Məhkəmə qərarları › İş №e-2(027)-1004/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1004/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1004/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.10.2019-cu il tarixli 01011147 nömrəli üzrə əsas borca görə 95 (doxsan beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 27.10.2019-cu il tarixli 01011081 nömrəli müqavilə üzrə əsas borca görə 567 (beş yüz altmış yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat məbləğində cərimə olmaqla, ümumilikdə 727 (yeddi yüz iyirmi yeddi) manat borcun və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 30 (otuz) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, “ABC TELECOM" MMC ilə Cavabdeh arasında bağlanmış 27.10.2019-cu il tarixli 01011081 və 01011147 nömrəli müqavilələrə əsasən sonuncu “Headphone Ergo” markalı 2 ədəd qulaqlıq, “Piko cover case for Hoffmann X-Ultra”, “Piko Glass for Hoffmann X-Ultra” markalı aksesuarlar və İMEİ kodu **********04007 “HOFFMANN X Ultra”, İMEİ kodu **********57599 “Samsung galaxy A10s” markalı 2 ədəd telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozması nəticəsində 27.10.2019-cu il tarixli 01011147 nömrəli müqaviləsinə əsasən, “Headphone Ergo” markalı 2 ədəd qulaqlıq, “Piko cover case for Hoffmann X-Ultra”, “Piko Glass for Hoffmann X-Ultra” markalı aksesuarlar üçün 95 (doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə olmaqla, ümumilikdə 104 (bir yüz dörd) manat olmaqla, 27.10.2019-cu il tarixli 01011081 nömrəli müqaviləsinə əsasən, İMEİ kodu **********04007 “HOFFMANN X Ultra”, İMEİ kodu **********57599 “Samsung galaxy A10s” markalı 2 ədəd telefon üçün 567 (beş yüz altmış yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56 (əlli altı) manat cərimə olmaqla, ümumilikdə 623 (altı yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 246 (iki yüz qırx altı) manat təşkil edir. Cavabdehlə “ABC TELECOM" MMC arasında bağlanılmış 27.10.2019-cu il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 03.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Quba rayonu, Bağbanlı kəndində qeydiyyatdadır; 27.10.2019-cu il tarixli 01011147 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 08 ay müddətinə hər ay 19 (on doqquz) manat ödəmək şərtilə ümumi dəyəri 152 (bir yüz əlli iki) manat olan “Headphone Ergo” markalı 02 ədəd qulaqlıq, “Piko cover case for Hoffmann X-Ultra”, “Piko Glass for Hoffmann X-Ultra” markalı aksesuarlar Cavabdeh satmışdır; 27.10.2019-cu il tarixli 01011081 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 12 ay müddətinə hər ay 63 (altmış üç) manat ödəmək şərtilə ümumi dəyəri 756 (yeddi yüz əlli altı) manat olan “HOFFMANN X Ultra”, İMEİ kodu **********57599 “Samsung galaxy A10s” markalı 2 ədəd telefonu Cavabdeh satmışdır; 14.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə 27.10.2019-cu il tarixli 01011147 nömrəli üzrə əsas borca görə 95 (doxsan beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 27.10.2019-cu il tarixli 01011081 nömrəli müqavilə üzrə əsas borca görə 567 (beş yüz altmış yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat cərimə hesablanmışdır; 03.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 15.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan 27.10.2019-cu il tarixli 01011147 nömrəli və 27.10.2019-cu il tarixli 01011081 nömrəli müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27.10.2019-cu il tarixli 01011147 nömrəli müqavilə üzrə əsas borca görə 95 (doxsan beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 104 (bir yüz dörd) manat, 27.10.2019-cu il tarixli 01011081 nömrəli müqavilə üzrə əsas borca görə 567 (beş yüz altmış yeddi) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat məbləğində cərimə olmaqla, cəmi 623 (altı yüz iyirmi üç) manat və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 30 (otuz) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar