Məhkəmə qərarları › İş №e-2(026)-572/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-572/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-572/2024 23.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4804,9 manat əsas, 633,76 manat faiz, cəmi 5438,66 manat məbləğində pul vəsaitinin və 74,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 14 iyun 2023-cü il tarixli, GTZK1945335B172 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə illik 22,5 faiz dərəcəsi ilə 5500 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kreditin online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, vəsait filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, vəsaitin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin 21 oktyabr 2024-cü il tarixə iddiaçıya 4804,9 manat əsas, 633,76 manat faiz, cəmi 5438,66 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də onun iddiaçı banka kredit müqaviləsi üzrə borcu qalmışdır. Borcunu ödəyə bilməməsinin səbəbi hazırda işsiz olmasıdır. İş tapan kimi həmin borcu ödəyəcəkdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər təqdim edilmişdir, iddia ərizəsi tam əsaslı və qanunidir. İddiaçı işə onun iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında elektron qaydada bağlanmış 14 iyun 2023-cü il tarixli, GTZK1945335B172 nömrəli kredit müqaviləsindən görünür ki, bank bu müqavilənin şərtlərinə uyğun olaraq müştəriyə 48 ay müddətinə, illik 22,5 faiz dərəcəsi ilə 5500 manat məbləğində kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri qaytarır. İşdə surəti olan 14 iyun 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 5500 manat məbləğində pul Cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə surəti olan 21 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 14 iyun 2023-cü il tarixli, GTZK1945335B172 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 22,5 faiz dərəcəsi ilə 5500 manat kredit vəsaiti mədaxil edilmişdir. Kreditin online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, vəsait filialdan əldə edilmişdir. Cavabdeh 21 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 4804,9 manat əsas, 633,76 manat faiz, cəmi 5438,66 manat borcu yaranmışdır. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 07 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 21 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 74,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının cavabdehə 5500 manat məbləğində kredit verməsi və cavabdehin həmin məbləğdə krediti qəbul etməsi, cavabdehin iddiaçıya ödənilməmiş 4804,9 manat əsas və 633,76 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, cavabdeh də iddianı qəbul etdiyindən, iddia tələbi təmin edilməli, 14 iyun 2023-cü il tarixli, GTZK1945335B172 nömrəli kredit müqaviləsi üzrə 4804,9 manat məbləğində əsas borc və 633,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 5438,66 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 74,39 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 14 iyun 2023-cü il tarixli, GTZK1945335B172 nömrəli kredit müqaviləsi üzrə 4804,9 manat məbləğində əsas borc və 633,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 5438,66 manat məbləğində pul vəsaiti və 74,39 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 iyun 2023-cü il tarixli, GTZK1945335B172 nömrəli kredit müqaviləsi üzrə 4804,9 manat məbləğində əsas borc və 633,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 5438,66 manat məbləğində pul vəsaiti və 74,39 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar