Məhkəmə qərarları › İş №e-2(026)-697/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-697/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-697/2025 09.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti 18 noyabr 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4005,59 ABŞ dolları əsas, 991,22 ABŞ dolları faiz, 4411,5 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 675,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10084,23 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 141,43 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 110005894/ZM nömrəli, 08 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin kredit müqaviləsinə 21 iyun 2017-ci il tarixdə 2 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 11835,07 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 21 iyun 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 10 oktyabr 2025-ci il tarixə kredit üzrə cəmi borcu 10084,23 ABŞ dolları təşkil edir. Bundan 4005,59 ABŞ dolları əsas, 991,22 ABŞ dolları faiz, 4411,5 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 675,92 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 çıxış edərək bildirmişdir ki, o, 2014-cü ildə iddiaçı bankdan 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Əvvəlcə ödənişlər etsə də, sonradan həmin dövrdə dollar bahalaşdıqdan sonra o, bir müddət kreditini ödəyə bilməmişdir. Onun iki bankda krediti olduğuna görə hazırkı kredit Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərlə bağlı Fərmanının təsiri altına düşməmişdir. Həmin vaxt onun "xxxx" ASC-yə də kredit borcu olmuş, devalvasiyadan sonra onun kredit borcu restrukturizasiya olunaraq cərimə və faizləri silinməklə, yeni qrafik nəzərdə tutulmuş, o da həmin banka olan borcunu bundan sonra tam ödəyib qurtarmışdır. Lakin iddiaçı bank hər hansı güzəşt etməmiş, 2017-ci ildə ona borcunun faizlərə görə daha artdığını bildirməklə əlavə qrafiklə yeni saziş bağlamışlar. O, həmin qrafik üzrə də əvvəlcə ödənişlər etmiş, lakin sonradan ardıcıl bir neçə ay ödənişlər etməmişdir. Belə ki, o, aldadıldığını düşündüyündən işin məhkəməyə verilməsini gözləmişdir. Onun hesablamalarına görə, hazırda iddiaçı banka hər hansı kredit borcu yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə baxış iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana 10000 ABŞ dolları məbləğində kredit verir. Kredit 36 ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz ödəyir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz dərəcəsi ilə, aylıq isə 4,5 faiz dərəcəsi ilə hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İşdə surəti olan 08 sentyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 10000 ABŞ dolları məbləğində kredit vəsaiti Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İşdə surəti olan İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli, 110005894/ZM saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti ********* saylı, 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 21 iyun 2017-ci il tarixli, 2 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 11835,07 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 7571,01 ABŞ dolları əsas borc, 3614,72 ABŞ dolları faiz borcu və 649,34 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 21 iyun 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 10 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. Bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. Əlavə saziş kreditorun nümayəndəsi və borcalan Cavabdeh2 tərəfindən imzalanmışdır. İşdə surəti olan İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 08 sentyabr il tarixli, 110005894/ZM saylı zaminlik müqaviləsinə 21 iyun 2017ci il tarixli, 2 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11835,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən 21 iyun 2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 20 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Zamin bu əlavə sazişi imzalamaqla 110005894/ZM saylı, 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. İşdəki 13 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə dair 21 iyun 2017-ci il tarixli əlavə saziş üzrə 10 oktyabr 2025-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 4005,59 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 991,22 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 4411,5 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 675,92 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 10084,23 ABŞ dolları. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 13 oktyabr 2025-ci il tarixli bildiriş məktubu göndərilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İşdə surəti olan 18 noyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 141,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı bankla Cavabdeh2 arasında 08 sentyabr 2014-cü il tarixində kredit müqaviləsi bağlanmış, sonuncuya 10000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin məbləğ borcalan tərəfindən qəbul edilmişdir. Borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə həmin tarixdə bank, borcalan və zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit və zaminlik müqavilələrinə 21 iyun 2017-ci il tarixli əlavə sazişlər imzalanmış, sonuncu sazişlə kreditin müddəti 21 iyun 2022-ci il tarixədək uzadılaraq, restrukturizasiya edilmiş kreditin məbləği 11835,07 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı isə hazırkı tələblə 18 noyabr 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə ilk öncə zaminə qarşı iddiaçının hazırkı tələblə çıxış edə bilmək hüququnun olub-olmamasını qiymətləndirməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə bildirir ki, hazırkı iş üzrə Cavabdeh1 ilə bağlanılmış zaminlik müqaviləsinə və ona edilmiş əlavə sazişə əsasən onun zaminliyi üçün konkret müddət müəyyən edilməsə də, əsas öhdəliyin icrası müddəti yekun olaraq 21 iyun 2022-ci il tarixdə başa çatmışdır. Bu isə onu göstərir ki, iddiaçı zaminə qarşı zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 21 iyun 2022-ci il tarixdən 1 il ərzində iddia irəli sürməli olsa da, bunu etməmiş, ona qarşı iddiasını yalnız 18 noyabr 2025-ci ildə irəli sürmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Ona görə də Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən, iddia tələbi Cavabdeh1 münasibətdə tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən normaların tələblərini hazırkı işə tətbiq edərək bildirir ki, iddiaçının Cavabdeh2 10000 ABŞ dolları kredit verməsi, sonuncunun həmin məbləği qəbul etməsi, onun ödənişləri lazımınca icra edə bilməməsi, həmin kredit öhdəliyinə əlavə sazişlə dəyişikliklər edilməsi, daha sonra kredit borcu məbləğinin 11835,07 ABŞ dolları şəklində restrukturizasiya edilərək, kreditin müddətinin 21 iyun 2022-ci ilədək uzadılması, kredit müqaviləsinin müddəti bitdikdən sonra da Cavabdeh2 tərəfindən iddiaçıya kredit borcunun ödənilməməsi, Cavabdeh2 iddiaçıya 4005,59 ABŞ dolları əsas borcunun, 991,22 ABŞ dolları faiz borcunun və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 675,92 ABŞ dolları faiz borcunun qalması öz təsdiqini tapdığından, iddia tələbi həmin hissələrdə Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 4005,59 ABŞ dolları məbləğində əsas borc, 991,22 ABŞ dolları məbləğində faiz borcu, 675,92 ABŞ dolları məbləğində kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərlə yanaşı, iddiaçının Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi səbəbilə cərimə tələb etmək hüququ mövcuddur və o, cərimə borcunun məbləğinin 4411,5 ABŞ dolları olduğunu iddia etmişdir. Lakin məhkəmə bildirir ki, əsas borcun məbləğinin 4005,59 ABŞ dolları olması müəyyən edildiyindən tələb olunan cərimə məbləği əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksəkdir və ona görə də cərimə məbləğinə dair hissədə iddia qismən təmin edilərək, cərimənin məbləği məhkəmənin MM-in 467-ci maddəsində müəyyən edilmiş səlahiyyətinə uyğun olaraq azaldılmalıdır. Məhkəmə əsas borcun məbləğini də nəzərə alaraq Cavabdeh2 tutulmalı olan cərimə borcu məbləğinin 400 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək özünün iddiaçıya olan bütün kredit borcunu ödədiyini, onun hesablamalarına görə iddiaçıya hər hansı məbləğdə borcu qalmadığını düşündüyünü qeyd etsə də, bu halı təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmiş, iddiaçıya hər hansı məbləğdə borcunun qalmamasını sübuta yetirə bilməmişdir. MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə bildirir ki, hazırkı iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, Cavabdeh2 məhkəmə iclasında iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 141,43 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib hissəsi Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 4005,59 ABŞ dolları məbləğində əsas borc, 991,22 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə borcu, 675,92 ABŞ dolları məbləğində kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 6072,73 ABŞ dolları məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 85 manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 4005,59 ABŞ dolları məbləğində əsas borc, 991,22 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə borcu, 675,92 ABŞ dolları məbləğində kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 6072,73 ABŞ dolları məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun 85 manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar