Məhkəmə qərarları › İş №e-2(027)-1204/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1204/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1204/2022 10.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 1757.19 manat, faiz borcu 52.02 manat məbləğin və ödənilmiş 38 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Əzizova Əsməgül Şıxvələd qızı arasında 26.09.2018-ci il tarixli 102MGTK9965689AA saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Əzizova Əsməgül Şıxvələd qızına 48 ay müddətinə, illik 29.84% olmaqla 2167 manat məbləğində kredit verilmişdir. 26.09.2018-ci il tarixli 102MGTK9965689AA saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu- 1705.17 manat, faiz borcu 52.02 manat, ümumilikdə 1757.19 manat məbləğində borc təşkil edir. 05.11.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Əzizova Əsməgül Şıxvələd qızının vərəsələri – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC-X1 Şıxvələd qızı arasında bağlanmış 26.09.2018-ci il tarixli 102MGTK9965689AA saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 29.84% olmaqla 2167 manat məbləğində kredit verilmişdir. X1 Şıxvələd qızı vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Əzizov Cavabdeh1 Əsməgül Şıxvələd qızının qanun üzrə vərəsələri müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Əzizova Əsməgül Şıxvələd qızının İddiaçı ASC-yə 28.02.2022-ci il tarixə olan borcu 1757.19 manat, faiz borcu 52.02 manat olmaqla cəmi 1809,21 manat təşkil edir. İş materiallarında olan Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin 14.02.2022-ci il tarixli məktubundan görünür ki, mərhumə Əzizova Əsməgül Şıxvələd qızının adına 05.11.2020-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 05.11.2020-ci il tarixli, 8V-543 saylı mirasın qəbuluna dair ərizəsinə, həmçinin Quba RİHB-nın Hacıhüseynli kənd İƏD tərəfindən verilmiş 14.10.2020-ci il tarixli, 959 saylı arayışına əsasən yuxarıda adları qeyd edilmiş şəxslər miras qoyanın qanun üzrə vərəsələri sırasına daxil edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 38,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 1306.1- ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtləki, əldə edilən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 Şıxvələd qızı kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Əzizova Əsməgül Şıxvələd qızı vəfat etdiyindən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mərhumun qanun üzrə vərəsələri təyin edildiyindən borc cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Əzizova Əsməgül Şıxvələd qızı vəfat etdiyindən borc onun vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Onlardan müştərək qaydada əsas borca görə 1757.19 manat, faiz borcuna görə 52.02 manat olmaqla pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə təmin olunsun. Əzizova Əsməgül Şıxvələd qızının vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 26.09.2018-ci il tarixli 102MGTK9965689AA saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1757.19 manat, faiz borcuna görə 52.02 manat olmaqla, cəmi 1809,21 manat məbləğində pul və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar