Məhkəmə qərarları › İş №e-2(026)-96/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-96/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-96/2025 28.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş 30991,36 manat məbləğində zərərin və 183 manat məbləğində dövlət rüsumunun, cəmi 31174,36 manat məbləğində pulun yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 iyun 2024-cü il tarixində, saat 18:53 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Ağstafa istiqamətində hərəkət edən 734 saylı DŞİ-003 nömrəli qatara Qobustan-Ələt mənzilinin 72-ci km piket 3-də hərəkətdə olan zaman qatarın idarəetmə kabinasının ön alın şüşəsinə kənardan daş atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində iddiaçıya 30991,36 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Baş Polis İdarəsi Dəmir X9 İdarəsinin X17 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. X17 şöbəsindən iddiaçıya daxil olmuş 18 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı 17 iyul 2024-cü il tarixində, saat 18:53 radələrində sürətli elektrik qatarı Qobustan-Ələt istiqamətinin 47-ci km-də hərəkətdə olarkən baş alın şüşəsinə kənardan daş atılması nəticəsində ön şüşə hissəsinə zərər verən şəxsin 09 yanvar 2013-cü il təvəllüdlü X11 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, onun babası X13 bölməyə dəvət olunmuş və onun iştirakı ilə X5 izahatı alınmışdır. X11 verdiyi izahatında qatarın alın şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin, qərardan görünür ki, hadisə nəticəsində iddiaçıya 30991,36 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məlumat üçün bildirilir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatarlar həm bölgələrdə, həm də Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Məhkəmənin 03 fevral 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, 2013-cü il təvəllüdlü Kənan Baxışov onun Cavabdeh2 ilə qeyri-rəsmi nikahından doğulsa da, o, uşağa atalıq verməmiş, uşağın soyadı kimi də anasının soyadı qeyd edilmişdir. O, Cavabdeh2 ilə qeyri-rəsmi nikahda olmuşdur və hazırda da ayrı yaşayırlar. Uşaq da anası ilə yaşayır və onun nəzarətində deyil. Onun rəsmi olaraq Kənan Baxışov adlı uşağı yoxdur. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 24 fevral 2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 Cavabdeh2 ilə əvəzləşdirilməlidir. Buna görə də əsl cavabdeh xx xxx 1994-cü il təvəllüdlü Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 24 fevral 2025-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmiş və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, 2015- 2019-cu illər ərzində dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi məqsədilə X18 tərəfindən iddiaçı təşkilata ayrılmış vəsait hesabına Azərbaycan Respublikasına “Stadler” tipli sərnişin qatarları gətirilmiş, həmin qatarların ölkədə ehtiyat avadanlıqları olmadığından həmin avadanlıqlar da xaricdən gətirilmiş, bununla bağlı müqavilələr bağlanmışdır. Bildirdi ki, 17 iyun 2024-cü il tarixində, saat 18:53 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Stadler” tipli sürət elektrik qatarı hərəkətdə olan zaman qatarın ön alın şüşəsinə kənardan daş atılması nəticəsində zədələnmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Baş Polis İdarəsi Dəmir X9 İdarəsinin X17 şöbəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmış və məlum olmuşdur ki, hadisəni törədən Cavabdeh2 2013-cü il təvəllüdlü oğlu X7r. Həmin araşdırma zamanı babasının iştirakı ilə izahatı alınmış Kənan Baxışov enerji kabellərinin üzərindəki quşlara daş atan zaman daşlardan birinin hərəkətdə olan sürət qatarının şüşəsinə dəyərək onu zədələdiyini etiraf etmişdir. Bildirdi ki, hazırda İsveçrə istehsalı olan “Stadler” markasının “Flirt” tipli qatarların ön şüşəsinin qiyməti 8600 avro təşkil edir. Eyni zamanda, həmin şüşənin gətirilməsi üçün çatdırılma xərci və gömrük rüsumları da sərf olunmuş, bununla da ümumilikdə həmin şüşənin alınaraq xaricdən gətirilməsi 15310,58 avroya başa gəlmişdir. Bundan başqa, şüşənin dəyişdirilməsi üçün 3500 manat xidmət haqqı tələb olunur. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin 07 aprel 2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, hadisənin baş verdiyi vaxt həmin ərazidə yalnız oğlu Kənan Baxışov olmamış, başqa uşaqlar da orada olmuşdur. Belə ki, oğlu dəmir yolu xəttinin yaxınlığındakı dükandan çörək almağa getmiş, orada digər uşaqlara qoşulub göyərçinlərə daş atmışdır. Həmçinin, onun oğlunun o qədər gücü yoxdur ki, atdığı daş qatarın şüşəsini sındırsın. O, verilmiş suala cavab olaraq bildirdi ki, həqiqətən də, oğlu Kənan Baxışov üçün Cavabdeh1 tərəfindən atalıq verilməmiş, oğlunun atasına dair qeyd onun göstərişi üzrə yazılmışdır. Onun hazırda da Cavabdeh1la hər hansı əlaqəsi yoxdur. Bildirdi ki, onun maddi imkanı yoxdur ki, vurulmuş hər hansı ziyanı ödəsin. Belə ki, o, sadəcə sosial yardım alaraq 3 uşağın təhsili ilə məşğul olur. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş müstəntiqi, polis mayoru X14 tərəfindən HK-1/46 saylı material üzrə qəbul edilmiş 05 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 17 iyun 2024-cü il tarixdə, saat 18:55-də DYNPİ-nin SQM üzrə PPXB-nin polis nəfəri, polis serjantı X12 st. XPŞ-nin növbətçi hissəsinə zəng edərək bildirmişdir ki, Bakı-Gəncə-Ağstafa sürətli sərnişin elektrik qatarı Qobustan-Ələt mənzilinin 72-ci km-nin 3-cü piketində hərəkətdə olan zaman kənardan atılan daş qatarın ön şüşəsini sındırmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, maşinist X8 və maşinist köməkçisi X6 idarə etdiyi DŞİ-003 saylı Bakı-Gəncə-Ağstafa sürətli sərnişin elektrik qatarı 734 nömrəli marşrut üzrə Ağstafa istiqamətində Qobustan-Ələt mənzilinin 72-ci km-nin 3-cü piketində hərəkətdə olan zaman naməlum şəxs(lər) tərəfindən kənardan atılan daş parçası qatarın ön şüşəsinə dəymiş və nəticədə qatarın şüşəsi zədələnmişdir. Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən azyaşlı 09 yanvar 2013-cü il təvəllüdlü X11 müəyyən edilərək izahatının alınması üçün 25 iyun 2024-cü il tarixdə babası X13 ilə birlikdə Biləcəri st. XPŞ-yə dəvət olunmuşdur. Fakt üzrə hadisə yerinə və lokomotivə baxış keçirilərək müvafiq protokollar tərtib olunmuş, babasının iştirakı ilə azyaşlı X5 izahatı alınmış, izahatı alınan zaman X11 göstərmişdir ki, 17 iyun 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınlığında yerləşən dəmir yolu xəttinin üzərindən keçən enerji kabellərinin üzərində oturmuş quşlara kiçik ölçülü daş parçaları atan zaman həmin vaxt Bakı istiqamətindən hərəkət edən sürətli sərnişin elektrik qatarının gəldiyini görmüş, yenə də quşlara daş atmağa davam etmişdir. Lakin həmin vaxt atdığı daşın qatarın şüşəsinə dəyib-dəymədiyini görməmişdir. Sonradan polis əməkdaşları onu şöbəyə dəvət edən zaman atdığı daşlardan birinin qatarın şüşəsinə dəydiyi məlum olmuşdur. Həmin vaxt daş atan zaman tək olmuş, ətrafdan onu heç kəs görməmişdir. Həmin vaxtı özü quşlara tərəf daş atırmış, lakin daşlardan biri qatarın şüşəsinə dəyərək zədələmişdir. Bundan başqa, 01 iyul 2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01 iyul 2024-cü il tarixli məktubundan məlum olmuşdur ki, 17 iyun 2024-cü il tarixdə, saat 18:53 radələrində Bakı-Ağstafa istiqamətində hərəkətdə olan 734 saylı, DŞİ- 003 nömrəli qatara Qobustan-Ələt mənzilinin 72-ci km-nin 3-cü piketində hərəkət istiqamətinin sol tərəfindən qatarın idarəetmə kabinasının ön alın şüşəsinə daş atılması müəyyən edilmiş, baş vermiş hadisə nəticəsində sözügedən qatara 30991,36 manat ziyan dəymişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 12 iyul 2024-cü il tarixli rəydə göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş sualda qeyd edilən 734 saylı, DŞİ-003 nömrəli elektrik qatarının ehtiyat hissələrinin satışına və qiymətinə dair Respublikada yerləşən ticarət məntəqələrində və yerli internet saytlarında məlumat olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə də, qeyd edilən fakt üzrə baş vermiş hadisə nəticəsində "xxxx" QSC-yə ümumilikdə 30991,36 manat məbləğində maddi ziyan dəymişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman X11 11 yaşında olmuşdur. X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinin tərkibi əlamətləri yoxdur. Bununla da X11 hadisə baş verən zaman cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığını nəzərə alaraq DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində istintaqı aparılan HK-1/46 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və X11 bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir. İşdə surəti olan alıcı "xxxx" QSC ilə satıcı “Stadler Service” AG şirkəti arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, alıcı maşinist kabinasının ön şüşəsinin 1 ədədi 8600 avro olmaqla, 3 ədədini 25800 avroya almışdır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, 1 ədəd ön şüşənin qiyməti 8600 avro, çatdırılma xərci 616,73 avro, gömrük rüsumu 6093,85 avro olmaqla, cəmi 15310,58 avro təşkil edir və həmin məbləğin manata məzənnəsi isə 27491,36 manat təşkil edir. İşdə surəti olan "xxxx" QSC və X3 arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli xidmətlərin satın alınmasına dair müqaviləyə 2 nömrəli əlavədən görünür ki, elektrik qatarının ön şüşəsinin dəyişdirilməsi üçün xidmət haqqı 3500 manat təşkil edir. İşdə surəti olan "xxxx" QSC-nin maliyyə arayışından görünür ki, DŞİ-003 qatarına dəymiş ziyanın aradan qaldırılması üçün mal və materiallara sərf olunmalı məbləğ 27491,36 manat, xidmət haqqı isə 3500 manat olmaqla, ümumilikdə 30991,36 manat təşkil edir. İş materiallarından və məhkəmə iclasında iştirak edən şəxslərin bildirdiklərindən məlum olur ki, 17 iyun 2024-cü il tarixində, saat 18:53 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Ağstafa istiqamətində hərəkət edən 734 saylı DŞİ-003 nömrəli qatar Qobustan-Ələt ərazisində hərəkətdə olan zaman qatarın idarəetmə kabinasının ön alın şüşəsinə kənardan daş atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində istintaqı aparılan HK- 1/46 nömrəli material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən hadisə 09 yanvar 2013-cü il təvəllüdlü X11 tərəfindən törədilmiş, lakin o, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından cinayət məsuliyyətindən azad edilmişdir. Cavabdeh2 məhkəmə iclasında oğlu Kənan Baxışovun hadisə baş verən zaman orada tək olmadığını, onunla yanaşı, başqa uşaqların da orada olduğunu bildirsə də, həmin halı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı, 05 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Kənan Baxışov daş atan zaman tək olduğunu və ətrafdan onu heç kəsin görmədiyini qeyd etmişdir. Bundan başqa, cavabdeh oğlunun daş ataraq qatarın şüşəsini sındıra biləcək gücdə olmadığını bildirsə də, bu hal iş materialları ilə təkzib olunmaqla yanaşı, qatarın sürət qatarı olması nəzərə alındıqda onun şüşəsinin sınması üçün daşın qüvvətlə atılmasına ehtiyac olmamış və həmin daşın qatarın ön şüşəsinə dəyməsi qatarın sürəti baxımından onun zədələnməsinə kifayət etmişdir. Beləliklə də, iş materialları ilə iddiaçıya məxsus qatara məhz 09 yanvar 2013-cü il təvəllüdlü X11 tərəfindən daşın atılması nəticəsində zərər vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulmasının mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas olduğu nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1103.1-ci maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Hazırda müəyyən edilir ki, iddiaçıya məxsus qatara zərər 09 yanvar 2013-cü il təvəllüdlü Kənan Baxışov tərəfindən vurulmuşdur. MM-in 1103.1-ci maddəsinə uyğun olaraq isə Kənan Baxışovun törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri məsuliyyət daşıyır. 09 yanvar 2013-cü il təvəllüdlü Kənan Baxışov Cavabdeh2 ilə Cavabdeh1 nikahdankənar uşağıdır və Cavabdeh1 Kənan Baxışovun atası olması faktı qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmamışdır. Bunu həm Cavabdeh2, həm də Cavabdeh1 bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Məhkəmə bildirir ki, uşağın bioloji atası olmasına baxmayaraq, Cavabdeh1 qanunvericiliklə müəyyən edilmiş qaydada uşağın atası kimi tanınmadığından, Kənan Baxışov faktiki olaraq anası Cavabdeh2 himayəsində olduğundan, Kənan Baxışovun törətdiyi mülki pozuntusu nəticəsində iddiaçıya dəyən zərərə görə onun anası Cavabdeh2 məsuliyyət daşıyır. Cavabdeh2 bu cür məsuliyyət daşımasına baxmayaraq, zərərin onun təqsiri üzündən yaranmadığını da sübuta yetirə bilməmiş, əksinə, uşağını özü dəmir yolunun yaxınlığında yerləşən mağazaya çörək almaq üçün göndərdiyini qeyd etmişdir. Eyni zamanda, o da qeyd olunmalıdır ki, valideynin öz uşağının vurduğu zərərin əvəzinin ödənilməsinə imkanının olmaması onun məsuliyyətdən azad edilməsi üçün əsas olan hal kimi çıxış etmir. İddiaçıya vurulmuş zərərə görə Cavabdeh2 məsuliyyət daşıması müəyyən olunmaqla yanaşı, iş materialları ilə iddiaçıya vurulmuş zərərin məbləği də öz təsdiqini tapır. Zərərin məbləği ilə bağlı iddiaçı zədələnmiş qatar hissəsinin alış qiymətini göstərən alğı-satqı müqaviləsini və ona əlavələri, onun çatdırılma xərci və gömrük rüsumları ilə bağlı arayışı, həmin zədələnmiş hissənin dəyişdirilməsi üçün tələb olunan xidmət haqqına da dair arayışı məhkəməyə təqdim etmişdir. Təqdim olunan sənədlərlə müəyyən edilir ki, qatarın ön alın şüşəsinin alınması, çatdırılması və gömrük rüsumları üçün 27491,36 manat və onun dəyişdirilməsi ilə bağlı xidmət haqqı üçün isə 3500 manat olmaqla, 30991,36 manat məbləğində iddiaçıya zərər dəymişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçıya vurulmuş 30991,36 manat məbləğində zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 26 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Qobustan Rayon Məhkəməsinin hesabına 183 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən, ödənilmiş 183 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçıya vurulmuş 30991,36 manat məbləğində zərərin əvəzi və ödənilmiş 183 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 30991,36 manat məbləğində zərərin əvəzi və ödənilmiş 183 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar