Məhkəmə qərarları › İş №e-2(026)-706/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-706/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-706/2025 02.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış əsas borca görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 230 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında SN nömrəli, 07 oktyabr 2020-ci il tarixli avtomobil icarə müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin 4-cü bəndinin tələbləri pozulmuş, nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə 200 manat məbləğində borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin danışıqlar vasitəsilə həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı olaraq bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əşyaların təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən yaranmış borc üzrə ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmiş və öhdəlik icra olunmamışdır. Cavabdeh xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini pozmuş və bu günədək icarə haqqını ödəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə öhdəliyin vaxtında yerinə yetirilməməsi, lazımınca icra olunmaması və məzmunla müəyyən edilmiş digər şərtlərin pozulması başa düşüldüyündən, cavabdehin davranışı məhz öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Müqavilə və qanunla başqa hal nəzərdə tutulmadığından cavabdeh icarə haqqının ödənilməsinə dair öhdəliyin icra olunmamasına birbaşa və tam həcmdə məsuliyyət daşıyır. Nəqliyyat vasitəsi cavabdehə icarəyə verilmiş və ondan faktiki istifadə olunmuş, lakin yaranmış icarə borcu bu günədək ödənilməmişdir. Bu baxımdan cavabdehin ödənişi həyata keçirməməsi onun icarə müqaviləsi üzrə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Nəqliyyat vasitəsi cavabdehə icarəyə verilmiş və ondan faktiki istifadə olunmuş, lakin yaranmış icarə borcu bu günədək ödənilməmişdir. Bu səbəbdən cavabdehin ödənişdən yayınması onun icarə müqaviləsi üzrə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti daşınar əşyalar da ola bildiyindən, nəqliyyat vasitəsinin icarəyə verilməsi tam şəkildə qanunla nəzərdə tutulmuş icarə münasibətlərinin predmetinə uyğundur. İddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildikdə, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materialları məhkəməyə daxil olduqdan sonra, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər üzrə Cavabdeh göndərilmiş, cavabdeh isə məhkəməyə müraciət edərək, iddia ərizəsinə etiraz etdiyini bildirmiş, məhkəmənin onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, e-2(026)-706/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, həqiqətən də, iddiaçı şirkətdən 2020-ci ildə müxtəlif tarixlərdə bir neçə dəfə avtomobil icarəyə götürərək ondan istifadə etmişdir. Belə ki, 2020-ci ildə Qobustan rayonunda bir qohumu şəhid olduğu üçün bir neçə dəfə rayona gəlib-getmək zərurəti yaranmış, bu zaman həmişə əvvəlcədən ödənişi etməklə, iddiaçı şirkətdən avtomobil icarəyə götürmüşdür. Məlumdur ki, yol vərəqələri həmişə ödəniş edilmiş günlərin sayına uyğun olaraq verilir. Hətta bəzi hallarda əlavə depozit də tələb olunur. Belə olan halda onun iddiaçıya hər hansı borcunun qalması mümkün deyil. O, 2020-ci ildə icarəyə götürdüyü bütün maşınlar üçün icarə haqqını tam qaydada ödəmişdir, əks halda keçən uzun müddət ərzində ona qarşı hər hansı tələb irəli sürülə bilərdi. Qısa müddət öncə iddiaçı şirkətdən ona bildiriş gəlmiş, borcu qaldığı qeyd olunmuşdur. O, iddiaçının əməkdaşı ilə əlaqə saxladıqda, əməkdaş ona şirkət rəhbərliyinin dəyişdiyini, hazırda aparılan yoxlama zamanı onun açıq qalan 200 manat borcunun olduğunu, bu borcu 50-100 manat ödəniş edəcəyi təqdirdə bağlaya biləcəklərini qeyd etmişdir. O, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə təqdim edilmiş sənədləri nəzərə alaraq, işə iştirakları olmadan təqdim edilmiş sənədlər əsasında baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan 10 iyul 2020-ci il tarixli, SN nömrəli avtomobil icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı MMC tərəfindən “Chevrolet Cruze” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1 gün üçün 47,5 manat olmaqla, cəmi 2 gün üçün 95 manat məbləğində icarə haqqı ödənilmək şərti ilə 10 iyul 2020-ci ildən 12 iyul 2020-ci ilədək icarəçi Cavabdeh icarəsinə verilmişdir. İşdə surəti olan 10 iyul 2020-ci il tarixli nəqliyyat vasitəsi üçün yol vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən “Chevrolet Cruze” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 iyul 2020-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Yol vərəqəsi 12 iyul 2020-ci il tarixədək etibarlıdır. İşdə surəti olan iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə 25 noyabr 2025-ci il tarixdə təqdim edilmiş Cavabdeh icarə haqqı üzrə borcuna aid maliyyə cədvəlindən görünür ki, **-RC-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi günlük icarə haqqı 47,5 manat olmaqla, 30 gün müddətinə icarəyə götürülmüş, ümumilikdə 1425 manatlıq icarə haqqından 1225 manat ödəniş edilmiş, 200 manat borc qalmışdır. İşdə surəti olan iddiaçı tərəfindən 06 yanvar 2026-cı il tarixdə təqdim edilmiş Cavabdeh icarə haqqı üzrə borcuna aid maliyyə cədvəlindən görünür ki, **-RC-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi günlük icarə haqqı 60 manat olmaqla, 5 gün müddətinə icarəyə götürülmüş, ümumilikdə 300 manatlıq icarə haqqından 100 manat ödəniş edilmiş, 200 manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 10 iyul 2020-ci il tarixli avtomobil icarəsi müqaviləsinə əsasən iddiaçı tərəfindən “Chevrolet Cruze” markalı, **- RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1 gün üçün 47,5 manat olmaqla, cəmi 2 gün üçün 95 manat məbləğində icarə haqqı ödənilmək şərti ilə 10 iyul 2020-ci ildən 12 iyul 2020-ci ilədək cavabdehin icarəsinə verilmiş, həmin müddətə uyğun olaraq da iddiaçı tərəfindən cavabdehə yol vərəqəsi verilmişdir. Göründüyü kimi, iddiaçının öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi icarə müqaviləsi və yol vərəqəsindən avtomobilin cavabdehin icarəsinə yalnız 2 günlük verildiyi müəyyən edilir. İddiaçı isə iddia ərizəsində icarə müqaviləsinin “İcarə haqqı” adlanan 4-cü bəndinin pozulduğunu qeyd etmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilməli olan maksimal icarə haqqı məbləğinin 97 manat olduğu aydın olur və iddiaçının 200 manat məbləğində icarə haqqı tələb etməsinin hər hansı bir əsası yoxdur. Bundan başqa, iddiaçının təqdim etdiyi sübutlar arasında ziddiyyətli bir çox məqam mövcuddur. Belə ki, icarə müqaviləsində və yol vərəqəsində avtomobilin 2 günlük icarəyə verildiyi qeyd olunsa da, iddiaçı tərəfindən 25 noyabr 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışında icarə müddətinin 30 gün, 06 yanvar 2026-cı il tarixdə təqdim edilmiş maliyyə arayışında isə 5 gün olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı sonradan icarə müddətinin uzadılması və ya cavabdeh tərəfindən icarə predmeti olan avtomobilin nəzərdə tutulmuş müddətdən gec qaytarılması kimi hallara istinad etmədən, bununla bağlı hər hansı sübut təqdim etmədən tərtib etdiyi maliyyə arayışlarında icarə müddətini daha uzun hesablamışdır. Həmçinin iddiaçının təqdim etdiyi maliyyə arayışlarının özündə də kəskin ziddiyyətlər mövcuddur. Belə ki, iddia ərizəsi ilə birlikdə 25 noyabr 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışında icarə müddətinin 30 gün, günlük icarə haqqının 47,5 manat, ödənilməli məbləğin 1425 manat, ödənilmiş məbləğin isə 1225 manat olduğu qeyd edilsə də, sonradan 06 yanvar 2026-cı il tarixdə təqdim edilmiş maliyyə arayışında icarə müddətinin 5 gün, günlük icarə haqqının 60 manat, ödənilməli məbləğin 300 manat, ödənilmiş məbləğin isə 100 manat olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı da hazırda öz tələbini konkret olaraq hansı əsaslarla irəli sürdüyünü müəyyən edə bilməmiş, bir-birinə zidd olan sənədlərə və faktiki hallara istinad edərək, sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Hal-hazırda müqavilədə göstəriləndən fərqli olaraq, avtomobilin icarəyə 5 günlük və ya 30 günlük verilməsi, icarə haqqının 60 manat olması barədə iş materiallarında hər hansı mötəbər sübut mövcud deyil, iddiaçı tərəf isə bununla bağlı mötəbər sübut təqdim etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndə ilə təmsil olunmamış, həmin məsələlərə münasibət bildirməmişdir. Bundan əlavə, icarə müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 97 manat təşkil etmiş, iddiaçının özü də tərtib etdiyi qeyri-müəyyən maliyyə arayışları ilə cavabdehin ən azından 100 manat məbləğində ödəniş etməsini bildirmişdir. Şübhəsizdir ki, bir-birinə zidd olan və sübut kimi təqdim edilmiş sənədlərə əsaslanaraq cavabdehə münasibətdə iddia tələbinin təmin edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, əsas hissədə iddia tələbi təmin edilmədiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna dair hissədə də iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar