üzrə borcların geri qaytarılmasında gecikmələrə yol vermişdir, amma bu da onun iş yerində əmək haqqının gec ödənilməsi ilə bağlı olmuşdur. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır və hər ay maaşı kart hesabına yüklənəndə kredit borcundan ödənişləri etmişdir. Lakin bank tərəfindən onun ödənişləri əvvəlcə gecikməyə görə hesablanmış cəriməyə və faiz borcuna çıxılmış, yalnız qalan məbləğ əsas borcdan çıxılmışdır. Hətta bəzi hallarda o, artıq ödənişlər də etmişdir. Hesab edir ki, onun bütün ödənişləri əsas borca hesablanmalı idi. Hazırda iki aydan çoxdur ki, gecikməsi mövcuddur. Buna baxmayaraq, o, borcundan boyun qaçırmır, onu ödəyəcəkdir. Lakin xahiş edir ki, onun borcunu ödəməsi üçün yeni qrafik müəyyən edilsin. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı QSC ilə müştəri Cavabdeh arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, müştəri bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuşdur və onları qəbul edir. Müqavilənin xüsusi şərtlərindən görünür ki, müştəriyə 40000 manat məbləğində 48 ay müddətinə maksimum faiz dərəcəsi 28 faiz olmaqla kredit limiti ayrılmış, müştəri tərəfindən həmin tarixdə 48 ay müddətinə 21 faiz dərəcəsi ilə 11000 manat məbləğində kredit sifariş edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi, 11000 manat məbləğində kredit Cavabdeh tərəfindən 11 noyabr 2022-ci il tarixində hesabdan məxaric edilmişdir. İşdə surəti olan İddiaçı QSC-nin 27 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh 11 noyabr 2022-ci il tarixli kredit razılaşması üzrə 27 sentyabr 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 7718,23 manat, faiz üzrə borc 425,11 manat, cərimə borcu 49,17 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 78 gün, cəmi borc 8192,51 manat. İşdə surəti olan İddiaçı QSC-nin 16 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh 11 noyabr 2022-ci il tarixli kredit razılaşması üzrə 16 noyabr 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 7511,3 manat, faiz üzrə borc 499,29 manat, cərimə borcu 70,93 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 95 gün, cəmi borc 8081,52 manat. İşdə surəti olan İddiaçı QSC-nin bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndindən görünür ki, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix pərakəndə (nağd) kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Həmin ümumi şərtlərin 7.8-ci bəndindən görünür ki, müştəri pərakəndə (nağd) kredit barədə müqavilə üzrə krediti və kredit faizini kredit verildikdən sonra hər 30 təqvim günündə bir dəfə olmaqla ərizədə razılaşdırılmış cari hesab vasitəsilə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin ümumi şərtlərin 7.11-ci bəndindən görünür ki, kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin ümumi şərtlərin 7.14-cü bəndindən görünür ki, müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, komisyon haqqı, kredit faizi və nəhayət sonda kreditin qalıq məbləği silinir. Bank bu növbəliliyi öz mülahizəsinə uyğun olaraq birtərəfli qaydada dəyişmək hüququna malikdir. Həmin ümumi şərtlərin 7.21-ci bəndindən görünür ki, bank müştəri krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin ümumi şərtlərin 7.36.1-ci bəndindən görünür ki, müştəri krediti və kredit faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq vaxtında və lazımi qaydada qaytara bilmədikdə, bank pərakəndə (nağd) kredit barədə müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İşdə surəti olan 04 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 101,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, cavabdeh 11 noyabr 2022-ci il tarixli ərizəni imzalamaqla iddiaçı tərəfindən tərtib olunmuş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərini qəbul etmiş və həmin tarixli kredit razılaşması üzrə 48 ay müddətinə 21 faiz dərəcəsi ilə 11000 manat məbləğində krediti əldə etmişdir. Sözügedən məbləğdə kreditin onun tərəfindən qəbul edilməsini cavabdehin özü də təsdiq etmişdir. Hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh kredit borcu üzrə ödənişlərin edilməsində gecikmələrə yol vermişdir və onun özü də kredit ödənişlərini gecikmələrlə etdiyini qəbul edir. Bununla belə, o, etirazının əsası kimi ona istinad etmişdir ki, onun tərəfindən edilmiş ödənişlər ilkin olaraq kredit üzrə cərimə və faiz borclarına, daha sonra əsas borca çıxılmışdır. Məhkəmə cavabdehin həmin dəlilini əsassız sayır və bildirir ki, onun özünün də şərtlərini qəbul etdiyi bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.14-cü bəndindən göründüyü kimi, müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, komisyon haqqı, kredit faizi və nəhayət sonda kreditin qalıq məbləği silinir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin hər ay əmək haqqı məbləğinin ödənilməsi tarixinin dəyişməsi və ya vaxtından gec ödənilməsi onun kredit borcunu müəyyən olunmuş müddət ötdükdən sonra ödəməyə əsas vermir və bu hal özlüyündə cavabdehin kredit borcunun ödənilməsinin gecikdirilməsi kimi qiymətləndirilir. Cavabdehin də qəbul etmiş olduğu ümumi şərtlərin 7.21-ci bəndində onun tərəfindən ödənişlərin gecikdirilməsi halında bankın cərimə borcu hesablamaq hüququ təsbit edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı iddia tələbində 7718,23 manat məbləğində kredit borcu, 425,11 manat məbləğində faiz borcu və 49,17 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8192,51 manat məbləğində borcun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmiş, bununla bağlı iddia ərizəsinə 27 sentyabr 2024-cü il tarixli maliyyə arayışını əlavə etmişdir. Lakin sonradan iddiaçı tərəfindən 16 noyabr 2024cü il tarixli maliyyə arayışı təqdim edilmiş, həmin arayışda cavabdehin iddiaçıya həmin tarixə olan əsas məbləğ üzrə borcunun 7511,3 manat, faiz üzrə borcunun 499,29 manat, cərimə borcunun 70,93 manat, cəmi borcunun 8081,52 manat olduğu qeyd olunmuş, lakin iddiaçı tərəfindən tələbin həcminin dəyişdirilməsi barədə ərizə təqdim olunmamışdır. Ona görə də məhkəmə hazırkı işə irəli sürülən tələb həcmində baxır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən əsas borc məbləği kimi 7718,23 manat tələb edilmiş olsa da, onun tərəfindən təqdim edilmiş 16 noyabr 2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi, cavabdehin əsas məbləğ üzrə borcu 7511,3 manat təşkil edir. Bu baxımdan məhkəmə iddia tələbinin əsas borc məbləğinə dair hissədə qismən təmin edilərək, cavabdehdən əsas borc üzrə 7511,3 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə faiz borcu ilə bağlı bildirir ki, tələb olunan faiz borcu məbləği 425,11 manat olduğundan, iddiaçının sonradan faiz borcunun məbləğinin 499,29 manat olmasına dair maliyyə arayışı verməsinə baxmayaraq, iddia tələbi faiz borcuna dair hissədə tam təmin olunaraq, cavabdehdən faiz borcu üzrə 425,11 manat pul tutularaq iddiaçıya ödənilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul edir və cavabdehin özünün də ödənişləri hazırda da gecikdirməsi halını qəbul etməsini nəzərə alıb onun cərimə borcuna dair etirazlarını əsassız sayır. Bu zaman həmçinin onu da qeyd edir ki, tələb olunan cərimə borcu məbləği əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək deyil. 16 noyabr 2024cü il tarixli maliyyə arayışında cərimə borcunun məbləği 70,93 manat olaraq göstərilmiş olsa da, iddiaçı tərəfindən tələb olunan cərimə borcu məbləği 49,17 manat təşkil edir. Məhkəmə bildirir ki, iddia cərimə borcuna dair hissədə də tam təmin olunaraq, cavabdehdən cərimə borcu üzrə 49,17 manat pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi böyük hissədə təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 101,93 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7511,3 manat məbləğində əsas borc, 425,11 manat məbləğində faiz borcu, 49,17 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7985,58 manat məbləğində pul vəsaiti və 101,93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin cavabdehin kredit borcunu ödəməsi üçün yeni ödəniş qrafikinin müəyyən edilməsi barədə xahişinə dair bildirir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmetinə aid deyil və cavabdeh həmin xahişlə qətnamənin icrası mərhələsində qanunla müəyyən edilmiş qaydada müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7511,3 manat məbləğində əsas borc, 425,11 manat məbləğində faiz borcu, 49,17 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7985,58 manat məbləğində pul vəsaiti və 101,93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-567/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-567/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver