Məhkəmə qərarları › İş №e-2(027)-1274/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1274/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1274/2022 25.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı Cavabdeh qarşı “borcun qytarılması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.12.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 217 (iki yüz on yeddi) manat borc pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı idddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayonu Xudat şəhərində yerləşən “Smart Electronics” mağazasının sahibidir. Onun bir müdddət Qusar şəhərində də filalları fəaliyyət göstərib. Müştəri Cavabdeh 21.12.2020 ci il tarixdə mağazaya yaxınlaşaraq şəxsi istifadəsi üçün Mobil telefon “Samsung A115” modelini almışdır. Həmin tarixdə müştəri ilə 21.12.2020 ci il tarixli 001419 nömrəli alqı satqı müqaviləsi tərtib olunmuş, 445 manat dəyərində olan məhsulu 12 ay müddətinə 37 manat 10 qəpik ödəniş məbləği ilə almağa razılaşmış və müqaviləni imzalamışdır. Lakin bir neçə ay ödənişdən sonra müştəri müqavilədə nəzərdə tutlmuş öhdəliyi yerinə yetirməmişdir. Bu müddət ərzində cəmi 228 manat ödəniş etmişdir Nəticədə 21.12.2021 ci il tarixdə yekunlaşmalı məbləğ hələ də tam ödənilməmiş qalmaqdadır. Dəfələrlə müştəri ilə telefon əlaqəsi saxlanılmış, müştəridə yerdə qalan məbləği ödəyəcəyinə söz vermiş, lakin heç bir ödəniş etməmişdir. Hal-hazırda müştərinin 217 manat ödənilməmiş borcu qalmaqdadır və odur ki, İddiaçı Cavabdeh 217 (iki yüz on yeddi) manat borc pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Smart Electronics” mağazasının müdiri İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.12.2020 ci il tarixli 001419 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə, 37.10 manat ödəniş məbləği ilə cavabdehə 445 manat dəyərində “Samsung A115” mobil telefon satılmışdır. 06.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.12.2020 ci il tarixli 001419 nömrəli alqı-satqı müqaviləsi üzrə “Smart Electronics” mağazasının müdiri İddiaçı 217 (iki yüz on yeddi) manat məbləğində borcu vardır. Elektron iiddia ərizəsindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı 12 ay müddətinə, 37.10 manat ödəniş məbləği ilə cavabdehə 445 manat dəyərində,“Samsung A115” mobil telefon satıb. Cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf 217 (iki yüz on yeddi) manat məbləğində borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş və 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh 217 (iki yüz on yeddi) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar