Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1254/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 800 (iyirmi min səkkiz yüz) manat əsas borcun və 1456 (min dörd yüz əlli altı) manat gecikməyə görə faiz borcunun və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 22 413 (iyirmi iki min dörd yüz on üç) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh 2021-ci il ərzində ondan ümumi dəyəri 51 000 (əlli bir min) manat olan meyvə-tərəvəz daşınması və saxlanılması məqsədilə hazırlanmış müxtəlif çeşiddə (ölçüdə) plastmas yeşik (səbət) alaraq həmin yeşikləri satıb pulunu qaytarmağı öhdəsinə götürüb. Cavabdeh yeşiklərin dəyərindən ona 30 200 (otuz min iki yüz) manat qaytarsa da, qalan 20 800 (iyirmi min səkkiz yüz) manat pulu 2021-ci ilin dekabr ayından bu günədək qaytarmaqdan imtina edib. Pulun qaytarılması cavabdehdən dəfələrlə şifahi və yazılı formada tələb edilməsinə baxmayaraq, cavabdeh qalıq 20 800 (iyirmi min səkkiz yüz) manat pulu bu günədək qaytarmayıb. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdehlə aralarında işgüzar münasibət olub. Bununla əlaqədar olaraq Cavabdeh qanunsuz hərəkətləri barədə şikayət ərizəsi ilə Quba rayon Polis Şöbəsinə müraciət edib. Cavabdeh Quba rayon Polis Şöbəsində verdiyi 07 mart 2022-ci il tarixli izahatında onun cavabdehə verdiyi 51 000 (əlli bir min) manatlıq əmlakı satılaraq 37 300 (otuz yedi min üç yüz) manatını ona qaytardığını, 13 700 (on üç min yeddi yüz) manat isə borcunun qaldığını, həmin məbləği də 2022-ci ilin iyul və avqust ayında qaytaracağını bildirib. Göründüyü kimi, Cavabdeh ondan dəyəri 51 000 manat olan əmlak aldığını etiraf edib. Lakin cavabdeh ona 30 200 (otuz min iki yüz) manat qaytardığı halda, izahatında 37 300 (otuz yeddi min üç yüz) manat pul qaytardığını bildirib. Cavabdeh onun etirafından kənar qalıq 7100 (yeddi min yüz) manat pulu ona qaytarmasına dair hər hansı sübut təqdim etməyib. Göründüyü kimi, cavabdeh ona 37 300 (otuz yedi min üç yüz) manat deyil, 30 200 (otuz min iki yüz) manat qaytarıb. Odur ki, cavabdehin ona 20 800 (iyirmi min səkkiz yüz) manat (51 000 azn-30 200 azn=20 800 azn) borcu var. Lakin cavabdeh ondan nisyə aldığı və yuxarıda qeyd edilən əmlakın dəyəri olan 20 800 manat pulu 2021-ci ilin dekabr ayından bu günədək qaytarmayıb. Bununla əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək pulun qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticə olmayıb. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilib. Lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina edib. Göstərilənlərə əsasən Cavabdeh 20 800 (iyirmi min səkkiz yüz) manat əsas borcun və 1456 (min dörd yüz əlli altı) manat gecikməyə görə faiz borcunun və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 22 413 (iyirmi iki min dörd yüz on üç) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə iclasında iddiaçı ərizəyə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir, həmçinin əlavə olaraq bildirmişdi ki, cavbdehin verdiyi izahatında guya aldığı mal keyfiyyətsiz olub, onu sata bilməyib və bu barədə dəfələrlə ona zəng edib, lakin cavabdeh izahatında bunu bildirsə də, o bu barədə heç vaxt ona zəng etməmiş, hətta ondan keyfiyyətsiz olan malın miqdarını soruşub ki, qalan malı gedib götürsün, lakin cavabdeh ona həmin mal əlavə yer tutuduğuna görə aşağı qiymətə satdığını deyib. Daha sonra güya o Polis şöbəsində izahat verərkən ondan 13700 manat ona borcu qaldığını etiraf etməsini, əgər etməzsə onunçün daha pis nəticələndiyini xahiş edib, o da bunun müqabilində borcu etiraf edib., lakin o bu barədə cavabdehdən heç bir şey xahiş eləməyib, cavbdeh özündən məntiqə uyğun olmayan fikir bildirib. Cavabdeh ilkin məhkəmə iclasında iddianı qismən qəbul edərək, verdiyi izahatında bildirmişdir ki, o cəmi iddaçıdan bir maşın təmiz mal alıb, qalan mal keyfiyyətsiz olub plastik yeşiklər olub, çöldə yığılıb qalan mal olub, bu barədə özünə də zəng vurub bildirib ki, mal çox keyfiyyətsizdir, həm də tozludur, yuya bilmir, bir daha ona mal göndərməsin. Buna baxmayaraq o təkrarən təxminən bir ay, ay yarım içərisində əlavə beş maşın da mal göndərib. Dəfələrlə ona zəng vurub ki, mal keyfiyyətsizdir, satılmır, gəlib qalan malı aparsın, o gəlib aparmayıb. Əlavə yer tutduğuna görə daxili bazarda 18-20 qəpiyə satıb. Bütün bunlara baxmayaraq onun iddiaçıya 13700 manat borcu qalıb, bunu polis şöbəsində iddiaçının xahişi ilə də etiraf edib və qısa zamanda borcunu ödəyəcəkdir. İddianı həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh Quba rayon Polis şöbəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatından görünür ki, o Valeh ilə plastmas yeşik alveri edib, Valeh ona 51 minlik yeşik verib, o da həmin yeşikləri sataraq ona pulunu ödəyib. X2 13700 manat borcu qalıb, iyul, avqust aylarında qalan borcunu ödəyəcəkdir. İş materialında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 269/23 saylı və xx.xx.2023-cü il tarixli, 318/23 saylı pretenziya məktularından göründüyü kimi, Cavabdeh 5 gün müddətində 20 800 manat pulu 1456 manat gecikməyə görə faiz borcunun, cəmi 22256 manat pulun ödənilməsi tələb edilib, əks təqdirdə məhkəmədə pul tələbinə dair iddia qaldırılacağı və məhkəmə xərclərinin də ondan tələb ediləcəyi barədə xabərdar olunub. İş materialında olan "xxxx" MMC –nin hesab fakturalarından məlum olur ki, İddiaçı müxtəlif tarixlərdə MMC-dən mal almışdır. İş materialında olan ödəniş qəbzlərindən, kart vasitəsilə ödənişlərdən məlum olur ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda, müxtəlif məbləğdə əməliyyatlar həyata keçirilib. İddiaçı iş materiallarına əlavə etdiyi dəfdərdə yazılı şəkildə Cavabdeh verilən 51 000 manatlıq malın dəyərindən ondan 30 200 (otuz min iki yüz) manat məbləğində pulun aldığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 157 (yüz əlli yeddi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı razılıq əldə edilmiş, aralarında etibarlı münasibət olmuş, lakin cavabdeh razlaşmanı pozaraq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia üzrə tələb olunan məbləğdən cavabdeh 13 700 manat isə borcunun qaldığını etiaf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İlkin məhkəmə iclasında cavabdeh iddaçıdan aldığı dəyəri 51 000 manat olan malın əksər hissəsinin tozlu olmaqla keyfiyyətsiz olduğunu, təkrar mal göndərməməsini tələb etdiyini, bu barədə iddiaçıya yazılı şəkildə irad bildirdiyini, buna baxmayaraq əlavə beş maşın da mal göndərdiyini, təkidlə malını aparmasını desə də, gəlib aparmadığını, yer tutduğuna görə daxili bazarda 18-20 qəpiyə satdığını, bu barədə yazışmaları təqdim edəcəyini bildirsə də, məhkəməyə deyilənlərlə bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə, iddiaçı uzun müddət ərzində cavabdehin malları göndərməsi barədə qeydləri məhhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nın 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə də, Cavabdeh 20 800 (iyirmi min səkkiz yüz) manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmədə həmçinin tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında ödənişlərin gecikdiriləcəyi halda, illik faiz məbləği ilə bağlı razılıq əldə olunmasına dair və həmin məbləğin hansı əsaslarla hesablanmasına dair sübut təqdim edilmədiyindən, iddia tələbi 1456 (min dörd yüz əlli altı) manat gecikməyə görə faiz borcu hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 157 (yüz əlli yeddi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 800 (iyirmi min səkkiz yüz) manat və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1254/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1254/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver