Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-632/2024 26.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1398,54 manat əsas, 235,98 manat faiz, cəmi 1634,52 manat pul vəsaitinin və 36,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 29 yanvar 2024-cü il tarixli, BRCB6067756B299 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 13 aprel 2024-cü il tarixli, BRCB6067756B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 58 ay müddətinə 1500 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin 21 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 1398,54 manat əsas və 235,98 manat faiz, cəmi 1634,52 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 25 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında elektron qaydada bağlanmış 29 yanvar 2024-cü il tarixli, BRCB6067756B299 nömrəli “X1 Kart” müqaviləsindən görünür ki, bank müştəriyə “X1” ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Kredit xəttindən sonra istifadə tarixi 31 dekabr 2026-cı il olaraq müəyyən edilir. İşdə surəti olan İddiaçı ASC ilə müştəri Cavabdeh arasında elektron qaydada bağlanmış 29 yanvar 2024-cü il tarixli, BRCB6067756B299 nömrəli “X1 Kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair 13 aprel 2024-cü il tarixli əlavə razılaşmadan görünür ki, müqavilə üzrə kredit xəttinin yeni məbləği 1500 manat müəyyən olunur. Kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 35 faiz, taksit əməliyyatları üzrə isə 0 faiz təşkil edir. İşdə surəti olan 23 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2024-cü il tarixli, BRCB6067756B299 saylı müqaviləyə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 13 aprel 2024-cü il tarixli, BRCB6067756B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 58 ay müddətinə 1500 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh 21 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 1398,54 manat əsas, 235,98 manat faiz, cəmi 1634,52 manat borcu yaranmışdır. İşdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 16 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 22 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 36,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında kredit xəttindən istifadə üzrə öhdəlik münasibətləri yaranmış, lakin həmin öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit xətti üzrə iddiaçının cavabdehə 1500 manat məbləğində kredit xətti ayırması, cavabdehin iddiaçıya ödənilməmiş 1398,54 manat əsas və 235,98 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından, cavabdeh də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia tələbi təmin edilməli, 13 aprel 2024-cü il tarixli əlavə razılaşma üzrə 1398,54 manat məbləğində əsas borc və 235,98 manat məbləğində faiz borcu olmaqla, cəmi 1634,52 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 36,35 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 aprel 2024-cü il tarixli əlavə razılaşma üzrə 1398,54 manat məbləğində əsas borc və 235,98 manat məbləğində faiz borcu olmaqla, cəmi 1634,52 manat məbləğində pul vəsaiti və 36,35 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-632/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-632/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver