Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1226/2025 29.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi ilə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/017N01A00623721№-li Kredit müqaviləsi üzrə 3 482,48 manat məbləğində əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 252,23 manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 41,60 manat məbləğində penya, cəmi 3 776,31 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə 57.77 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/017N01A00623721 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 ay müddətinə, illik 8 % ödənilməsi şərtilə 11 500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə xx.xx.2024-cü il tarixdə bağlanmış 01 №-li Əlavə Sazişə əsasən Kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi artırılaraq 15 % müəyyən edilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə Cavabdeh Kreditor qarşısında gecikdirilmiş borcu 3 734,71 manat təşkil edir ki, bunun da 3 482,48 manat vaxtı keçmiş əsas borcdan, 252,23 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, cari tarixə bu məbləğ 41,60 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli QB-XO-2.12.2024-001 nömrəli Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq,cavabdeh tərəfindən borcun tam ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edərkən iddia tələbini qismən qəbul etmiş, faiz borcunun yüksək olduğunu qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Borcalan qismində Cavabdeh ilə bank qismində "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/017N01A00623721 saylı kredit müqaviləsinə əsasən bank 48 ay müddətinə, illik 08 faiz ödəmək şərtilə 11500 manat məbləğində krediti “borcalan” ın mülkiyyətinə verir və ona bank hesabı açır, “borcalan” isə həmin kreditdən məqsədili təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, DKM/017N01A00623721 saylı kredit müqaviləsinə edilmiş 1 saylı Əlavə əsasən kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, DKM/017N01A00623721 saylı kredit müqaviləsinə edilmiş 19 avqust 2024-cü il tarixli 1 saylı Əlavə Sazişə əsasən bu sazişin predmetini kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 15 % təyin olunması ilə bağlı edilmiş dəyişikliyin kredit müqaviləsində əks etdirilməsi təşkil edir. 1.2 Bu sazişin 1.1-ci bəndinə müvafiq olaraq kredit müqaviləsinin 8.3-cü bəndində 18% sözləri 15% sözləri ilə əvəz edilsin. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən həmin tarixə 3 618.34 manat məbləğində ümumi borcu yaranmışdır ki. bunun 2 982.64 manat kredit üzrə əsas borc məbləği, 499.84 manatını kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 37.28 AZN adi faiz borcu. 82.99 manatını isə vaxtı keçmiş faiz borcu. 9.35 manat vaxtı keçmiş əsas borca hesablanmış adi faizlər, 6.24 manatını isə vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizləri təşkil edir. Kredit müqaviləsinin 5.2 bəndinə müvafiq olaraq, tərəfinizdən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə cərimə faizləri hesablanır. Hazırkı xəbərdarlığın tarixinə hesablanmış cərimə faizləri 6.24 manat təşkil edir. Kredit müqaviləsi ilə nəzərdə tutulmuş kredit üzrə ödənişlərin aparılması qaydası və müddətlərinə dair öhdəliklərin borclu tərəfindən pozulması nəticəsində Bank Kredit müqaviləsinin 3.4.3-cü (yarım) bəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını ondan tələb edə və bu tələbin icrasım təmin etmək üçün iddia ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsilə bağlı 57,77 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, DKM/017N01A00623721 saylı 01 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 08% ödəmək şərtilə 11500 manat məbləğ kredit verilmiş, daha sonra faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı 19 avqust 2024-cü il tarixdə Əlavə saziş bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə iddiaçı bank qarşısında cavabdehin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin məzmunudan müəyyən olunur ki, sözügedən şəxsdən kredit müqaviləsi üzrə 3482.48 manat məbləğində əsas borcun, 129.62 manat məbləğində faiz borcunun (37.28 AZN adi faiz borcu. 82.99 manat vaxtı keçmiş faiz borcu, 9.35 manat vaxtı keçmiş əsas borcuna hesablanmış adi faiz) ödənilməsi tələb edilmişdir. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək həmin bildirişin göndərilməsi tarixini iddiaçının müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsinin qarşı tərəfə bildirilməsi olaraq qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, DKM/017N01A00623721 saylı kredit müqaviləsi üzrə 3482.48 manat əsas borc və 129.62 manat faiz borcu tutulmalıdır. İddiaçı eyni zamanda tələbində 41.60 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya verir. AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, cərimə məbləği 15 (on beş) manat məbləğində müəyyən edilməklə həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Odur ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Əlavə olaraq iddiaçı bank iddia ərizəsində xx.xx.2025-ci il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya məbləğinin ödənilməsi tələbi ilə çıxış edir və hüquqi əsas olaraq AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunması” na dair 09 iyul 2009-cu il tarixli qərarına istinad edir. İlkin olaraq qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarındakı göstərişləri rəhbər tutmaqla məhkəmə kredit müqaviləsi üzrə faiz borcunun məbləğini məhz cavabdehə bildiriş göndərildiyi tarixədək olan müddət üçün hesablanmış məbləğə münasibətdə təmin etmişdir. Əlavə olaraq iddiaçının iddia tələbinin sözügedən hissəsi qeyri-müəyyən xarakter daşıyır. Odur ki, məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 57.77 məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, DKM/017N01A00623721 saylı kredit müqaviləsi üzrə 3482.48 (üç min dörd yüz səksən iki manat qırx səkkiz qəpik) manat əsas borc, 129.62 (yüz iyirmi doqquz manat altmış iki qəpik) faiz borcu, 15 (on beş) manat cərimə borcu, olmaqla, cəmi 3627.1 (üç min altı yüz iyirmi yeddi manat on qəpik) manat və dövlət rüsumu üçün ödənilmiş 57.77 (əlli yeddi manat yetmiş yeddi qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-1226/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1226/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver