Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-723/2025 30.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı 01 dekabr 2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1138,38 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat, cəmi 1138,38 manat məbləğində borcun və 31,39 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, **********0912 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1423,19 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1,23 manat, dörd il müddətində isə hər ay 30,27 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırkı müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 05 noyabr 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1138,38 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat, cəmi 1138,38 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.3-cü bəndinə müvafiq olaraq, tələbin əsası kimi istinad etdilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) kredit (restrukturizasiya) müqaviləsi, 2) zaminlik müqaviləsi; 3) maliyyə arayışı. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 01 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, **********0912 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1423,19 manat qalıq məbləğini ödəməsi məqsədilə 1423,19 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur. Kredit məbləği kredit verən tərəfindən birbaşa, yəni kredit alana ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. Kreditin müddəti illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur. İşdə surəti olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə zamin Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin 29 noyabr 2019-cu il tarixli, **********0912 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 60 ay müddətində 1423,19 manat məbləğində pul vəsaitini illik 1 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdə surəti olan 05 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 29 noyabr 2019-cu il tarixli, **********0912 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə ödənilməmiş əsas borcu 1138,38 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat, cəmi qalıq borc 1138,38 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MM QBKT tərəfindən cavabdehlərə 21 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. İşdə surəti olan 26 noyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı bankla Cavabdeh2 arasında 29 noyabr 2019-cu il tarixində kredit müqaviləsi bağlanmış, sonuncuya güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 1423,19 manat məbləğində kredit verilmiş, həmin məbləğ iddiaçı tərəfindən birbaşa, yəni cavabdehə ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə həmin tarixdə bank və zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Öhdəliyin icra edilməsi üçün son tarix kimi 29 noyabr 2024-cü il müəyyən edilmişdir. İddiaçı isə hazırkı tələblə 01 dekabr 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə ilk öncə zaminə qarşı iddiaçının hazırkı tələblə çıxış edə bilmək hüququnun olub-olmamasını qiymətləndirməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə bildirir ki, hazırkı iş üzrə Cavabdeh1 ilə bağlanılmış 29 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən onun zaminliyi üçün konkret müddət müəyyən edilməsə də, əsas öhdəliyin icrası müddəti yekun olaraq 29 noyabr 2024-cü il tarixdə başa çatmışdır. Bu isə onu göstərir ki, iddiaçı zaminə qarşı zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 29 noyabr 2024-cü il tarixdən 1 il ərzində iddia irəli sürməli olsa da, bunu etməmiş, ona qarşı iddiasını yalnız 01 dekabr 2025-ci ildə irəli sürmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Ona görə də Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən normaların tələblərini hazırkı işə tətbiq edərək bildirir ki, güzəştli kredit müqaviləsi üzrə iddiaçının Cavabdeh2 1423,19 manat məbləğində kredit verməsi, həmin məbləğin iddiaçı tərəfindən birbaşa, yəni borcalana ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilməsi, onun iddiaçıya ödənilməmiş 1138,38 manat əsas borcunun qalması öz təsdiqini tapdığından, iddia qismən təmin edilməli, 29 noyabr 2019-cu il tarixli, **********0912 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə 1138,38 manat məbləğində əsas borc olmaqla, cəmi 1138,38 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi Cavabdeh2 münasibətdə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31,39 manat məbləğində dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 noyabr 2019-cu il tarixli, **********0912 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə 1138,38 manat məbləğində əsas borc olmaqla, cəmi 1138,38 manat məbləğində pul vəsaiti və 31,39 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-723/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-723/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver