Məhkəmə qərarları › İş №e-2(026)-75/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-75/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-75/2025 02.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 02 iyun 2020-ci il tarixli, BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 607,04 manat əsas borc, 2,21 manat faiz borcu olmaqla, cəmi 609,25 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı filialı ilə X5 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsinə əsasən X4 19 ay müddətinə illik 20 faiz olmaqla, 1000 manat məbləğində nağd kredit verilmişdir. X2 10 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 15 avqust 2024-cü il tarixli, 2105 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Şamaxı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 02 iyun 2020-ci il tarixli, BPM**********03 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 607,04 manat əsas borc və 2,21 manat faiz borcu olmaqla, cəmi 609,25 manat məbləğində borcu qalmışdır. Cavabdeh mərhum Gülarə Alcanovadan qalmış miras əmlakı qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, mərhum arvadı Gülarə Alcanovadan miras qalmış əmlakı qanun üzrə vərəsəsi kimi özü qəbul etmişdir. Ona görə də o, iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qətnamə qəbul edildikdən sonra tələb olunan məbləği iddiaçı banka ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, cavabdehin iddianı qəbul etməsini nəzərə alıb, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsindən görünür ki, bank müqaviləyə əsasən borcalana 19 ay müddətində (02 yanvar 2022-ci ilədək) 1000 manat məbləğində kreditdən istifadəyə görə illik 20 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. İşdə surəti olan 02 iyun 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 980 manat məbləğində pul borcalan X5 tərəfindən qəbul olunaraq məxaric edilmişdir. İşdə surəti olan AZ-İİ 097485 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 10 oktyabr 2020-ci ildə ölmüşdür. İşdə surəti olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 02 avqust 1977-ci ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ərə Alcanov, arvada Alcanova soyadı verilmişdir. İşdəki “Elektron notariat” X1 çıxarışdan görünür ki, mərhum X3 qanun üzrə vərəsəsi kimi Cavabdeh tanınmışdır. İşdə surəti olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X3 02 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 26 dekabr 2024-cü il tarixinə olan borcu aşağıdakı kimidir: ödənilməmiş əsas borc 607,04 manat, vəfat etdiyi tarixə faiz borcu 2,21 manat, borc üzrə cəmi məbləğ 609,25 manat. İşdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 16 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 27 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə kreditor olan iddiaçı ilə X9 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, lakin müqavilə üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmamış, onun müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. X9 kredit ödənişlərini ödəyib bitirənədək 10 oktyabr 2020-ci ildə vəfat etmiş, ondan miras qalan əmlaka dair vərəsəlik işi açılaraq Cavabdeh onun qanun üzrə vərəsəsi kimi tanınmış, mərhum miras qalmış əmlakı vərəsə kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən müddəalar onu göstərir ki, cavabdeh mərhum arvadından miras qalmış əmlakı qəbul etdiyindən və bununla bağlı onun qanun üzrə vərəsə olması tanındığından, o, mərhum arvadının öhdəliklərinə görə onun kreditoru qarşısında məsuliyyət daşıyır. Cavabdeh də mərhum arvadının iddiaçıya olan kredit borcunun mövcudluğunu təsdiq edərək, iddia tələbini qəbul etdiyini və həmin borcu ödəyəcəyini bildirmişdir. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının mərhum Gülarə Alcanovaya 1000 manat məbləğində kredit verməsi, kredit məbləğinin onun tərəfindən qəbul olunması, mərhum borcalanın iddiaçıya ödənilməmiş 607,04 manat əsas və vəfat etdiyi tarixə 2,21 manat faiz borcunun qalması, mərhum Gülarə Alcanovadan miras qalmış əmlakı qanun üzrə vərəsə kimi cavabdehin qəbul etməsi, bu səbəblə də cavabdehin mərhumun öhdəliklərinə görə məsuliyyət daşımalı olması öz təsdiqini tapdığından, cavabdeh də iddia tələbini qəbul etdiyindən, iddia tələbi təmin edilməli, 02 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 607,04 manat məbləğində əsas borc, 2,21 manat məbləğində faiz borcu olmaqla, cəmi 609,25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 02 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 607,04 manat məbləğində əsas borc, 2,21 manat məbləğində faiz borcu olmaqla, cəmi 609,25 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 607,04 manat məbləğində əsas borc, 2,21 manat məbləğində faiz borcu olmaqla, cəmi 609,25 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar