Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1153/2022 23.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bank arasında bağlanmış 05.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 5124,42 manat kredit borcu, 603 manat məbləğində faiz borcu, 1122,25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6849,67 manat məbləğində borcun və 88,5 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 05.12.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsinə əsasən, aylıq dərəcəsi 1,75 % olmaqla, 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9300 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05.08.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O götürdüyü kredit borcundan 4175,58 manat ödəniş etmiş və onun iddiaçıya 5124,42 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd olunanlara əsasən bildirirlər ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 14.03.2022-ci il tarixə 219 gün üçün hesablanmış faiz borcu 603 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 14.03.2022-ci il tarixə 219 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1122,25 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh 28 aprel 2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, xidməti işi ilə bağlı 23.05.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddianın əsas və faiz borcu hissəsində qəbul etyini, cərimə məbləğinin ləğv edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilib yekun qərar qəbul edilməsini xahiş etmişdir. - İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, 011A********** nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, aylıq 1,75 faiz olmaqla, 9300 manat məbləğində kredit verilmişdir. 17.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.12.2019-cu il tarixli, 011A********** saylı kredit razılaşması üzrə 14.03.2022-ci il tarixə 5124,42 manat əsas, 603 manat faiz, 1122,25 manat cərimə olmaqla, cəmi borcu 6849,67 manat təşkil edir. -17.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırki iddianın qaldırılması ilə əlaqədar 88,5 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Bu baxımdan, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 05.12.2019-cu il tarixli krediti müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 5124,42 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1122,25 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 350 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 88,50 manat (səksən səkkiz manat, əlli qəpik) dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5124 (beş min bir yüz iyirmi dörd) manat, 42 (qırx iki) qəpik əsas, 603 (altı yüz üç) manat faiz, 350 (üç yüz əlli) manat cərimə olmaqla, cəmi 6077 (altı min yetmiş yeddi) manat, 42 (qırx iki) qəpik məbləğində pul və 88 (səksən səkkiz) manat, 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1153/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1153/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver