Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1000/2025 08.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2130 (iki min bir yüz otuz) manat məbləğində pulun tutulması və tutulmuş məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində “MİTSUBİSHİ OUTLANDER” markalı, 99LX771 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 10 noyabr 2024-cü il tarixdə iddiaçı avtomobilində Baku-Quba yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etdiyi zaman, həmin yolun 86-cı kilometrində Cavabdeh məxsus iri buynuzlu heyvan yolun hərəkət hissəsinə çıxmış və iddiaçı bu heyvanla toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi sənədləşdirilmiş, o cümlədən cavabdehin izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında avtomobillə toqquşan heyvanın ona məxsus olduğunu etiraf etmişdir. Toqquşma nəticəsində avtomobilin qabaq sol qanadı və qapısı əzilmiş, qabaq sol farası sınmışdır. “My Auto Service” mərkəzi tərəfindən verilmiş təmir aktına əsasən iddiaçıya 2130 (iki min bir yüz otuz) manat məbləğində ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ona məsələnin məhkəmədənkənar həll edilməsini təklif etsə də, cavabdeh iddiaçıya vədlər vermiş, lakin bu günə qədər hər hansı məbləğ ödəməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək və dəymiş ziyanın məhkəmə qaydasında tutulmasını tələb etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan YPXİ-ru X2 tərəfindən verilmiş 049988 nömrəli arayışdan göründüyü kimi, cavabdeh 10 noyabr 2024-cü il tarixdə iddiaçı avtomobilində Baku-Quba yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etdiyi zaman, həmin yolun 86-cı kilometrində Cavabdeh məxsus iri buynuzlu heyvan yolun hərəkət hissəsinə çıxmış və iddiaçı bu heyvanla toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilin qabaq sol qanadı və qapısı əzilmiş, qabaq sol farası sınmışdır. İş materiallarında olan “My Auto Service” mərkəzi tərəfindən verilmiş təmir aktına əsasən iddiaçıya 2130 (iki min bir yüz otuz) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan cavabdehin izahatında avtomobillə toqquşan heyvanın ona məxsus olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə məxsus iri buynuzlu heyvanın yolun hərəkət hissəsinə çıxması və iddiaçı bu heyvanla toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək BDYPİ-də izahatı alınmış, avtomobillə toqquşan heyvanın ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). “mygov” internet saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Müharibə Veteranı" vəsiqəsi üzrə məlumatlarından göründüyü kimi, xx.xx.2024-cü ildən İddiaçı Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı statusu verilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20.-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Göründüyü kimi iddiaçı X1 veteranıdır və onun statusu rəsmi qaydada təsdiq edilmişdir. Bu səbəbdən o, iddianın verilməsinə görə dövlət rüsumundan azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2130 (iki min bir yüz otuz) manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1000/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1000/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver