Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-74/2025 24.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8154,56 manat məbləğində əsas borcun, 3964,05 manat məbləğində faiz borcunun, 400,49 manat məbləğində cərimə borcunun, cəmi 12519,1 manat məbləğində borcun və 128 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26 may 2022-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 28 faiz olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, onun həqiqətən iddiaçı banka tələb olunan məbləğdə kredit borcu mövcuddur və öz borcunu qəbul edir. Həqiqətən də, iddiaçı bankdan kredit götürəndə onu ödəmək fikrində olsa da, hazırda imkanı aşağıdır. O, hazırda Bakı şəhərində “Xutor” adlanan ərazidə yerləşən “Tamstore” supermarketində 03 fevral 2025-ci il tarixdən fəhlə kimi işləyir və ayda 400 manat maaş alır. O, ay ərzində yalnız 50 manat ödəniş edə bilər. İddia tələbinin təmin olunmasına etirazı yoxdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə işlərinin çox olması səbəbindən təyin olunmuş iclasda iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və təqdim edilən mötəbər sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 may 2022-ci il tarixli, FG/34834/86/11 nömrəli kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12500 manat nağd pul krediti verilmişdir. İşdə surəti olan İddiaçı ASC tərəfindən 26 aprel 2014-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin ümumi hissəsinin Vİİ bölməsinin 7.1.1.a bəndinə əsasən, müştəri ödənişlərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə, bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İşdə surəti olan İddiaçı ASC tərəfindən 26 aprel 2014-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin xüsusi hissəsinin İ bölməsinin 1.2ci və 1.3-cü bəndlərinə əsasən, müştəri müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən nağd və ya köçürmə yolu ilə banka ödəməyi öhdəsinə götürür. Müştəri bu müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında icra edilməməsinə görə 2 gündən sonra növbəti 88 gün ərzində ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 faizi həddində, kreditin valyutasından asılı olaraq 0,50 manatdan/ABŞ dollarından/avrodan az olmamaq şərtilə banka cərimə ödəyir. İşdə surəti olan 26 may 2022-ci il tarixli, 3008 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 12500 manat məbləğində pul vəsaiti Cavabdeh təhvil verilmişdir. İşdə surəti olan İddiaçı ASC-nin 09 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26 may 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8154,56 manat əsas, 3964,05 manat faiz və 400,49 manat cərimə borcu vardır. İşdə surəti olan İddiaçı ASC-nin 28 oktyabr 2024-cü il tarixli bildirişindən görünür ki, kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. İşdə surəti olan 11 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırda müəyyən olunur ki, iddiaçı 26 may 2022-ci il tarixli kredit sazişi üzrə cavabdehə 12500 manat məbləğində nağd pul krediti vermişdir. Cavabdeh isə 12500 manat məbləğində krediti qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilə üzrə kredit borclarını iddiaçıya tam qaytarmamış, bununla da öhdəliklərini pozmuşdur. İşin müəyyən edilmiş hallarına yuxarıda göstərilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit sazişi üzrə iddiaçının cavabdehə 12500 manat məbləğində kredit verməsi və həmin kreditin cavabdeh tərəfindən qəbul edilməsi, cavabdehin iddiaçıya ödənilməmiş 8154,56 manat əsas və 3964,05 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddia əsas və faiz borcuna dair hissələrdə tam təmin edilməlidir. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə tələb etmək hüququnun mövcudluğunu qəbul edir və bildirir ki, tələb olunan cərimənin məbləği əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksək deyil. Ona görə də cərimə borcuna dair hissədə də iddia tam təmin edilməlidir. Məhkəmə iddianın təmin olunması nəticəsinə gələrkən iş materiallarında mövcud olan təsdiqedici sübutlarla yanaşı, cavabdehin iddia tələbini qəbul etməsini də nəzərə alır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi digər hissələrdə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 128 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri və məhkəmə iclasında cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 26 may 2022-ci il tarixli kredit sazişi üzrə 8154,56 manat məbləğində əsas borc, 3964,05 manat məbləğində faiz borcu, 400,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12519,1 manat məbləğində pul vəsaiti və 128 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin kredit borcunu hər ay 50 manat məbləğində ödəyə bilməsinə dair isə bildirir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmetinə aid deyil və cavabdeh həmin xahişlə qətnamənin icrası mərhələsində qanunla müəyyən edilmiş qaydada müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 may 2022-ci il tarixli kredit sazişi üzrə 8154,56 manat məbləğində əsas borc, 3964,05 manat məbləğində faiz borcu, 400,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12519,1 manat məbləğində pul vəsaiti və 128 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-74/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-74/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver