Məhkəmə qərarları › İş №e-2(027)-1259/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1259/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1259/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddiası üzrə mülki işə yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıQSC BOKT kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2222,39 manat əsas borcun, 27,02 manat faiz borcunun, cəmi 2249.41 manat borc və 42.49 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə ilə İddiaçıQSC BOKT – nın Xaçmaz filialı ilə Quba şəhər sakini Cavabdeh1 ilə 15 yanvar 2020-ci il tarixli 2226 saylı X3 Keçmiş Kredit Borcunun Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 əsas borcuna illik 1% hesablanmaqla, 2840,0 (iki min səkkiz yüz qırx) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh1 bağlanmış Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC BOKT-nın Xaçmaz filialı ilə fiziki şəxslər X1 və X2 arasında 15 yanvar 2020-ci il tarixli 1489 və 1490 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh güzəştli müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 12 mart 2020-ci il tarixli 2271 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Cavabdeh1İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2222,39 manat, faiz borcu 27,02 manat, cəmi borcu 2249,41 manat təşkil edir. Borclu Cavabdeh1 və zaminlər X1 və X2 ilə bağlanmış müqavilələlərdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli 2226 saylı X3 Keçmiş Kredit Borcunun Güzəştli Kredit Müqaviləsindən görünür ki, müqaviləyə əsasən Aqrarkredit» QSC BOKT Cavabdeh1 əsas borcuna illik 1% hesablanmaqla, 2840,0 (iki min səkkiz yüz qırx) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli 1489 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 15 yanvar 2020-ci il tarixli 2226 saylı X3 Keçmiş Kredit Borcunun Güzəştli Kredit Müqavilə üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli 1490 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh3 15 yanvar 2020-ci il tarixli 2226 saylı X3 Keçmiş Kredit Borcunun Güzəştli Kredit Müqavilə üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 15 yanvar 2020-ci il tarixli 2226 saylı X3 Keçmiş Kredit Borcunun Güzəştli Kredit Müqaviləsi üzrə Aqrarkredit» QSC BOKT-yə 2222,39 manat əsas borcun, 27,02 manat faiz borcunun, cəmi 2249,41 (iki min iki yüz qırx doqquz) manat 41 (qırx bir) qəpik məbləğində borcu yaranmışdır; İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 BOKT-a olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia üçün iddiaçı tərəfindən 42 (qırx iki) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə BOKT-a qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, iş materiallarından görünür ki, həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış edən digər cavabdehlər müqavilə üzrə borc öhdəliyinin vaxtında və lazımi qaydada icra olunmasına dair birgə məsuliyyət daşıması ilə bağlı öhdəlik götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbləri bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42 (qırx iki) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2222 (iki min iki yüz iyirmi iki) manat 39 (otuz doqquz) qəpik əsas borc, 27 (iyirmi yeddi) manat 02 (iki) qəpik faiz borcu, cəmi 2249 (iki min iki yüz qırx doqquz) manat 41 (qırx bir) qəpik və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat 49 (qırx doqquz) qəpik tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar