Məhkəmə qərarları › İş №e-2(027)-1325/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1325/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1325/2025 05.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ X1 Aydın Vahid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2995,40 (iki min doqquz yüz doxsan beş manat qırx qəpik) manat sığorta ödənişi məbləğinin və 49,95 (qırx doqquz manat doxsan beş) manat dövlət rüsumunun, cəmi 3045,35 (üç min qırx beş manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21154” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21154” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Kia Sportage” markalı, 90GA851 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2995,40 (iki min doqquz yüz doxsan beş manat qırx qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Siyəzən RPŞ DYPBnin Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmin Qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21154” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2995,40 (iki min doqquz yüz doxsan beş manat qırx qəpik) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirir ki, Cəmiyyəti tərəfindən Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılaraq borcun ödənilməsi tələb edilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətimizə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sığorta aktından görünür ki, sığorta hadisəsinin xx.xx.2021-ci il tarixdə Siyəzən rayonu ərazisində baş verməsi, “Kia Sportage” markalı, 90GA851 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması, zərər vuran avtomobilin markasının “VAZ 21154” dövlət qeydiyyat nişanın 90UJ523 olması, “Kia Sportage” markalı, 90GA851 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 2995,40 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci,329.1-ci, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmişə 2995,40 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tairxli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 49,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 49 (qırx doqquz) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin olunsun. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 2995,40 (iki min doqquz yüz doxsan beş) manat 40 (qırx) qəpik pul vəsaiti və ödənilmiş 49 (qırx doqquz) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar