Məhkəmə qərarları › İş №e-2(026)-732/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-732/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-732/2025 09.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı 01 dekabr 2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1094,82 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat, cəmi 1094,82 manat məbləğində borcun və 30,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, **********1342 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1459 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1,26 manat, dörd il müddətində isə hər ay 31,03 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1342-797251 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırkı müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 05 noyabr 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1094,82 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat, cəmi 1094,82 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.3-cü bəndinə müvafiq olaraq, tələbin əsası kimi istinad etdilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) kredit (restrukturizasiya) müqaviləsi, 2) zaminlik müqaviləsi; 3) maliyyə arayışı. Qobustan Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e-2(026)-732/2025 saylı qərardadı ilə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən də, 2019-cu ildə iddiaçı ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüş, bu zaman Cavabdeh1 ona zamin durmuşdur. Lakin hazırda Cavabdeh1 vəfat etmişdir. Bununla belə, o, iddia tələbini qəbul edir. Həqiqətən də, onun iddiaçıya tələb olunan məbləğdə kredit borcu var. O, həmin borcu hissə-hissə olmaqla iddiaçıya qaytaracaqdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında nümayəndəsinin iştirakının mümkün olmadığını bildirmiş, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qobustan Rayon Məhkəməsinin 09 fevral 2026-cı il tarixli, e-2(026)-732/2025 saylı qərardadı ilə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata qismən – Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Cavabdeh2 dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan kredit verən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, **********1342 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1459 manat qalıq məbləğini ödəməsi məqsədilə 1459 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur. Kredit məbləği kredit verən tərəfindən birbaşa, yəni kredit alana ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. Kreditin müddəti illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur. İşdə surəti olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə zamin Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, **********1342-797251 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 19 dekabr 2019-cu il tarixli, **********1342 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 60 ay müddətində 1459 manat məbləğində pul vəsaitini illik 1 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdə surəti olan 05 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 19 dekabr 2019-cu il tarixli, **********1342 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə ödənilməmiş əsas borcu 1094,82 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat, cəmi qalıq borc 1094,82 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh2 21 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 24 noyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər Cavabdeh2 tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, Cavabdeh2 müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırda müəyyən olunur ki, iddiaçı 19 dekabr 2019-cu il tarixli, **********1342 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 1459 manat məbləğində kredit vermiş, həmin məbləğ iddiaçı tərəfindən birbaşa, yəni cavabdehə ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Cavabdeh2 isə 1459 manat məbləğində güzəştli kredit öhdəliyi götürməsinə baxmayaraq, müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə kredit borclarını tam şəkildə iddiaçıya qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına yuxarıda göstərilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, güzəştli kredit müqaviləsi üzrə iddiaçının Cavabdeh2 1459 manat məbləğində kredit verməsi, cavabdehin iddiaçıya ödənilməmiş 1094,82 manat əsas borcunun qalması öz təsdiqini tapdığından, Cavabdeh2 da iddia tələbini qəbul etdiyindən, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, 19 dekabr 2019-cu il tarixli, **********1342 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə 1094,82 manat məbləğində əsas borc olmaqla, cəmi 1094,82 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,95 manat məbləğində dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilsin. 19 dekabr 2019-cu il tarixli, **********1342 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə 1094,82 manat məbləğində əsas borc olmaqla, cəmi 1094,82 manat məbləğində pul vəsaiti və 30,95 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar