Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-634/2025 09.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə Cavabdeh ödənilməmiş 1953 manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat rüsumun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 15 noyabr 2022-ci il tarixində “administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 01 iyul 2025-ci il tarixli, 111-x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin bitməsi ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, iddiaçının “Şamaxı-3” mağazasında çalışdığı zaman 23 avqust 2023-cü il tarixində aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin iddiaçıya müvafiq olaraq 3121,07 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli inventarizasiya nəticələrinə dair aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından da məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda iddiaçıya ümumilikdə 1953 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, e-2(026)-634/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər 15 dekabr 2025-ci il və 19 yanvar 2026-cı il tarixli hazırlıq iclaslarında və 09 fevral 2026-cı il tarixli baxış iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı 09 fevral 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iş üzrə əlavə sənəd və digər sübutlarının olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki İddiaçı MMC-nin 01 sentyabr 2022-ci il tarixli, 437 İ-Q saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 01 sentyabr 2022-ci il tarixindən etibarən “Satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 sentyabr 2022-ci ildə əmək müqaviləsi bağlanmış, sonuncu Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə “Satıcı-kassir” vəzifəsinə qəbul edilmiş, bununla əlaqədar əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi sistemə yerləşdirilmişdir. İşdəki Cavabdeh tərəfindən İddiaçı MMC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış 15 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, 15 noyabr 2022-ci il tarixindən Satış şöbəsində administrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. İşdəki İddiaçı MMC-nin 15 noyabr 2022-ci il tarixli, 615 V-d saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində 15 noyabr 2022-ci il tarixindən administrator vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdəki 30 mart 2022-ci il tarixli əmək müqaviləsinə 15 noyabr 2022-ci il tarixli əlavədən görünür ki, Cavabdeh 15 noyabr 2022-ci il tarixindən İddiaçı MMC-nin Satış şöbəsində administrator vəzifəsinə keçirilir və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 manat təyin edilir. Bununla əlaqədar əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi sistemə yerləşdirilmişdir. İşdəki İddiaçı MMC ilə Cavabdeh arasında vəzifə dəyişikliyi ilə əlaqədar bağlanmış tam maddi məsuliyyət haqqında 15 noyabr 2022-ci il tarixli müqaviləsindən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunur və ona aşağıdakılar etibar olunur: maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: 1) Ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; 2) İşəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; 3) Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; 4) İnzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməlidir. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır. İşçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İşçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrasını işəgötürənin ünvanında icra etməlidir. İşçinin tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyəti üzrə məhkəməyə verə bilər. Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydada qanunvericiliyə əsasən həyata keçirilir. İşdəki İddiaçı MMC tərəfindən tərtib edilmiş administratorun vəzifə təlimatlarından görünür ki, anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət etmək onun vəzifə funksiyası kimi göstərilməklə yanaşı, administrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır. İşdəki İddiaçı MMC-nin növbədənkənar inventarizasiyanın aparılması haqqında 23 avqust 2023-cü il tarixli, 1682 nömrəli əmrindən görünür ki, həmin əmrlə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən “OBA-Şamaxı 3 (720)” mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 23 avqust 2023-cü il tarixinə olan vəziyyətinin yoxlanmasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün müvafiq tərkibdə işçi qrupunun yaradılması, işçi qrupuna təyin edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasının həyata keçirilməsinin tapşırılması, işçi qrupunun qeyd edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasını 23 avqust 2023-cü il tarixində başlayıb 24 avqust 2023-cü il tarixinə kimi yekunlaşdırması, işçi qrupuna inventarizasiyanı filial üzrə maddi məsul şəxslərin bilavasitə iştirakı ilə apararaq nəticələrinin aktlaşdırılmasının tapşırılması əmr edilmişdir. İşdən görünür ki, 23 avqust 2023-cü ildə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Şamaxı 3 (720)” mağazasında 2787 adda məhsula dair inventarizasiya siyahısı tərtib edilmiş, maddi məsul şəxs Cavabdeh da müvafiq aktları təsdiqləmiş, inventarizasiya nəticəsində 3121,07 manat məbləğində məhsulun əskik gəldiyi müəyyən edilmişdir. İşdəki İddiaçı MMC-nin inventarizasiya komissiyasına maddi məsul şəxs Cavabdeh tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli iltizamnamədən görünür ki, o, sayımda tam olaraq iştirak etmiş, artıq və əskik sayılan çəki və miqdarlar yoxlanılmışdır. Onun sayımdan narazılığı yoxdur. İşdəki İddiaçı MMC-nin İdarə Heyəti sədrinin 13 sentyabr 2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı MMC-nin 23 avqust 2023-cü il tarixində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə “Təbii itki normaları” tətbiq edilməsi məqsədilə əmr edilmişdir ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunsun, “Təbii itki norması” satış dövriyyəsinin 0,35 faizi müəyyən edilsin, Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin etsin. İşdəki İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış, 2373 manat əskik gəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Xahiş olunmuşdur ki, 3 gün müddətində qeyd olunan borcun ödənilməsi təmin edilsin, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir. İşdəki İddiaçı MMC-nin 15 aprel 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 23 avqust 2023-cü il tarixində 3121,07 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1953 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 15 aprel 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1953 manat təşkil edir. İşdəki İddiaçı MMC-nin 01 iyul 2025-ci il tarixli, 111-x saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə 01 iyul 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Bununla əlaqədar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, qanunverici Əmək Məcəlləsinin 191.2-ci maddəsində işçinin və ya işəgötürənin vurduqları ziyana görə maddi məsuliyyətinin yaranmasını eyni zamanda mövcudluğu tələb olunan 3 şərtdən asılı etmişdir. Əmək Məcəlləsinin 199.1-ci maddəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladığı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Hazırda iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı cəmiyyətin ünvan 1 ünvanında yerləşən “OBA-Şamaxı 3 (720)” mağazasında 01 sentyabr 2022-ci ildə “Satıcıkassir” vəzifəsində işləməyə başlamış, 15 noyabr 2022-ci ildən isə həmin mağazada “Administrator” vəzifəsində çalışmışdır. Bununla da 15 noyabr 2022-ci ildən etibarən cavabdeh sözügedən mağazada maddi məsul şəxs olmuş, onunla 15 noyabr 2022-ci ildə tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Həmin müqaviləyə əsasən o, maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, administratorun vəzifə təlimatları ilə də anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət etmək onun vəzifə funksiyası kimi göstərilməklə yanaşı, administratorun sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıdığı göstərilmişdir. Cavabdehin administrator olduğu mağazada 23 avqust 2023-cü il tarixində keçirilmiş sayımda müxtəlif məhsullarda əskiklər müəyyən edilmiş, bununla bağlı inventarizasiya siyahısı, müvafiq aktlar tərtib edilmiş, daha sonra üzləşmələrdə cavabdehin də iştirakı təmin edilmiş, onun özü də aktları imzalamışdır. İddiaçı inventarizasiya komissiyası tərəfindən cavabdehin fəaliyyətinin yoxlanılması zamanı 23 avqust 2023-cü ildə 3121,07 manat dəyərində məhsulun çatışmamasının müəyyən edildiyini, həmin məbləğdə məhsulun çatışmamasına görə məsuliyyətin maddi məsul şəxs kimi cavabdehin üzərinə düşdüyünü, bununla da cavabdeh tərəfindən ona müvafiq zərər vurulduğunu və cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağladığını bildirmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləğinin əskik gəlmələrə görə ümumi olaraq cavabdehin iddiaçıya olan ümumi borcunun 1953 manat təşkil etdiyini qeyd etmişdir. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Əmək Məcəlləsinin 202.2-ci maddəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, işəgötürənin və işçinin birbirinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmə bildirir ki, ziyan dedikdə hazırkı halda iddiaçı olan işəgötürənin əmlakında cavabdehin qanunazidd hərəkətləri nəticəsində müəyyən azalmanın əmələ gəlməsi başa düşülməlidir. Hazırda iddiaçı olan işəgötürənin əmlakında cavabdehin öz vəzifə təlimatlarını lazımınca icra etməməsi səbəbindən azalmanın baş verməsi öz təsdiqini tapır. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 1953 manat məbləğində ziyan vurulduğunu sübuta yetirmiş, cavabdeh isə öz təqsirsizliyini sübuta yetirə bilməməklə yanaşı, məhkəmə iclaslarında iştirak etməyərək iddia tələbinə hər hansı münasibət bildirməmişdir. Beləliklə, yuxarıda göstərilən normaları işin faktiki halları ilə əlaqəli şəkildə tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, maddi məsul şəxs (işçi) kimi cavabdeh tərəfindən işəgötürəni olan iddiaçıya 1953 manat məbləğində ziyanın vurulması faktı iş materialları ilə öz təsdiqini tapır. Buna görə də iddia təmin edilməli, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 1953 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 50 manat, poçt kargüzarlığı üçün 10 manat mediasiya xərci çəkilmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 1953 manat məbləğində pul vəsaiti və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1953 manat məbləğində pul vəsaiti və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-634/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-634/2025
09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver