Məhkəmə qərarları › İş №e-2(026)-635/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-635/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-635/2024 26.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2980,28 manat əsas, 299,31 manat faiz, cəmi 3279,59 manat borcun və 52,8 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 02 may 2024-cü il tarixli, RGTK7609501B109 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 3040,92 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 02 may 2024-cü il tarixli, Z- RGTK7609501B109 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, pul vəsaitinin cavabdehə nağd qaydada verilməsini təsdiq edən xəzinə məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehlərin 21 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 2980,28 manat əsas, 299,31 manat faiz, cəmi 3279,59 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 26 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehlərin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 02 may 2024-cü il tarixli, RGTK7609501B109 nömrəli kredit müqaviləsindən görünür ki, bank bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 36 ay müddətinə, illik 20 faiz ödənilməsi şərtilə 3040,92 manat məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan krediti əldə edən zaman birdəfəlik 30,11 manat xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. İşdə surəti 02 may 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 3040,92 manat məbləğində pul borcalan Cavabdeh1 hesabına köçürülmüş və onun tərəfindən qəbul edilmişdir. İşdə surəti olan İddiaçı ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 02 may 2024-cü il tarixli, Z-RGTK7609501B109 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 02 may 2024-cü il tarixli, RGTK7609501B109 nömrəli müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İşdə surəti olan 23 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 3040,92 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 21 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 2980,28 manat əsas, 299,31 manat faiz, cəmi 3279,59 manat borcu yaranmışdır. İşdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə 23 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 22 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 52,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit öhdəliyinin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 zamin durmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehlərin kredit müqaviləsi üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının Cavabdeh1 3040,92 manat məbləğində kredit verməsi və Cavabdeh1 həmin məbləği qəbul etməsi, Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyinin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 zamin durması, cavabdehlərin iddiaçıya ödənilməmiş 2980,28 manat əsas və 299,31 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, cavabdehlər də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia tələbi təmin edilməli, 02 may 2024-cü il tarixli, RGTK7609501B109 nömrəli kredit müqaviləsi üzrə 2980,28 manat məbləğində əsas borc və 299,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 3279,59 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 52,8 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 may 2024-cü il tarixli, RGTK7609501B109 nömrəli kredit müqaviləsi üzrə 2980,28 manat məbləğində əsas borc və 299,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 3279,59 manat məbləğində pul vəsaiti və 52,8 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar